“Koroğlu”nun dəliləri...

Bu körpünün insanları niyə bu qədər cəzb etdiyi aydınlığa çıxır



















"İntihar körpüsü” əfsanəsi artıq sona çatdı. Bundan sonra intihar etmək istəyən insanlar "Koroğlu” metrostansiyası yaxınlığındakı körpüyə çıxıb, "şou” yarada bilməyəcəklər. Çünki ərazi polis nəzarətinə alınıb. Amma cəmiyyəti narahat edən bir məsələ var ki, körpünün nəzarətə götürülməsi intihar həvəskarlarının qarşısını ala biləcəkmi? Nə çoxdur ölkədə hündürmərtəbəli binalar, dəbdəbəli körpülər... Ekspertləri də narahat edən elə bu məsələdir.

Qız qalasında intiharın geniş vüsət aldığı zaman Qalanın üstünə şüşə bəndlər çəkildi, əlavə olaraq da mühafizəçi qoydular ki, şübhəli şəxs görən kimi qarşısını alsın. Bu dəfə də "intihar körpüsü” adını alan ərazini ciddi nəzarətə alıb, ətrafına polis əməkdaşları yerləşdirdilər. Maraqlıdır, bununla intihara cəhdlər səngiyəcək, ya hədəfdə başqa bir ərazidir?

İntihar etmək üçün körpüyə çıxan insanların böyük əksəriyyətinin canına qəsd etmək fikri yoxdur

Kriminalist-ekspert İlqar Altay isə hesab edir ki, görüntü yaratmaq, diqqət çəkmək üçün intihara əl atan insanlar mütləq özlərinə yeni "şou” meydanı tapacaq. Odur ki, bu məsələ ciddi şəkildə araşdırılmalı və problem birdəfəlik həll olunmalıdır: "Ərazi artıq polis tərəfindən nəzarətə götürülübsə, intihar etmək istəyən insanların "Koroğlu” metrostansiyası yaxınlığındakı körpüyə çıxma cəhdi baş tutmayacaq. Bizim polislərimiz körpüdən dəfələrlə böyük əraziləri nəzarətə götürüb, qoruyurlar. Bir körpü nədir ki? Təbii ki, bundan sonra artıq "Koroğlu”da heç bir narahatlıq olmayacaq, insanların gediş-gəlişi əngəllənməyəcək. Amma Azərbaycanda bir dənə körpü yoxdur ki? Bütün körpüləri, hündürmərtəbəli binaları eyni vaxta polis nəzarətində saxlamaq isə mümkün deyil. Əslinə qalsa, düzgün də deyil. Ona görə də çalışıb, problemin kökünə varmaq lazımdır ki, bu intiharlar niyə baş verir? Ya da intihar etmək istəyən insanlar niyə məhz bu körpünü hədəfə alır? Adətən, həyatdan bezən insanlar intihar üçün sakit, səssiz yerləri seçir. İndisə, insanlar nümayişkaranə şəkildə intihara cəhd edir. Əslində, intihar etmək üçün körpüyə çıxan insanların böyük əksəriyyətinin canına qəsd etmək fikri yoxdur. Onlar hansısa arzularının həyata keçirilməsi, diqqət çəkmək, uğradıqları ədalətsizlik, haqsızlıqları lazımi orqanlara çatdırmaq üçün körpüyə çıxırlar. Hesab edirəm, cəmiyyət içərisində intihara cəhdin səbəbləri aydınlaşdırılmalı, intihara yalandan cəhd edənlərin məqsədləri öyrənilməli və bunların üzərində işlənilməlidir. Bütün bunlar psixoloji, mənəvi məsələlərdir”.

