Sürücülərin psixologiyası dəyişməlidir

Anlamaq lazımdır ki, qaydanı pozmusansa, cəriməni ödəməlisən




Bu yaxınlarda Bərdə rayonunda sürücü tərəfindən yol polisi əməkdaşının yandırılmağa cəhd edilməsi sürücülərlə polislər arasında münasibətlərin pis həddə olduğunu göstərir. Sanki sürücülər yollardakı vəziyyəti və qaydaları tənzimləyən polis əməkdaşlarına qarşı etdikləri hər bir hərəkətlərinə bəraət qazandıraraq özlərini qəhrəman sayırlar.

Hələ bu azmış kimi yol polislərinin gözü qarşısında avtomobillərini iki təkər qaldırmaqla avtoxuliqanlıqlarını nümayiş etdirirlər.

Belə problemin yaranma səbəblərini və həlli yollarını "Şərq”ə təhlil edən avtosfer.az saytının baş redaktoru Elməddin Muradlının fikrincə, xüsusilə son iki ayda sürücülərlə yol polisləri arasındakı münasibətlər çox gərgin vəziyyətdədir: "Sanki sürücülərimizdə belə bir psixologiya formalaşıb ki, yol polisi təhqir etmək, alçatmaq və ya yol polisinin tələblərinə əməl etmədən "demaqoqluq” edərək cəriməsiz çıxmaq dırnaqarası qəhrəmanlıqdır. Sonradan gəlib bunu öz dost-tanışları arasında fəxrlə, ürəklərindən tikan çıxmış kimi danışmaq böyük məharətdir. Lakin bu çox yanlış fikirdir. Çünki bütün hallarda yol polisi bir hüquq-mühafizə orqanıdır. Polisin də dövlət tərəfindən müəyyən olunmuş səlahiyyətləri var. Buna görə də çiynində rütbə daşıyan və ya yaxasında döş nişanı gəzdirərək vəzifəsini icra edən yol polisinə tabe olmaq lazımdır”.

E.Muradlı digər tərəfdən yol polisinin qanunsuz hərəkətlərinin başqa müzakirə mövzusu olduğunu bildirib: "Bunlar araşdırılmalıdır: "Bəlkə elə yol polisi yox, sürücü qanunsuzluq edib. Hesab edirəm ki, sürücülər və yol polisləri arasında baş verən son hadisələrlə sürücülər öz vəziyyətlərini daha da ağırlaşdırırlar. Məsələn, Bərdədə baş verən hadisədə sürücü sərxoş avtomobil idarə etdiyinə görə ancaq 300-800 manat arası cəriməsini ödəyib məsuliyyətdən azad ola bilərdi. Bu hərəkəti ilə həbs cəzasına məhkum edilməsi yaxşıdı?”.

Sürücülərin sərxoş haldakı hərəkətləri və avtoxuliqanlıqlarının görünütləri bütün KİV-də yayılmalıdır: "Beləcə problemlər ictimailəşdirilərək cəmiyyət tərəfindən qınanılmalıdır. Həmçinin maarifləndirici aksiyalar və tədbirlər həyata keçirilərək sürücülərimizin psixologiyasını dəyişmək lazımdır. Bununla yanaşı, yol polisləri xidmət müddətindən artıq çalışmamalıdırlar. Məsələn, səhər uşaqları məktəbə aparanda və axşam işdən qayıdan zaman da həmin yol polisinin hələ xidməti vəzifə başında olduğunu görürəm. Bunlarla bağlı media nümayəndələri ilə yol polisləri və cəmiyyət birgə hərəkət etməlidirlər. Yəni həmin sürücüləri cəmiyyətə tanıtmalıyıq ki, sonradan bundan digər sürücülər də dərs götürsünlər”.