İki ölkənin də atom bombası var

Pakistan-Hindistan qarşıdurması çox çəkməyəcək
Pakistanla Hindistan arasında münaqişə böyüməkdədir. Neçə gündür tərəflər arasında Kəşmirdə silahlı toqquşmalar baş verir. Verilən məlumatlara görə, Pakistan Hindistanın iki hərbi təyyarəsini vurub. Mülki və hərbi şəxslər tərəfindən tələfatlar olduğu bildirilir. Hələlik dünya mediası bu münaqişə haqqında o qədər də məlumat vermək həvəsində deyil. Buna rəğmən Pakistan-Hindistan sərhəddindən narahatedici xəbərlər yayılmaqdadır.
İki ölkə arasındakı qarşıdurmanı "Şərq”ə şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Fələstin kimi Hindistan yarımadasının da Pakistan və Hindistana bölünməsi bir ingilis senarisidir. 
Ekspertin sözlərinə görə, ingilislər "parçala, hökm sür” siyasətinin ən mahir ustadlarıdır: "Osmanlı dövlətinin süqutundan sonra protestant-yəhudi alyansı müsəlman çoğrafiyasında Fələstin, Kəşmir, Qarabağ, Kürdüstan kimi münaqişə ocaqlarını qurub xalqlara, dövlətlərə istədiyi yönü verirlər. Hindistanı əsrlərdir türk-müsəlman imperiyaları idarə edib. Dehli sultanlığı, Böyük Moğollar və s. birbaşa türklər tərəfindən idarə olunub. İngilislər Hindistanı iki əsrlik zamanda əsarətdə saxlayıblar və bilərəkdən Hindistan yarımadasını iki yerə bölüblər. Kiçik hissəsini müsəlmanlara, böyük hissəsini isə induslara "hədiyyə” ediblər. Bununla da regionda yarım əsrdən çox davam edən münaqişəyə rəvac veriblər. Əslində kiçik Pakistan dövlətini qurmaq planı müsəlmanları böyük Hindistan iddiasından məhrum etmək idi. Bundan əlavə müsəlmanların çoxluq təşkil etdiyi Kəşmir də induslara verildi. Nəticədə Pakistan-Hindistan müharibələri başladı. Bu müharibələrdə Pakistan Kəşmirin yarısını Hindistandan ala bildi və indiyə qədər Kəşmir üstündə qanlı toqquşmalar davam edir”.
Ekspertin fikrincə, növbəti Pakistan-Hindistan qarşıdurması çox çəkməyəcək: "Artıq iki ölkə nüvə derjavasıdır. Onlara elə-belə atom bombası verməyiblər ki, bir-biri ilə müharibə etsin. Vəziyyət sakitləşəcək, amma münaqişə ocağı qalacaq. İstənilən halda Pakistan-Hindistan qarşıdurmasında Azərbaycan həmişə dost-qardaş Pakistanın yanında olmalıdır. Pakistan, Türkiyə və Rumıniya ilə bərabər Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 dövlətlərdəndir. Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı ilə bərabər Qarabağın işğalına görə Ermənistanla hələ də diplomatik münasibət qurmayan 3 ölkədən biridir. Ona görə də Pakistan qarşısında Azərbaycanın mənəvi borcu var”.
İsmayıl