İstefa xəbəri İranı çalxaladı

Cavad Zərifi bir müddət sonra vəzifədən qovula da bilərHəsən Ruhaninin nazirin istefasını qəbul etməməsi böyük diplomatik qalmaqalın qarşısının alınması ilə nəticələndi
İranın son 9 illik diplomatiya tarixində xarici işlər nazirinə qarşı hörmətsizlik edilməsi ilk hadisə deyil
Məlum olduğu kimi, fevralın 25-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif istefa verib. Nazir istefasına səbəb kimi Suriyadakı hakimiyyətin başçısı Bəşşar Əsədin İrana səfərindən rəhbərlik etdiyi qurumun xəbərsiz olmasını göstərib. Lakin İran Prezidenti Həsən Ruhani onun istefasını qəbul etməyib. M.Cavad İran mediasına müsahibəsində Xarici İşlər Nazirliyinin etibarını və nüfuzunu qorumaq məqsədilə istefa verdiyini açıqlayıb:
 "Nazir olaraq, milli maraqlar və ölkə iqtidarı üçün xarici siyasət idarəsinin funksiyasının nəzərə alınmamasına təzyiq etməli idim”. Onun sözlərinə görə, İranda partiyalar və siyasi qruplar arasında mübarizə xarici siyasətin formalaşdırılmasında "ölümcül zəhər”dir: "Əvvəlcə xarici siyasətimizi partiya və siyasi qruplar arasında mübarizənin predmeti olmasından çıxarmalıyıq”. Nazir Qərb dövlətləri ilə danışıqlara işarə edərək hakimiyyətdaxili mühafizəkar xəttin nümayəndələri tərəfindən təzyiqlərə məruz qaldığını vurğulayıb. Xatırladaq ki, 2015-ci ildə İranla "altılıq” arasında əldə edilən Əhatəli Razılaşma sənədinə görə Həsən Ruhani və Məhəmməd Cavad Zərif tənqid edilib. Ötən il ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaları yenidən tətbiq etməyə başlayandan sonra bu istiqamətdə onlar daha çox təzyiq və tənqidlərə məruz qalıblar. Bu arada İsrail baş naziri Binyamin Netanyahu İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin istefasına münasibət bildirib. O, bu barədə özünün Tvitter hesabında yazıb: "İsrail hökuməti İranın kütləvi qırğın silahları əldə etməsinə heç vaxt imkan verməyəcək. Zərif getdi, onun əlindən canımız qurtardı. Nə qədər ki, burada mən varam, İran rejimi nüvə silahına yiyələnə bilməyəcək”.
Cənub qonşumuzda baş verən prosesləri "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan bildirib ki, İranın nüvə proqramı "çoxlu su apardığı” kimi, hakimiyyət üçün də çoxsaylı problemlər yaradıb. 
Son hadisələr isə deməyə əsas verir ki, İran İslam Respublikasının yuxarı eşalonunda ölkənin nüvə proqramına, ABŞ başda olmaqla Qərblə əməkdaşlığa münasibət birmənalı deyil. Ona görə də hökumətdə təmsil olunan, yaxud atom texnologiyası sahəsi ilə məşğul olan neçə-neçə məmur, alim, mütəxəssis ya naməlum səbəbdən öldürülüb, ya İrandan qaçıb, ya istefa verib, ya da tutduğu vəzifədən azad edilib: "Əslində, məsələnin pərdəarxası məqamlarının olduğu istisna edilmir. İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki "Qüds” qanadının komandanı, "qara bahadur” general Qasım Süleymani ilə Məhəmməd Cavad Zərif arasında "səlahiyyət məsələsi ilə bağlı böhran” yaşandığı iddia edilir. General ayətullah Seyid Əli Xaməneinin birbaşa tabeliyində olan adamdır. O, İranın Yaxın və Orta Şərq, o cümlədən Suriya, İraq və Livanda yürütdüyü siyasəti icra edir. Qasım Süleymaninin bu istiqamətdə fəaliyyətində səlahiyyət həddini aşması isə İran Xarici İşlər Nazirliyinin xoşuna gəlmir. Bu baxımdan, nazirlə general səlahiyyət savaşı da aparır. Belə ehtimal etmək olar ki, Bəşşar Əsədin İrana səfərini, onun Xamənei və Həsən Ruhani ilə görüşlərini generalın təşkil etməsi Zərifi qıcıqlandırıb. O, bu görüşün ondan xəbərsiz həyata keçirilməsinə etiraz olaraq istefa ərizəsini yazıb. Bunu İran rəhbərliyinin Zərifə və Nazirliyə etimadsızlığı kimi də qəbul etmək olar. Görünür, hakimiyyət Bəşşar Əsədin səfəri ilə bağlı xaricə məlumatın sızmasından ehtiyat etdiyi üçün Nazirliyi məlumatlandırmayıb. Çünki Bəşşar Əsədin varlığı, Suriyada oturması İranın bu ölkə və bölgədə fəallığının böyük bir hissəsi deməkdir. Bəşşarın Tehrana səfərinə Məhəmməd Cavad Zərif deyil, Qasım Süleymani qatılıb. Başqa bir ehtimala görə, nazir Qərblə İran arasında "əlaqə kanalı” olaraq tanınır. Bu isə mühafizəkarların xoşuna gəlmir. Onlar Zərifi Qərblə "mülayim” davranmaqda ittiham edirlər. Onun istefasından sonra İranın xarici ölkələrdəki bəzi səfirlərinin də oxşar addım atacaqları deyilirdi”.
