Baş redaktor: "Prezidentin qarşıya qoyduğu ən böyük hədəflərdən biri vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşmasıdır"



Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən əmək pensiyalarının minimum məbləği 2019-cu il 1 mart tarixindən etibarən 160 manat olacaq.

Sərəncamla bağlı "Sherg.az” a danışan "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə minimum əmək pensiyalarının artırılmasının təqdirəlayiq olduğunu deyib.

Baş redaktorun sözlərinə görə, son zamanlar vətəndaşlarımızın sosial rifahının yaxşılaması istiqamətində mühüm addımlar atılır: 

"Prezident sosial müavinətlərin artırılması ilə bağlı kifayət qədər sərəncamlar imzalayır. İstər müharibə veteranları, Qarabağ əlilləri, şəhid ailələri, istərsə də tələbələr və digər sıravi vətəndaşların rahat yaşaması üçün müvafiq göstərişlər verilir. Prezidentin minimum əmək haqlarının artırılması ilə bağlı imzaladığı sərəncam dövlətin sosial siyasətinin uğurlu nəticələridir. Bu siyasət Azərbaycan vətəndaşının yaxşı yaşamasına yönəlib. Cənab prezidentin qarşıya qoyduğu ən böyük hədəflərdən biri də məhz vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşmasıdır.

 Ümumiyyətlə, görülən bütün işlər vətəndaşlara xidmət göstərir. Hesab edirəm ki, belə sərəncamların davamlı və sistemli şəkildə imzalanması Azərbaycan insanına verilən ən böyük dəyərin göstəricisidir”.

Yeganə Bayramova