Vüqar Əliyev: “Media helikopter hadisəsində peşəkar davrandı”

"Azərbaycan erməni lobbisinin və daxildəki “beşinci kolon”un təsirinə məruz qalır"




Prezident Administrasiyası, Mətbuat Şurası və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu” mövzusunda tədbir keçirilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, bu ilin avqustunda cəbhə xəttində baş verənlərdən sonra bir sıra KİV-lər cəmiyyətə düzgün informasiya çatdırmaq istiqamətində vəzifələrini layiqincə yerinə yetirə bilməyiblər. O bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması üçün Mətbuat Şurası qarşısında vəzifə qoyulub.

Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxışında qeyd edib ki, Azərbaycan erməni lobbisinin və daxildəki "beşinci kolon”un təsirinə məruz qalır: "Avqustun əvvəllərində qoşunların təmas xəttində törədilən təxribatlar, ötən ay işğal olunmuş ərazilərdə Ermənistanın hərbi təlimlər keçirməsi və vertolyotun vurulması hadisəsi göstərdi ki, erməni informasiya resursları cəbhə bölgəsində informasiya diversiyası həyata keçirirlər. Nəzərə almaq lazımdır ki, ermənilərin növbəti təxribatları istisna olunmur. Ermənilər həm də qondarma soyqırımın yüz illiyi ilə bağlı Türkiyədə tədbirlər keçirməyə başlayıblar və bundan Azərbaycana qarşı da istifadə etməyə çalışacaqlar”.

V. Əliyevin sözlərinə görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev keçirdiyi müşavirədə mövcud vəziyyəti təhlil edib, çıxış yollarını göstərib: "Qeyd edildi ki, bəzi KİV-lər milli maraqlara məhəl qoymadan, bəzən ermənilərin maraqlarına uyğun fəaliyyət göstərirlər, müvafiq qurumların mətbuat xidmətlərinin fəaliyyətində çatışmazlıqlar var. Prezidentin imzaladığı sərəncamda müdafiə və təhlükəsizlik sahəsində qanunların, dövlət sirri təşkil edən məlumatların KİV-də, sosial şəbəkələrdə yayılmasının qarşısını alan tədbirlər müəyyənləşdirilib. Artıq müvafiq qurumlar tədbirlər həyata keçirirlər. Prezident Administrasiyasının İctimai-siyasi şöbəsi də müvafiq tədbirlər planı hazırlayıb, həyata keçirməkdədir. Avqustun əvvəlində baş vermiş hadisə ilə müqayisədə vertolyot vurulan dövrdə mətbuat məsələlərə kifayət qədər peşəkar yanaşdı. Bildirildi ki, vertolyotun vurulması təxribata layiqli cavab olub. Ancaq bunlar problemlərin aradan qalxması anlamına gəlmir. Çox təəssüf ki, bəzi İnternet resursları məsələlərə peşəkar yanaşmır, informasiyanı dəqiqləşdirmir. Məsələn, bu günlərdə ermənilər guya Murov dağında donmuş cəsədlərlə bağlı və digər təxribat xarakterli məlumatlar yaydılar. Ardınca bizim bəzi elektron KİV-lər bunu tirajladı. Yaxud, saytlardan biri bu yaxınlarda vertolyotun vurulması ilə bağlı sorğu keçirib, guya rəyi soruşulanların 49 faizi bunu müsbət qarşılamayıb. Bəzi qruplar Qərbin qrantlarının təsiri altında hərəkət edir. Ermənistanın sözçüsü kimi çıxış edən bəzi xarici təşkilatlara münasibətdə hücum taktikası həyata keçirilməlidir”.

V. Əliyev Azərbaycanda KİV-in kifayət qədər inkişaf etdiyini söyləyib: "Bu gün Azərbaycan mediası nüfuzuna görə Ermənistan və Gürcüstan mediasını geridə qoyur. Hesab edirəm ki, jurnalistlər arasında ixtisaslaşma aparılması və onların müvafiq qurumlarda akkreditasiyası vacibdir. Xüsusən söhbət hərbi sahədə yazan jurnalistlərdən gedir. Erməni mənbələrinin yaydığı dezinformasiyalar fakt kimi qəbul edilməməli, Müdafiə Nazirliyi və digər strukturlarla dəqiqləşdirilməlidir”.

