Gürcüstan üçün Azərbaycanla strateji tərəfdaşlığın davam etdirilməsi mühüm prioritetdir

"Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana səfəri iki dost və qonşu ölkələr arasında münasibətlərin bundan sonra da dinamik şəkildə inkişaf edəcəyini göstərdi”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, əslində iki ölkə arasında olan münasibətlər strateji xarakter daşıyır və hər iki xalqın milli maraqlarına söykənir: 
"Biz elə bir mürəkkəb regionda və elə bir coğrafi konfiqurasiyada yerləşirik ki, münasibətləri daima yaxşı saxlamağa sadəcə məhkumuq. Ona görə də Gürcüstanda keçirilən seckilərdən sonra Gürcütan-Azərbaycan münasibətlərində nəyinsə məqbul olmayan istiqamətdə dəyişə biləcəyini ehtimal edənlər öz proqnozlarında yanıldılar. Salome Zurabişvili kifayət qədər təcrübəli siyasətçidir. O Avropa siyasi mətbəxindən xəbərdardır. Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışdığı illərdə regional siyasətlə də dərindən tanış olmaq imkanları qazanıb. Ancaq bu da bir həqiqətdir ki, ona öz siyasi sələflərindən heç də yaxşı miras qalmayıb. Gürcüstanın ərazi bütövlüyü pozulub, regionun ən böyük dövləti ilə münasibətlər olduqca gərgindir və ölkə daxilində hələ də seperatçılıq əhval-ruhiyyəsində olan ermənilər var. İqtisadi resurslar da olduqca məhduddur və heç də o qədər perspektivli sayıla bilməz. Ona görə də bu şərtlərin mövcud olduğu reallıqda Azərbaycanla strateji tərəfdaşlığın davam etdirilməsi mühüm prioritetdir və əsilində xanım Prezidenti Azərbaycana gətirən səbəbləri də burada axtarmaq lazımdır. S.Zurabişvili də diqqəti məhz bu məsələlərə çəkərək, hər iki xalqın iyirminci əsrin sonunda yaşamağa məcbur edildiyi və hər iki ölkənin ərazi bütövlüyünün pozulması ilə nəticələnən müharibəni xalqarımızın ortaq faciəsi kimi xatırlatdı. Ancaq hzırki mərhələdə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməklə bağlı yaxşı perespektivlr yarada bildiyini də etiraf edərək bildirdi”.
Parlament üzvünün sözlərinə görə, göründüyü kimi, Azərbaycanın ərazi bütövlüyü istiqamətində əldə edə biləcəyi hər hansı bir naliyyət Gürcüstan üçün də yaxşı president yarada biləcək: 
"Elə bu kontekstdə də digər iqtisadi və kommunikasiya layihələri məsələsində də Azərbaycanın uğurları daima Gürcüstana strateji faydalar gətirib. Əlbəttə, bunu gözardı etmək mümkün deyil. S.Zurabişvili də məhz Azərbaycanın müəllifi olduğu bütün layihələri sadalayaraq onları həm də Gürcüstanın uğurları kimi təqdim etdi. Hazırda enerji və nəqliyyat layihələri, Azərbaycanın yaratdığı perespektivli investisiya mühiti və ölkəmizin Gürcüstanda həm də birbaşa investor kimi çıxış etməsi bü münasibətləri daha da inkişaf etdirməyi zəruri edir. Bundan sonra da iki ölkə arasında bütün sahələrdə strateji tərəfdaşlıq əlaqələri davam edəcək”.
İsmayıl