İran böyrək satışına qadağa qoydu

Adil Qeybulla: “Donor ehtiyatı ciddi məsələdir”




İran xarici vətəndaşlara böyrək satışını məhdudlaşdırıb. Qərara əsasən digər ölkələrin vətəndaşları öz ölkələrindən İrana yalnız bir nəfəri gətirməklə, bu ölkənin xəstəxanalarında böyrək köçürülməsi xidmətlərindən istifadə edə bilərlər.

Belə bir qərar iranlı böyrək xəstələrinin ehtiyacına görə verilib. Həmçinin, orqanların köçürülməsində yol verilən qanunsuzluqların qarşısını almaq məqsədi ilə İran Səhiyyə Nazirliyi mövcud qanuna yenidən baxacaq. Bu da İrana böyrək köçürtməyə gedən həmyerlilərimizə ağır zərbə kimi qiymətləndirilir.

Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla belə bir qərarın verilməsini düzgün hesab edir: "Çünki ölkədə transplantologiya ilk növbədə vətəndaşlara xidmət göstərdikdən sonra xarici vətəndaşlar bundan istifadə edə bilərlər. Bununla yanaşı, donor ehtiyatı ciddi məsələdir. İran da çox güman ki, donorlarla bağlı çoxlu problemlər mövcud olduğundan belə bir qərar verib. "İran şəriət qaydaları ilə idarə olunsa da, xeyli məsələlər bu ölkədə oturuşaraq hüquqi əsas alıb”.

A.Qeybulla Azərbaycan qanunvericiliyinə uyğun olaraq orqan nəqli ilə bağlı prosedur qaydalarından danışıb: "Məsələn, qanunlarımıza görə, böyrək xəstələrinə ailə üzvləri və ya qan qohumlarından biri donor kimi notariat qaydada təsdiq edildikdən sonra orqan nəqli həyata keçirilə bilər. Digər hallar isə qanunla nəzərdə tutulmayıb. Ona görə ki, bu, cinayət xarakterli hadisələrə yol aça bilər”. Ekspert donor olmanın şərtlərindən də söz açıb: "Adətən donorun mənbəyi cüt orqanı olan sağlam insan, tək orqanı olanlar da beyin ölümü keçirmiş gənc və xəstəliyi olmayan şəxslər olmalıdır. Yəni xəstəliyi olan şəxslərdən orqan götürmək real görsənmir”.

Vüqar Şahinoğlu