ATƏT-in Minsk Qrupunun həmsədrləri 1 mart tarixli bəyanatlarında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın yaxın zamanda görüşmək qərarını alqışlayırlar.
"Qafqazinfo”nun məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı yaydığı bəyanatında deyilir.
Həmsədrlərin bəyanatında həmçinin qeyd edilir ki, onlar iki lider arasında həmsədrlərin təşkilatçılığı ilə keçiriləcək ilk birbaşa görüş üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə hazırlıqlar aparırlar.
Həmsədrlər, eyni zamanda son aylar cəbhə xəttində qurbanların olmamasını müsbət qiymətləndirdiklərini vurğulayırlar, regionda əhalinin sülhə hazırlanması yolunda atılan ilkin addımları alqışlayır və tərəfləri səyləri gücləndirməyə çağırırlar.
Həmçinin həmsədrlər gərginliyin və təxribatçı nitqlərinin azaldılmasının önəmini təkrar vurğulayıblar.
Bəyanatda tərəflər mövcud vəziyyətdə dəyişiklik yarada biləcək açıqlamalardan və hərəkətlərdən, gələcək danışıqlar üçün şərtlər irəli sürməkdən və digər tərəfin razılığı olmadan formata dəyişikliklər tələb etməkdən və aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səslənib.
Həmsədrlər münaqişənin ədalətli və davamlı həllinin Helsinki Yekun Aktının əsas prinsipləri olduğunu bir daha qeyd edərək vurğulayıblar ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir. Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək.
Həmsədrlər danışıqları yeniləmək üçün Ermənistan və Azərbaycan liderləri və xarici işlər nazirləri ilə hər an görüşə biləcəklərinə hazır olduqlarını qeyd ediblər. Rəsmi Bakı və İrəvan arasında həmsədrlərin himayəsi altında keçirilən davamlı və birbaşa dialoq etimadın qurulmasında və sülh prosesinin irəliləməsində zəruri element olaraq qalır.
Həmsədrlər həmçinin münaqişə tərəflərinin fikirlərini və narahatlığını nəzərə alaraq, onlarla lazımi məsələləri müzakirə etməyə davam edəcəklər.
Bəyanatı şərh edən millət vəkili Elman Məmmədov "Sherg.az”a söyləyib ki, Minsk qrupu bu bəyanatla işğalçı Ermənistana mesaj verir. Bildirir ki, danışıqların formatı dəyişilməməlidir və danışıqlar Azərbaycan və Ermənistan arasında aparılmalıdır.Millət vəkilinin sözlərinə görə, həmsədrlərin bu cür bəyanat səsləndirməsi Prezident İlham Əliyevin Ermənistan -Azərbaycan münaqişəsinin həllində prinsipial və qəti mövqeyinin təntənəsidir: "
"Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tələb edir. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır.
Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bir çox beynəlxalq təşkilatlar münaqişənin məhz beynəlxalq hüquq normaları, o cümlədən ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini bəyan ediblər.
İşğalçı Ermənistan bu zamana qədər bütün çağırışlara qeyri-konstruktiv reaksiya verib, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə məhəl qoymayıb. Şübhəsiz ki, Nikol Paşinyan da bu reallıqları yaxşı bilir. Belə olan halda, əgər o, həqiqətən də sülh istəyirsə, ilk növbədə Ermənistanın işğalçı siyasətə və təcavüzkar iddialara son qoymalı olduğunu dərk etməlidir”.
Ayyət Əhməd