Bizim camaatın dəbə meyilli olduğunu deyən İ.Altayın sözlərinə görə, intiharı da "dəb”lə edirik: "İntihar üçün hər kəsin fərqli səbəbi ola bilər. Hamının dərdi, problemi bir deyil axı! Amma son zamanlar sözügedən körpü "intihar körpüsü” kimi məşhurlaşdığı üçün hamı ora üz tutursa, deməli, burada başqa maraqlar var. Yəni söhbət özünə qəsddən getmir. Bir halda ki, həmin körpüyə dırmaşmağın özü də böyük akrobatlıq tələb edir”.

Kriminalistin sözlərinə görə, Azərbaycanda intihar etmək istəyən insanlar da, intihar etmək görüntüsü yaradan insanların da sayı az deyil. "Bir vaxtlar insanların beyninə intihar üçün ən əlverişli yer kimi Qız qalası düşmüşdü. İndi də "Koroğlu”dakı körpü düşüb. Problemi olan insanlar baxır ki, biri çıxdı körpüyə səs-küy saldı. FHN gəldi, başını tumarlayıb, aşağı düşməyə razı saldı. Polis problemini dinləyib, həlli üçün söz verdi. Bunda da artıq maraq yaranır ki, mən niyə elə etməyim? Axı Azərbaycanda bu körpüdən də hündür yerlər var. Sadəcə olaraq, "Koroğlu” körpüsünün insanları niyə cəzb etdiyini aydınlaşdırmaq lazımdır”.

Cəmiyyətin gözü qarşısında intihar şousu yaradanlara qarşı ən azı 3-5 illik cəza tətbiq edilməlidir

İ.Altayın sözlərinə görə, körpüyə çıxaraq intihar görüntüsü yaradanlar cəmiyyət üçün əlavə narahatlıq yaradır. İnsanların əsəbləri ilə oynayır, vaxtlarını alırlar: "Azərbaycan qanunlarında intihara cəhd, yalandan "özümü atacam” deyənlər üçün cinayət məsuliyyəti olmadığından bu cür xoşagəlməz halların sayı artıb. Bir insanın intihar cəhdi ilə körpüyə çıxması dövlət və cəmiyyət üçün həm vaxt, həm də maliyyə itkisidir. Şou yaratmaq, diqqət çəkmək üçün çıxır körpüyə, camaat da stresə düşür. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, polis cəlb olunur. Yollarda hərəkət məhdudlaşır, insanlar saatlarla tıxacda qalır, benzin itirir, bir sözlə, aləm bir-birinə dəyir.

Kimsə probleminin həlli üçün "Koroğlu” körpüsünə çıxıb intihar performansı sərgiləyir, onlarla adam da tıxacda gözləyib əziyyət çəkir, psixoloji sarsıntı yaşayır.