Ə. Amaşov nəzərə çatdırıb ki, Mətbuat Şurasının üzvləri redaksiyalarda olacaq və jurnalistlərlə izahat işləri aparacaqlar.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə bildirib ki, müdafiə nazirinin müvafiq qərarı ilə "Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat” hazırlanaraq qoşunlara göndərilib. Sənəddə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər öz əksini tapıb: "Ölkə başçısının 24 sentyabr tarixli sərəncamının yerinə yetirilməsi məqsədilə

"Jurnalistlərin cəbhəboyu zonada akkreditasiya və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”nın layihəsi hazırlanıb. Layihə artıq hüquqi ekspertizadan keçirilib və Nazirlər Kabinetinə təqdim olunub. Sənəddə ümumi müddəalar, akkreditə üçün müraciətin edilməsi və baxılması, akkreditə olunma (kimlərə və neçə şamil edilir), akkreditə olunmadan imtina və akkreditənin ləğvi, jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Müdafiə Nazirliyi ilə razılaşdırılması bəndləri var. Bundan əlavə, müdafiə nazirinin əmrinə əsasən "Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar” toplusu buklet formasında hazırlanaraq Silahlı Qüvvələrin şəxsi heyətinə və əmrdə göstərildiyi kimi Mətbuat Şurasına təqdim olunub. Hazırda "İnformasiya təhlükəsizliyi” və "Fiziki təhlükəsizlik” üzrə məlumatlar adlı toplular da hazırlanaraq şəxsi heyətə çatdırılıb və yaxın günlərdə KİV nümayəndələrinin tanış olması üçün nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək”.

"Media vətənpərvər olmalıdır, biz hər şeydən əvvəl bu ölkənin vətəndaşıyıq. Məncə, hər bir jurnalist yazarkən bunu nəzərə almalıdır”.

Bunu isə "APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı söyləyib.

V. Mahirqızı deyib ki, həm media, həm dövlət qurumlarının müvafiq xidmətinin rəhbərləri informasiyanın operativliyi üçün əməkdaşlıq etməlidirlər: "Müasir informasiya məkanında xəbəri birinci yayan tərəf informasiyanı diqtə edir. Məhz buna görə də Müdafiə Nazirliyinin bu sahədə işini operativləşdirməsinə ehtiyac olduğunu düşünürəm”.

V. Mahirqızı deyib ki, dünyanın aparıcı ölkələrində də informasiyanın yayılması, xüsusilə strateji informasiyaların yayılması üçün əsas tərəfdaş kimi informasiya agentlikləri seçilir: "Mənim fikrimcə, Azərbaycanda da bu sistemin tətbiqi sistemliliyin yaranması baxımından effektli ola bilər”.

Şirkət rəhbəri mütəmadi olaraq informasiya mübadiləsi aparılması üçün bir işçi qrupunun yaradılmasını da təklif edib: "Media təmsilçiləri, dövlət qurumları, hərbi mütəxəssislər və politoloqlardan ibarət bir işçi qrupu yaradıla bilər. Həmin işçi qrupu mütəmadi olaraq məsləhətləşmələr, bəzi dövlət qurumlarının rəhbərləri ilə mütəmadi müzakirələr apara bilər”.

Millət vəkili Aqil Abbasın sözlərinə görə, Müdafiə Nazirliyi operativ olmalıdır ki, KİV-i qabaqlasın: "Vertolyotun vurulduğunu videoya çəkən və onu vuran da hərbçi idi. Orada jurnalist yox idi. O videonu yayan hərbçi cəzalandırıldımı?”

A. Abbas vertolyotu vuran hərbçinin KİV-də reklam edilməsini, ailəsində çəkilişlər aparılmasını düzgün saymayıb: "Vertolyotu vuranla bağlı bu şəkildə davranış düzgün deyildi”.

Millət vəkili onu da bildirib ki, minlərlə mərmi də atılsa, cəbhəyanı bölgədən əhali qaçmayacaq.

Mətbuat Şurasının üzvü Azər Həsrət qeyd edib ki, Zakir Həsənov müdafiə naziri təyin ediləndən sonra xalqın orduya güvəni artıb. Onun sözlərinə görə, avqust hadisələri və vertolyotun vurulması da bunu göstərib: "”Freedom House” hesabatında bildirib ki, Azərbaycanda İnternet azadlığı yoxdur. Ancaq Azərbaycanda cəbhəyanı bölgədə yaşanan hadisələr göstərdi ki, Azərbaycan hədsiz informasiya azadlığından əziyyət çəkir”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə qeyd edib ki, vertolyotun vurulması ilə bağlı videonu yayan şəxs barəsində müvafiq tədbir görülüb.
Sonda Ə. Amaşov tədbirdə səslənən təkliflərin ümumiləşdirilərək müvafiq qurumlara təqdim ediləcəyini bildirib.