Siyasi şərhçinin sözlərinə görə, Həsən Ruhaninin nazirin istefasını qəbul etməməsi böyük diplomatik qalmaqalın qarşısının alınması ilə nəticələndi: 
"Ümumiyyətlə, Zərif-Süleymani qarşıdurması hakimiyyətdaxili xətlərin mübarizəsi, hakimiyyət bölgüsündəki problemlər, prezidentin başçılıq etdiyi Nazirlər Kabinetinin səlahiyyətsizliyi və başqa bu kimi iqtidar problemi, xarici siyasətdəki çatların görüntüləridir. Bu kimi çatışmazlığı ört-basdır etmək üçün XİN başçısının istefası qəbul edilməyib. Ancaq bu, onun tutduğu vəzifədə daha çox qalacağı demək deyil. Ola bilsin, hakimiyyət bu hadisələrdən bir müddət sonra Məhəmməd Cavad Zərifi tutduğu vəzifədən azad etsin. Hətta ona gələcəkdə cinayət işinin açıla bilməsi ehtimalı az deyil. Tarixi hadisələr sübut edir ki, İran hakimiyyəti istəsə bundan ötrü səbəb tapa bilər”.
Analitik bildirib ki, İranın son 9 illik diplomatiya tarixində xarici işlər nazirinə qarşı hörmətsizlik edilməsi ilk hadisə deyil: "2010-cu ilin sonunda Mənuçehr Müttəki Seneqalda ezamiyyətdə olarkən tutduğu vəzifədən azad edilmişdi. Onda keçmiş nazir bu hadisəni belə dəyərləndirmişdi: 
"Xarici səfərdə ola-ola istefaya göndərilməyim siyasi və diplomatik etiketlərə zidd, təhqiramiz bir addımdır. İşdən çıxarıldığımı danışıqlar apararkən Seneqal rəsmilərindən eşitmişəm. Prezident mənim səfərimin dörd gün çəkəcəyini, azı, iki ölkədə görüş keçirəcəyimi əvvəlcədən bilirdi. Bu qeyri-etik hərəkətləri dayandırın. Bu davranış tərzi nə sistemimizə başucalığı gətirir, nə də onun rəhbərlərinə, nə də əziz İran xalqının mədəniyyətinə uyğundur”. Müttəkinin baş müşavirinin başına da oxşar oyun açıldı. O zaman belə bir sual yaranır - İranda Nazirlər Kabinetinə ehtiyac varmı? İranı kim idarə edir: rəhbərliyə başçılıq edən Xamənei, inqilab keşikçiləri, yoxsa Həsən Ruhaninin Nazirlər Kabineti? Bu problem İslam Respublikasında iki, hətta üçhakimiyyətliliyin olduğunu iddia etməyə əsas verir. Bu ölkədə islahat iddiasında olanlar ilk növbədə hakimiyyət bölgüsünə yenidən baxmazsa, perspektivdə İrana beynəlxalq aləmdə etimad olmayacaq. Nazirin istefası, ərizəsinin qəbul edilməməsi İran hakimiyyətindəki gərginlik və problemləri bir daha aşkarladı. Tehranla Qərbin anlaşa bilməməsi səbəblərindən vacibi elə ölkəni idarə edənlər arasında səlahiyyət bölgüsü problemidir”.
İsmayıl