Bu qədər insana və dövlətə ziyan vurur, amma son nəticədə cəzasız qalır. İctimaiyyət içində söyüş söyən adamı xuliqanlıq maddəsi ilə məsuliyyətə cəlb edib, 3-5 il iş verirlər. Ən yaxşı halda, cərimələyirlər. Nə var ki, 5-10 nəfərin içərisində söyüş söyüb, camaatı təhqir edib. Bəs, o boyda strateji körpünün üstünə çıxıb, insanların vaxtını almaq, əsəbləri ilə oynamaq xuliqanlıq deyil? Onsuz da nəqliyyatımızda ciddi problemlər var, insanlarımız psixoloji gərginlik içərisindədir. Bütün bunların üstünə də intihar oyunu çıxarmaq, Heydər Əliyev prospekti kimi böyük bir hərəkət zolağında hərəkəti məhdudlaşdırmaq nəyə lazımdır? Bütün bunların əvəzində isə polis onları zor-bəla ilə aşağı enməyə razı salır, hələ bir nazı ilə də oynayır. Nəticə etibarı ilə intihara cəhd edən adam məqsədinə çatmış olur ki, bunu izləyən insanlar da həmin an intihar eşqinə düşür. Təbii ki, mənim dediklərim görüntü xatirinə intihara cəhd edən insanlardan gedir. Sovet dövründə insanın özünü öldürməsi də cinayət hesab olunurdu. Hər bir insan sovet cəmiyyətinin mülkü hesab olunduğu üçün intihar da qətl kimi bir şey idi. Biz müstəqil ölkə olduğumuz üçün insanlara məhdudiyyət qoya və sovet dövründəki kimi "özünü öldürə bilməzsən” kimi bir qanun qəbul edə bilmərik. Bu, birbaşa insan haqlarının pozulması demək olar. Amma nümayişkaranə şəkildə intiharlarla bağlı müəyyən tədbirlər görmək olar. Bu addım cəmiyyətə xuliqanlıqdan daha artıq ziyan vurur. İctimai yerlərdə intihara cəhd bir növ terror kimi bir şeydi. Boşu-boşuna cəmiyyətdə vahimə yaradır. Terrorist nə edir? Yalandan əlinə bir bomba alıb, partladacağı ilə hədələyir. Halbuki onun məqsədi bombanı partlatmaq yox, istəklərini qəbul etdirməkdir. Cəmiyyət içərisində terror xofu yaratdığı üçün də ona 15-20 il həbs cəzası verirlər. Mənim aləmimdə intihar edəcəm deyib, körpü "vışka”sına çıxan adamın da həmin terroristdən bir fərqi yoxdu. Faktiki olaraq bu adam da canlı bombadır. Özünü öldürmək hədəsi ilə insanları vahiməyə salır. "Düşdü-düşdü” deyib, həyəcan keçirən kim, ürəyi gedən kim”.

Gərək elə "Koroğlu” körpüsünə çıxıb, insanların əsəbləri ilə oynayasınız?

İ.Altayın sözlərinə görə, cəmiyyətin gözü qarşısında intihar şousu yaradanlara qarşı ən azı 3-5 illik cəza tətbiq edilməlidir: "Sizi inandırım ki, əgər Cinayət Məcəlləsində belə bir maddə nəzərdə tutularsa, heç kim intihara cəhd məqsədi ilə körpülərə, binaların damına çıxmayacaq. Bu adamların məqsədi özlərini öldürmək deyil, sadəcə olaraq hoqqa çıxarıb, insanların sağlamlığı ilə oynayırlar. İntihar etmək görünməmiş hal deyil ki? Mən ekspertəm, bir insanın özünü öldürməsi üçün 25 qram "uksus” kifayət edir ki, insan rahatlıqla ölsün. Yaxud da, intihar etmək istəyən şəxs damarlarını kəsər, özünü kəndirlə asar, başını suyun altına salar... Gərək elə "Koroğlu” körpüsünə çıxıb, insanların əsəbləri ilə oynayasınız? Məqsədim intihar yollarını təbliğ etmək deyil. Bunlar onsuz da hər kəsə bəllidir. Sadəcə olaraq, nümayişkaranə intiharları kəskin qınadığım üçün onların intihar məsələsində səmimi olmadıqlarını düşünürəm. Mənə elə gəlir ki, dövlət bu məsələ ilə bağlı ciddi tədbirlər görməlidir. Hətta millət vəkillərimiz bu cür şəxslərin cinayətə cəlb olunması ətrafında nəsə düşünməlidir. Yoxsa ki, polis neyləsin? Biri körpünün o başından, biri də bu başından dırmaşır ki, özümü atacam. Əslində adamlar özünü atmasın deyə, körpünün ətrafına polis qoyulması ağlasığmaz bir şeydir. Bu hadisədən yaxşı satirik məqalə çıxar. Bu baş verənlərə bir kriminalist olaraq, məəttəl qalmışam. Hesab edirəm ki, kompleks tədbirlər görülməsə, intiharlara cəhdlərin qarşısı alınmasa, bütün hündürmərtəbəli binalara və körpülərə polis nəzarəti tətbiq edilməli olacaq”.

Şəymən