Sumqayıt hadisələrini ermənilərin özləri törədib - Bu təxribatı Moskvadakı erməni mərkəzləri təşkil edib

Məhərrəm Zülfüqarlı: "Hadisənin planlı təxribat olduğunu faktlarla sübut edə bilərik"
Ermənilərin Xocalıda törətdiyi soyqırımdan 27 il ötdü. Azərbaycan dövləti erməni vəhşiliyini dünyada tanıtmaq üçün, Xocalı soyqırımı ilə bağlı bir çox ölkələrdə, xüsusən də Avropa dövlətlərində tədbirlər keçirdi. Təbii ki, bu tədbirlərə qarşı hər zaman olduğu kimi, bu dəfə də ermənilər 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələri önə çəkirlər. Guya ki, azərbaycanlılar Sumqayıtda erməniləri "soyqırım”a məruz qoyublar. Amma faktlarla, sənədlərlə məlumdur ki, Sumqayıtda ermənilərin qətlə yetirilməsi də hər zaman yalanları ilə, saxtakarlıqları ilə seçilən ermənilərin özlərinin hazırladığı mənfur təxribatdan biri idi.

Erməni mərkəzlərinin planlı təxribatı və icraçı Qriqoryan…

Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərin təxribatçı qrupları xüsusi rol oynayıb. "Sumqayıt qırğınları” proqramının icraçılarından ən fəalı 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan idi. Hansı ki, öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür. "Sumqayıt qırğınları”nın fəal təşkilatçılarından olan erməni Ohanyanın, Samoylov və Pavlovskinin adları isə uzun müddət mətbuatdan gizli saxlanılıb.
Hadisə ilə bağlı istintaq materiallarında da qeyd edilir ki, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. Bu hadisələr də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi senarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni – iki dəfə məhkum olunmuş Eduard Qriqoryan olub. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib. Amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Qriqoryan olduğunu sübut edir.

Sumqayıtda baş verənlərlə bağlı etiraflar…

Sumqayıtda baş verən bu təxribat zamanı yüzlərlə azərbaycanlı ailəsinin öz həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas etmələri haqqında mətbuatda çox yazılıb.
Sonralar Ermənistanın prezidenti olmuş Levon Ter-Petrosyan öz müsahibələrinin birində demişdi: "Sumqayıt hadisələrindən sonra Azərbaycan xalqı şok vəziyyətinə düşmüşdü. Əgər ölkə rəhbərliyi bu məqamdan istifadə edib Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında qərar çıxarsaydı, Azərbaycan xalqı buna etiraz etməyəcəkdi”.
Bu sözlər aydın sübut edir ki, Sumqayıt faciəsi ermənilərə öz separatçılıq aksiyalarını həyata keçirməkdən ötrü lazım imiş.
Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunub. Daha bir etiraf isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ovaxtkı sədri Kryuçkovun dedikləridir: "Bu hadisələr Moskva tərəfindən törədilmişdi, erməni mərkəzlərinin işi idi”.

"Qriqoryan ermənilərin mənzilinə daxil olurdu, müqavimət göstərənləri öldürürdü”

Hadisədən zərər çəkmiş Sumqayıt sakini olan erməni Meclumyan zərərçəkmiş qismində bildirib ki, Qriqoryan onun mənzilinə girib: 
"Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi. Bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı. O, məni yerə yıxaraq, istədiyini etməyə başladı”.
Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirib ki, Qriqoryan tərəfindən təşkilatlanmış dəstə Emma adlı erməni qadının evinə soxulub: "Dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi. Sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”.
İstintaq materiallarının başqa bir yerində göstərilir ki, Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda Petrosyanın mənzilinə daxil olub, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salıb, daha sonra öldürüb”.
Hadisələrin istintaq materiallarında Qriqoryanın törətdiyi bu cür iyrənc əməllərlə bağlı yüzlərlə şahid ifadələri mövcuddur. Bütün ifadələr də Sumqayıtda baş verənlərin erməni mərkəzlərinin təxribatı olduğunu təsdiqləyir. Yəni bu hadisələr azərbaycanlılar tərəfindən yox, məkrli plan qurmuş erməni mərkəzlərinin özləri tərəfindən həyata keçirilib.

Erməniləri "fakt” qarşısında qoymağa çalışdılar ki, düşmənçilik alovlansın...

