Naxçıvan DİN deyilənləri təkzib etdi

“Burada heç kimin uzun saçı kəsilmir”



Naxçıvan Muxtar Respublikasında növbəti qəribə qadağaların olması barədə məlumatlar yayılıb. Belə ki, uzun saç saxlayan oğlanlara polislər tərəfindən müxtəlif formada təzyiqlər edildiyi deyilir.

İddialara görə, polislər şəhərdə uzun saçlı oğlanları uzun saçlı oğru axtarmaq bəhanəsi ilə saxlayırlar. Sonra isə polis şöbələrinə aparılaraq saçları kəsilir. Daha sonra gənclərin oğru olmadığı məlum olsa da, onlar uzun saçlarından məhrum olaraq sərbəst buraxılırlar. Belə olan halda şəhərdə artıq uzun saçlı oğlan tələbələr polisə aparılmaqlarından ehtiyat edərək saçlarını kəsdirirlər.

Qeyd edək ki, bir müddət öncə də Naxçıvan şəhərində gənc sevgili, yaxud nişanlı cütlüklərin, ictimai yerdə birlikdə gəzmələrinə qadağa qoyulduğu da söylənilirdi.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən "Şərq”ə faktı təkzib etdilər: "Belə söhbətlər yalandır, heç kimin saçı kəsilməyib, məlumat həqiqəti əks etdirmir”.

Millət vəkili Fazil Qəzənfəroğlu oğlanların məcburi şəkildə saçlarının kəsilməsinə inanmır: "Bəlkə hüquq-mühafizə tədbirləri ilə bağlı belə bir addım atıla bilər. Lakin yenə də belə bir halın baş verməsi heç bir konstitusion və hüquq prinsiplərinə uyğun deyil və ziddir. Ona görə də məlumat dəqiqləşdirilmədən konkret fikir söyləyə bilmərəm. Araşdırmaq lazımdır”.

Vüqar Şahinoğlu