Yeni ildə əfv ola bilər

Hüquq müdafiəçiləri buna çox inanırlar


Bu ilin sonunda və Dünya azərbaycanlılarının həmrəylik günündə növbəti əfv fərmanı verilə bilər. Artıq bu barədə müzakirələr gedir. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvləri olan hüquq müdafiəçiləri bununla bağlı siyahılar hazırlayıb əfv komissiyasına təqdim ediblər. Son qərar isə ölkə prezidenti İlham Əliyev tərəfindən veriləcək. İnsan Hüquqları Problemləri üzrə Birgə Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlunun "Şərq”ə verdiyi məlumata görə, bir çox insanlar işçi qrupuna müraciət edərək xəstəlikləri ilə əlaqədar cəzalarının 3/1 hissəsinin bağışlanması ilə bağlı məktublar göndəriblər: "Həmçinin hüquq pozuntuları ilə əlaqədar 10-a yaxın məktub göndərilib. Hətta təqdim etdiyimiz siyahıda siyasi məhbus adlandırılan şəxslərin də adları var. Lakin açıqlamaq istəmirik. Əfv fərmanı verildikdən sonra söyləyərik”. İHPBQ-nin digər üzvü Səidə Qocamanlı işçi qrupu çərçivəsində adlarının müzakirəyə çıxarıldığını söyləyib: "İndi isə söz əfv fərmanınındır. Əfv fərmanı da məlum olduğu kimi prezidentin səlahiyyətindədir. Çox ümid edirəm ki, bizim təqdim etdiyimiz adlardan əfv fərmanına düşənlər olacaq. Bunların arasında "NİDA”çılar, xəstələr, cəzasının böyük bir hissəsini çəkənlər də var”.

Vüqar Şahinoğlu