Tarixçi-alim Məhərrəm Zülfüqarlı "Şərq”ə müsahibəsində Sumqayıt hadisələri ilə bağlı ermənilərin uydurmalarına qarşı layiqli cavab verməyin tərəfdarıdır.
Zülfüqarlı qeyd edir ki, Sumqayıtda baş verənlər ermənilərin Azərbaycana və Azərbaycan xalqına qarşı təxribatı idi. Məqsəd də hadisələri daha da gərginləşdirmək, azərbaycanlılarla ermənilər arasında düşmənçiliyi şiddətləndirmək məqsədi daşıyırdı. O dövrdə bir çox erməni vardı ki, azərbaycanlılarla münasibətləri korlamaq istəmirdilər, təxribatçı soydaşlarının uydurduğu məsələlərə fikir vermirdilər, onların ideyasını dəstəkləmirdilər. Həmin təxribatçılar gördülər ki, Sumqayıt erməniləri bunların ideyasının həyata keçməsinə imkan vermirlər, düşmənçiliyin yaranmasında maraqlı deyillər. Ona görə də, bu cür təxribat xarakterli qətlləri törətməklə məqsədlərini həyata keçirməyə çalışdılar. Bununla Azərbaycanda yaşayan erməniləri "fakt” qarşısında qoymağa çalışdılar ki, düşmənçilik alovlansın...
- Yəni qətlləri ermənilərin özləri planlaşdırıb, həyata keçirdilər ki, nifaq yaransın...
- Bəli, bu faktdır. Konkret olaraq Sumqayıt hadisələrini erməni mərkəzlərinin törətdiyini sübut edən faktlar var. Məsələn, hadisədən qısa zaman əvvəl Sumqayıt polisinin silahı əlindən alınmışdı. Yəni Sumqayıtda hadisələri planlaşdıran mərkəzlərin əli ilə, Moskvadakı qüvvələrin göstərişi ilə polisin silahı yığışdırılmışdı. İkinci bir fakt, hadisələrdən üç gün əvvəl varlı ermənilər əmanət banklarındakı pullarını çıxararaq şəhəri tərk etmişdilər. Həmin varlı ermənilər bilirdilər ki, belə hadisələr baş verəcək. Bundan başqa, Moskvadan erməni mərkəzlərinin göndərdiyi çəkiliş qrupları qabaqcadan Sumqayıta yerləşdirilmişdi. Məqsəd də baş verəcək hadisələri çəkmək idi. Eyni zamanda Sumqayıtda öldürüləcək ermənilər əvvəlcədən müəyyənləşdirilmişdi, onlar üçün abidə də hazırlanmışdı. Qarabağ hadisələri baş verən zaman, o abidə Xankəndində qoyuldu. Bütün bu faktlar sübut edir ki, hadisələr planlı şəkildə hazırlanmış təxribat idi.
- Sumqayıtda öldürülən erməniləri hansı kriteriya ilə müəyyənləşdiriblər?
- Orda ermənilərin özlərinin öldürdükləri soydaşları, Moskvadakı erməni mərkəzlərinə pul köçürməyən, azərbaycanlılarla düşmənçiliyin yaranmasını arzulamayan ermənilər idi. Onlar nifaqın yaranmasına maraqlı olmayan erməniləri siyahıya almışdılar, ünvanlarını müəyyənləşdirmişdilər. Hadisə baş verəndə də, ilk öldürməyə gəldikləri ermənilər məhz düşmənçilik istəməyən ermənilər idi. Təsəvvür edin, binanın birinci mərtəbəsində yaşayan erməni ailəsinə toxunmayaraq, çıxıb 2-ci və ya 5-ci mərtəbədəki erməniləri qətlə yetirmişdilər.
- Təxribatdan əvvəl Sumqayıta kənar adamlar yerləşdirildiyi məlumatları da var...
- Tamamilə doğrudur. Hadisələrdən əvvəl Sumqayıtda heç kimin tanımadığı insanlar peyda olmuşdular. Bu adamlar millətlərarası nifaq səpməyə çalışanlar idi ki, müxtəlif şayiələr yayırdılar. Bu hadisələrin canlı şahidləri də var, tədqiqatını aparanlar da var. Həqiqətlərlə bağlı kifayət qədər materiallar var ki, bunu törədən ermənilər idilər. Amma bunlar dünyada hər şeyi saxtalaşdıraraq təqdim etdikləri kimi, Sumqayıt hadisələrini də saxtalaşdırırlar. Bunu da ermənilərin "soyqırımı” kimi təqdim etməkdədirlər. Biz isə boş dayanmamalıyıq, layiqli cavabını verməliyik.
- Hansı formada?
- Bununla bağlı qeyd etdiyim kimi, çoxlu sübutlar var. Hadisənin planlı təxribat olduğunu faktlarla sübut edə bilərik. Həmçinin hadisənin təşkilatçısının erməni millətindən olan Eduard Qriqoryan adlı şəxs olduğu aydındır. Sonradan ona cinayət işi qaldırıldı. Rusiyaya apardılar, çox yüngül bir cəza verildi, az müddətdə həbsdə yatdıqdan sonra azad etdilər. Bu da daha bir faktdır ki, hadisəni hazırlayan Moskvadakı erməni mərkəzləri, təşkilatçılarından da biri Sumqayıtda yaşayan erməni əsilli Qriqoryan idi ki, özünə "Paşa” ləqəbi götürmüşdü. İndi biz bu qədər faktları, həqiqətləri yaymaqda çətinlik çəkirik. Bir məsəl var ki, "arxalı köpək qurd basar”. Xristian dünyası erməniləri zaman-zaman müdafiə edirlər, onların yalanlarına inanırlar, onların yalanlarının yalan olduğunu bilsələr də, doğru kimi qəbul edirlər. Biz çalışmalıyıq ki, Azərbaycanın mövqeyini müdafiə edən, Azərbaycanın haqqını, həqiqətini qəbul edən əcnəbilərə dəstək verək. Onlar da yeri gəldikdə həqiqətlərimizi dilə gətirsinlər, mətbuatda çıxış etsinlər, tədbirlərdə fikirlərini səsləndirsinlər.
- Əcnəbilər içərisində, xüsusən də Rusiyada Sumqayıt hadisələrinin şahidi olan, həqiqəti etiraf edəcək insanlar varmı?
- Təbii ki, olmamış deyil. Sadəcə düşünürəm ki, bununla Diaspora Komitəsi məşğul olmalıdır. Komitə bu insanlarla təmas quraraq materialları onlara göndərə, təqdim edə bilər. Bununla yanaşı hər bir vətəndaş burda öz mövqeyini nümayiş etdirərək, əlindən gələni etməlidir ki, dünyada haqq səsimiz yayılsın.
Anar Bayramoğlu