Başqanlığa keçmiş namizədlər birləşdi

Narazılar Müsavatın növbədənkənar qurultayının keçirilməsini istəyir
Gülağa Aslanlı: “Belə təşəbbüs qrupunun yaradılması Müsavatın fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır”


Qubad İbadoğlu: "Növbəti ildən öz resurslarımızı müəyyənləşdirib, növbədənkənar qurultayla bağlı fəaliyyətimizi genişləndirəcəyik”

Səxavət Əlisoy: "Bütün potensialımızı qoyub mübarizə aparacağıq”

Müsavat Partiyasının narazılardan ibarət İşçi Qrupunun üzvü Qubad İbadoğlu növbədənkənar qurultayla bağlı təşəbbüs qrupu yaradıb. Bunu Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib. O bildirib ki, noyabrın 8-də yaranan İşçi Qrupunun fəaliyyyəti başa çatıb: "Növbədənkənar qurultayın çağırılması üçün təşəbbüs qrupu yaradılıb və buna məsul şəxs Qubad İbadoğlu seçilib.

Fraksiyanın yaradılması da məqbul hesab edilib. Bunun məsuliyyəti isə Tural Abbaslının üzərinə düşüb. Hər iki qurum bir-biri ilə əlaqəli şəkildə işləyəcək”. E.Məmmədli bildirib ki, növbədənkənar qurultayla bağlı təşəbbüs qrupunun məqsədi partiyada yaranmış vəziyyəti müzakirə etmək, partiyadan xaric olmaların, əsası olmayan saxta bəyanatların və o cümlədən avtoritar idarəçiliyin və qanunsuzluqların qarşısını almaqdır. Növbədənkənar qurultaya hazırlıq məsələsi də təşəbbüs qrupunun funksiyasına daxil edilib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı növbədənkənar qurultayın çağırılması üçün yaradılan təşəbbüs qrupunu "şəxsi istəklərin həyata keçirilməsi istiqamətində atılan addım” adlandırıb. O bildirib ki, növbədənkənar qurultayın keçirilməsi partiyanın nizamnaməsinə əsasən Məclisin səlahiyyətindədir. G.Aslanlının sözlərinə görə, belə təşəbbüs qrupunun yaradılması Müsavatın fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır: "Bütün hallarda Müsavat Partiyasının sonuncu qurultayı demokratik və şəffaf şəkildə keçirilib. Əgər kimlərsə növbədənkənar qurultayın keçirilməsində israr edirsə, bu, şəxsi istəklərin həyata keçirilməsinə xidmət edir. Düşünürəm ki, bu istiqamətdə yaradılan təşəbbüs qrupu müsavatçılıq ideyasına xidmət etmir”.

Başqanlığa keçmiş namizəd, işçi qrupunun rəhbəri Qubad İbadoğlu növbədənkənar qurultayın əsas hədəf olduğunu deyib. Onun sözlərinə görə, fraksiya məsələsi həmin hədəfə çatmaq üçün
istifadə edilən vasitələrdən biridir: "Biz partiya daxilində prosesləri izləyirik. Bununla bağlı müəyyən tədbirlər hazırlayıb, fəaliyyətə başlamaq niyyətindəyik. Sadəcə olaraq, bizi bu istiqamətdə düşündürən məsələ ondan ibarətdir ki, bəziləri Müsavatda fəaliyyətlərini davam etdirmək istəmirlər və istefa verirlər. Bu istefaların bəziləri haqqında mətbuatın məlumatı var, bəziləri barədə isə yoxdur. Çalışırıq ki, bu prosesi dayandıraq. Növbəti ildən öz resurslarımızı müəyyənləşdirib, növbədənkənar qurultayla bağlı fəaliyyətimizi genişləndirəcəyik”.

Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy da Müsavat rəhbərliyini tənqid edib və onların söz azadlığını həzm edə bilmədiklərini bildirib: "Müsavatın növbədənkənar qurultayının çağırılması üçün əlimizdən gələn nə varsa, bütün potensialımızı qoyub mübarizə aparacağıq. Əminəm ki, saxtakarlıq adı Müsavatın adının üstündən götürüləcək. Bunların zehniyyəti plüralizmin nə olduğunu dərk etmir. Onlara ətraflarında biət edən insanlar lazımdır ki, populist çıxışlar etsinlər, rəhbərliyi gurultulu alqışlarla qarşılasınlar və partiyanı fabrik kimi idarə etsinlər. Biz bunu qəbul etmirik və buna görə də növbədənkənar qurultay çağırılmasına qədər mübarizə aparacağıq”. Keçmiş partiya funksionerinin sözlərinə görə, bu gün Müsavatda baş verənlər partiyanın artıq ikiyə bölündüyünü göstərir: "İkiyə bölünmüş partiyanın isə birlikdə fəaliyyət göstərməsi müşkül məsələdir. Söz azadlığını qəbul etməyənlərlə, avtoritar düşüncəli insanlarla birlikdə fəaliyyət göstərmək qeyri-mümkündür. Burada hər zaman intriqalar olacaq və bu intriqa, çəkişmələr partiyanın inkişafına böyük zərbə vuracaq. Onsuz da Müsavatın qurultayında ona böyük zərbələr vurulub. Ağlı başında olanlar anlayırlar ki, buradan çıxış yolu yalnız partiyadan saxtakarlıq adının götürülməsidir. Bu isə ancaq Müsavatın növbədənkənar qurultayında baş verə bilər. Əks halda, bölünmə qaçılmazdır”.

Məlumat üçün bildirək ki, Müsavatın nizamnaməsinə görə, partiyanın qurultayı 4 ildən bir Məclis tərəfindən çağırılır. Növbədənkənar qurultaylar isə Məclisdə qərar qəbul edildikdən sonra çağırılır. Fövqəladə qurultay partiyanın son qurultay nümayəndələrindən ibarət tərkibdə çağırılır.

İsmayıl