"Bu müddət ərzində xəstə qapalı şəraitdə saxlanmalı, onun başqaları ilə təması minimuma endirilməlidir"
"Qızılcanın səpkilərini bəzən həkimlər allergik reaksiyalarla səhv salır. Çünki səpkilər qaşınma ilə müşayiət olunur"
Azərbaycanda ötən ilin dekabr ayından indiyədək 150-dən çox insan qızılcaya yoluxub.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, 2018-ci ilin dekabr ayı və bu ilin yanvar ayında ölkə üzrə 106 nəfərin qızılcaya yoluxduğu təsdiqini tapıb. Fevral ayında isə yoluxmaların sayı 50-dən çox olub:
"Xəstələnmə səviyyəsi demək olar ki, eynidir, amma son günlərdə yoluxma sayında bir qədər azalma müşahidə edilir. Çünki ərazilərdə peyvənddən kənarda qalan uşaqların buna cəlb edilməsi işi daha da gücləndirilib, gücləndirilmiş qaydada əks-epidemik tədbirlər həyata keçirilib, xəstələrin izolyasiya edilməsi, müayinə və müalicəyə cəlb edilməsi vaxtında həyata keçirilib. Hazırda bu tədbirlər davam etdirilir”.
A.Əliyeva qeyd edib ki, qızılcaya yoluxanların əksəriyyəti vaxtilə peyvənd olunmayan 20-40 yaşlı şəxslərdir.
Mərkəz rəsmisi vurğulayıb ki, havanın temperaturu yüksəldikcə qızılcaya yoluxma halları daha da azalacaq: "Hazırda insanlar daha çox qapalı şəraitdə olurlar. Qızılcaya yoluxma zamanı isə havanın dəyişdirilməsi çox vacibdir. Payız-qış mövsümü üçün xarakterik olan qızılca xəstəliyi yay mövsümünə yaxın artıq qeydə alınmayacaq”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisi Azərbaycanda qızılcaya yoluxmanın gözləniləndən daha artıq müşahidə edildiyini açıqlayıb:
"Azərbaycanda gözləniləndən daha artıq xəstəlik halları müşahidə edilir. Bu hallar 2018-ci ilin sonundan artmağa başlayıb. Xəstəlik halları, əsasən vaxtı ilə peyvənd olunmamış 20-40 yaş qrupuna aid insanlar arasında baş verib".
Həkim-terapevt Şahvələd Məmmədov «Şərq»ə açıqlamasında uşaqların vaxtında peyvənd edilməsinin zəruri olduğunu dedi:
- Bəzən valideynlər uşaqlarını peyvənddən yayındırır. Lakin görürsünüz, illər sonra bunun fəsadları özünü göstərməyə başlayır. Düşünürəm ki, qızılca xəstəliyinə tutulmuş şəxslər arasında 20-40 yaşlıların daha çox olması keçid dövrü ilə bağlıdır. Adətən uşaqlar 1-6 yaş arası qızılcaya qarşı peyvənd edilir. Qarabağ münaqişəsi illərində bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımız müvəqqəti məskunlaşmaya məruz qaldılar. Daimi qeydiyyat olmadığından peyvəndləmə işləri də lazımi səviyyədə aparılmadı. Ona görə də indi qızılcaya yoluxanlar arasında 20-40 yaşlılar çoxluq təşkil edir. Bu, valideynlərə ibrət olmalıdır. Uşaqlar mütləq qızılcaya qarşı peyvənd edilməlidir. Uşaqlar qızılcanı, böyüklərə nisbətən yüngül keçirir. Uşaq orqanizmində immunitet möhkəm olduğundan xəstəliyə tez qalib gəlirlər. Yaşa dolduqca isə orqanizmin immuniteti zəiflədiyindən xəstəlikləri ağır keçirir, sağalma prosesinin müddəti uzanır.
Ş.Məmmədov qızılca virusunun formasını dəyişdiyini də bildirdi:
- Hazırda səpki elementləri və xəstəliyin gedişatı qızılca virusunun formasını dəyişdiyini ehtimal etməyə əsas verir. Qızılcanın səpkilərini bəzən həkimlər allergik reaksiyalarla səhv salır. Çünki səpkilər qaşınma ilə müşayiət olunur. Amma səpkilər artdıqca, bütün bədəni bürüdükcə artıq bunun sıradan allergiya deyil, qızılca olduğunu anlayırlar. Yəni indi bizim müşahidə etdiyimiz qızılca 1970-90-cı illərin tipik qızılcası deyil. Bu, qızılcanın atipik formasıdır. Viruslar formasını dəyişə bilir və görünür, qızılca virusu da ənənəvi formasını dəyişib. Xəstəliyin gedişatında, klinikasında dəyişiklik olub.
Həkim-terapevt qızılcanın karantin dövrünün 17-21 gün olduğunu dedi:
- Bu müddət ərzində xəstə qapalı şəraitdə saxlanmalı, onun başqaları ilə təması minimuma endirilməlidir. Qızılcanın mərhələləri var – qızdırma, səpki, səpkilərin qayıtma dövrü… Amma təhlükə sovuşmaq üzrədir, çünki qış ayları bitir artıq. Qızılcanın ən aktiv dövrü məhz qış aylarıdır. Yaz fəsli başlayırsa, havalar isinirsə, günəşin ultrabənövşəyi şüaları qızılca viruslarını məhv edir.
Məlahət Rzayeva