İnciqulyanın Ermənistana qayıtmasında qaranlıq məqamlar var

Ola bilər ki, erməni əsir Rusiyaya veriləndən sonra ona təzyiqlər edilib



Azərbaycanda əsirlikdə olan və istəyi ilə üçüncü dövlətə təhvil verilən Ermənistan ordusunun əsgəri Akop İnciqulyan öz ölkəsinə qayıdıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan məlumat verib. Nazirlik rəsmisi İnciqulyanın evinin yaxınlığındakı hərbi hissədə xidmət keçdiyini bildirib.

Məsələyə münasibət bildirən ekspert Azər Allahverənov deyib ki, əgər məlumatı ermənilərin dezinformasiyası və təxribatı kimi qəbul etsək, bəyanatı ciddiyə almağa dəyməz. Yox əgər həqiqətən baş veribsə, o halda məsələni hüquqi aspektdən şərh etmək olar: "Hər hansı dövlətə sığınan şəxsin üçüncü ölkəyə göndərilməsi onun öz istəyi ilə baş verir. Əgər şəxsin getmək istədiyi ölkə onu qəbul etmirsə, bu zaman başqa üçüncü ölkə axtarılır. Səhv etmirəmsə, Azərbaycanda əsirlikdə olan erməni hərbiçi üçüncü ölkə olaraq Rusiyaya verilib. Çünki o özü Rusiyanı seçib. İndi onun yenidən öz ölkəsinə qayıtmasında qaranlıq məqamlar var. Düzdür, Rusiya-Ermənistan arasında bunun üçün müəyyən hüquqi əsaslar var. Tərəflərin birgə imzaladığı ekstradisiya sənədləri çərçivəsində prosesi həyata keçirmək mümkündür. Amma ola bilər ki, Rusiyaya təhvil verilən erməni hərbiçiyə hansısa təzyiqlər edilib və o da Ermənistana qayıtmağa məcbur olub. Ya da Ermənistan tərəfi ölkəsindən imtina etmiş hərbiçiyə nəsə vəd edərək onu yenidən öz işinə qaytarıb”.

A.Allahverənovun sözlərinə görə, Azərbaycan tərəfi üzərinə düşəni edib, bundan sonrası bizlik deyil: "Azərbaycan beynəlxalq konvensiyalar çərçivəsində erməni əsirə lazımi şəraiti yaradıb və hüquqi imkanlarla təmin edib. Daha sonra isə əsirin öz istəyinə uyğun olaraq onu üçüncü ölkəyə təhvil verib. Bundan sonrakı proseslərdə həmin şəxsin istəyinə uyğun və ya zidd hansısa hadisələr baş veribsə, bu, artıq onunla üçüncü dövlət arasında olan problemlərdir. Yəni Azərbaycan məsuliyyət daşımır”.

İsmayıl