Putin Ankaranı oyuna gətirir?

Rusiya ilə qaz anlaşmasında Türkiyə itirmir, əksinə qazanır



Rusiya qaz ixracı üzrə Bolqarıstandan keçərək Avropanın bir hissəsinə nəql ediləcək "Cənub axını” layihəsindən imtina edib. Əvəzində Türkiyəyə səfəri zamanı Rusiya prezidenti Putin Türkiyədən keçməklə Avropaya qaz ixrac etmək məsələsini gündəmə gətirib. Hətta səfər çərçivəsində bu barədə Ankara ilə ilkin danışıqlar da aparılıb. Amma Rusiya-Türkiyə arasındakı qaz anlaşması qardaş ölkədə birmənalı qarşılanmayıb. Tərəflərin razılaşmasından sonra bu məsələni ciddi müzakirə predmetinə çevirən bir sıra media orqanları və politoloqlar o qənaətdədir ki, Putin rəsmi Ankaranı oyuna gətirib. Belə ki, sözügedən təbəqə hesab edir ki, Rusiya qazının Türkiyədən keçərək Avropaya nəql olunması onlara baş ağrısından başqa heç nə gətirməyəcək. Yəni ki, bu anlaşmaya görə, Türkiyə tərəfi həm iqtisadi itkilər verə, həm də Avropanın qəzəbinə tuş gələ bilər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban isə hesab edir ki, ortada Türkiyənin itirəcəyi heç nə yoxdur. Əksinə, bu yolla Türkiyə azalmaqda olan ticarət dövriyyəsini artırmağa çalışır: "Türkiyə məbuatında Rusiya ilə qaz anlaşmasına reaksiyalar çox kəskindir. Onlara görə, bu razılaşma təkcə Türkiyə iqtisadiyyatı üçün zərərli deyil, ümumilikdə qlobal təsirləri var. Əslində Rusiya qazının Türkiyədən keçərək Avropaya keçməsinin Türkiyə üçün heç bir təhlükəsi yoxdu. Sadəcə olaraq, bəzi mətbuat orqanları qaşınmayan yerdən qan çıxartmağa çalışırlar. Əsas məsələ odur ki, Rusiya tərəfi qaz satışında Türkiyəyə 6 faiz endirim vəd edib. Bu gün üçün isə 6 faiz təxminən 23 -25 dollar arası endirim deməkdir. Bu da onunla əlaqədardır ki, Bolqarıstandan keçən qazın qiyməti ilə mavi axınla gələn qazın qiymətində fərqlər var”.

İlham Şabanın sözlərinə görə, Rusiyanın Türkiyəni aldatması və ya Türkiyənin bu razılaşmada itirməsi ilə bağlı deyilənlər əsaslı deyil. İstənilən halda Türkiyə heç nə itirmir. Əksinə, Rusiyanın qazın qiymətində 6 faiz endirim etməsi Türkiyənin qazancı deməkdir. Digər tərəfdən də Rusiya ilə Türkiyə arasında illik ötürmə qabiliyyəti 63 milyard kubmetr olan ofşor təbii qaz boru kəmərinin inşası ilə bağlı anlaşma memorandum imzalanıb ki, bunun da heç bir hüquqi öhdəliyi yoxdu. Üstəlik, hələ açıqlanmayıb ki, Rusiyadan gələn qaz Yunanıstan sərhədinə qədər uzandıqdan sonra nə olacaq? Qaz boru kəmərinin çəkilməsi uzun məsələdir: "63 milyard kubmetr qazın da böyük hissəsi Avropa ölkələri üçün nəzərdə tutulub və Rusiya bu həcmin Yunanıstandan keçiriləcəyinə ümid edir. Rusiya hazırda Türkiyəyə təbii qazı "mavi axın” boru kəməri ilə çatdırır. Türkiyə-Yunanıstan sərhəddində birləşdirici şəbəkənin inşasından sonra Türkiyənin ildə alacağı 14 milyard kubmetr təbii qaz qalacaq Türkiyə bazarında. Deməli, yerdə qalan 49 milyard kubmetr Türkiyə bazarından çıxmalıdır. Bunu məntiq deyir. Amma bir şey var ki, Bolqarıstan Avropa Birliyinin üzvüdür, həmçinin də Yunanıstan. Əgər Rusiya öz qazını Bolqarıstandan Avropaya keçirə bilmirsə, deməli, Yunanıstandan da keçirə bilməyəcək. Bu isə o deməkdir ki, Rusiyanın Yunanıstana qədər qaz kəməri çəkməsi mənasızdır, onsuz da ordan o tərəfə keçirə bilməyəcək. Deməli, Rusiya Türkiyə ərazisində hansısa ticarət şirkəti yaratmaq və öz qazını həmin şirkətə satmaq niyyətindədir ki, həmin şirkət də rus qazını Avropaya təkrar ixrac etsin. Burada isə çox mürəkkəb sxemlər yarana bilər. Yəni ki, burada Rusiyanın payı az ola bilər. Amma bir şeyi unutmayaq ki, biz hələ konkret olaraq, Rusiyanın niyyətini bilmirik”.

Ekspertin sözlərinə görə, Türkiyə mətbuatının çığır-bağır salmasına fikir vermək lazım deyil. Çünki orada mətbuat müxtəlif maraqlara və siyasi-iqtisadi qruplara bağlıdır. Onlar arasında real iqtisadi-siyasi təhlillər aparanlar isə çox azdır: "Məsələnin bizim üçün maraqlı tərəfi ondan ibarətdir ki, Azərbaycan bundan sonra öz qazını əvvəlki formada ixrac edəcəkmi? Bununla bağlı da hələlik heç bir açıqlama olmadığı üçün narahat olmağa dəyməz”.

Rusiyaya qarşı iqtisadi sanksiyaların artıq pik həddə çatdığını vurğulayan İ.Şabanın sözlərinə görə, bu sanksiyalar artıq İrana qarşı edilən sanksiyalar tipindədir. Rusiya ilə yaxınlaşmanın Türkiyə üçün hansısa problem yaratma ehtimalına gəldikdə isə iqtisadçı bunun inandırıcı olmadığını deyib: "Türkiyə Rusiya ilə yaxınlaşmaqda öz maraqlarını güdür. Türkiyənin iqtisadiyyatı Avropaya bağlıdır. Son zamanlar Avropaya ticarət dövriyyəsi aşağı düşüb, Türkiyə də bu düşmə tempini azaltmaq üçün Rusiya faktorundan istifadə edir. Çünki Türkiyə 2009-cu ildən üzü bu yana bu vasitədən yararlanıb. Ərəb inqilabları və İrana qarşı sanksiyalar zamanı onların kapitalını cəlb etmişdi. Bu gün isə Türkiyə faktiki olaraq Rusiyanın çıxılmaz vəziyyətindən yararlanmaq niyyətindədir”. Türkiyənin planlı siyasət yeritdiyini vurğulayan ekspertin sözlərinə görə, Türkiyə nə etdiyini çox gözəl bilir və hökumət nə edirsə, öz maraqları üçün edir. Türk mediasında yazılanlara isə əhəmiyyət vermək lazım deyil.

Şəymən