Xəstəxanaya gedirsinizmi?

Aysel Əlizadə: “Aylardır baş ağrısından əziyyət çəkirəm, dərdimi tapan olmayıb”
Sərdar Cəlaloğlu: “Mən həkimə getmirəm, özüm-özümü müalicə edirəm”










































                                                                                                                                                                            Elşad Məmmədli: "İki klinikada müayinədən keçdim, hərəsində ayrı-ayrı diaqnozlar qoyuldu”
Ərəstun Oruclu: "Bu sahədə çalışmışam deyə, yaxşı həkimlər tanıyıram”
Aqşin Yenisey: "Özümüzünkülərin ümidinə qalsaydım, builki qışın birinci qarını yüzdəyüz qəbirdə qarşılayacaqdım”
Anar Niftəliyev: "Biz müsəlmanıq və ölənlərimizi "Allah öldürdü” deyib səssizcə götürüb aparırıq”
Kəramət Böyükçöl: "Həkimə getməyə qorxuram. Yalandan deyəcəklər ki, 2-3 gün ömrün qalıb. Ürəyim partlayar”
Son zamanlar mətbuatın gündəmindən düşməyən mövzulardan biri də ölkə səhiyyəsinin durumudur. Demək olar ki, hər gün media orqanlarında "daha bir vətəndaşımız həkim savadsızlığının qurbanına çevrilib” başlıqlı yazılara rast gəlinir. Azərbaycan vətəndaşlarının çoxu artıq ölkə səhiyyəsinə güvənmir. Çünki tələb olunan qiymət müqabilində, göstərilən tibbi xidmət çox aşağı olur. Nəticə isə sıfırın altına düşür.
Bəzən cüzi ağrılarla həkimə müraciət edənlər, yanlış diaqnoz nəticəsində ya həyatlarını itirir, ya da şikəst qalırlar. Bu səbəbdən az qala barmağına tikan batan da xarici ölkələrə üz tutur. Bu sahədəki problemləri nəzərə alaraq, "Azərbaycan 
səhiyyəsinə güvənirsinizmi” sualı ilə müxtəlif peşə sahibləri arasında sorğu keçirdik.
Sorğumuza ilk cavab yazan şair, publisist və tərcüməçi Aysel Əlizadə maraqlı faktlara toxunub. Xanım yazıçı bütövlükdə ölkə səhiyyəsinə güvənmədiyini deyib: 
"Yaxşı həkimlərimiz var. Ancaq onları axtarıb tapmalı oluruq. Halbuki istənilən doktora güvənimiz olmalıdı. Qeydiyyatda olduğumuz poliklinikaya rahatca və arxayın gedib sağlamlığımız haqda dəqiq məlumat əldə etməliyik. Ağrıyanda başıalovlu şəhərin dörd bir yanında çarəsizcə həkim axtarışına çıxmaq əvəzinə, sahə həkiminə üz tutmalıyıq. Bizdə belə bir fikir formalaşıb ki, özəl klinikada maaşlar yaxşıdı deyə orda işləyən həkimlər də savadlıdır. Belə deyil. Yaxşı həkim hər yerdə yaxşıdır.
A.Əlizadə söyləyib ki, dövlət klinikaları ilə yanaşı, özəl klinikalarda da həkimin savadsızlığı ucbatından ölən, yanlış diaqnozla başqa xəstəliklər tapan, yanlış müalicəylə digər orqanları da sıradan çıxan adamlar var: "Məşhur özəl klinikalarda o qədər səhv diaqnozların şahidi oluruq ki. Bunun bir çarəsi tapılsın gərək. Başımız ağrıyanda da düşünürük hansı ölkəyə gedib özümüzü həkimə göstərək. Aylardı baş ağrısından əziyyət çəkirəm. Dəfələrlə həkimə getmişəm, müalicə kursu almışam. Hələ dərdimi tapan olmayıb. Belə olarmı?”
A.Əlizadənin sözlərinə görə, həkimlər pasiyentin cibinə göz dikirlər: "Məcburdular. Ancaq bu ölkədə demək olar hamının 
əməkhaqqı aşağıdı. Hamımız cinayətkarmı olaq? Bu yaxınlarda qızımın qolu sındı. Ağır sınıq idi. Çox qorxdum. Əlim çatan yerlərdən dəstək istədim ki, uşağa yüksək səviyyədə yardım göstərilməsi üçün klinikanın rəhbərliyinə tapşırılsın. Ancaq gedişatda bir şeyi anladım. Sonucda yenə hər şey həkimdən asılıdı. Yaxşı həkim yoxdusa, istəyirsən Tanrı göydən düşüb tapşırsın, xeyri yoxdu. Pulla, tapşırıqla sağlamlığı qorumaq, bərpa etmək mümkün deyil. Bunu yalnız peşəkar həkim edə bilər. Və mən də bu məsələdə həkimimizin professionallığına güvənib hələlik müalicənin sonunu gözləyirəm. Ancaq nələr çəkirəm, nə qədər narahatam, bunu yalnız özüm bilirəm. Uşağın qoluna mil taxdılar. Bir neçə gün xəstəxanada qalmalı olduq. Mil səhv taxılmışdı deyə, yeri artıq qızarırdı. Bunu həmin gün növbətçi həkim etmişdi. Bizə təyin olunan həkim dərhal həyəcan təbili çaldı. Gips qoyulmasını tezləşdirdi ki, milin yeri çirk etməsin, əlavə problem yaşanmasın. Qızımla bir neçə gün Travmatoloji İnstitutda qaldıq. Qonşu palatada bir qadın Saatlıdan oğlunu gətirmişdi. Saatlıda uşağa səhv rentgen cavabı deyildiyinə görə, qol əyri bitib. Qol sınıb, rentgen həkimi isə sadəcə əzildiyini deyib. Ana icra başçısının qəbuluna gedib. Məsələni danışıb. O da qadını göndərib Bakıdakı Travmotoloji İnsitituta. Nəsimi bazarının yanında olan klinikaya. İndi uşaq şöbəsindəki həkimlər uşağı müalicə edirlər. Orda balaca Orxanın həkimi ilə də danışdım. Bilirsiz həkim mənə nə dedi? Dedi, Aysel xanım, insan deyilik, kişi deyilik? Bir kasıb qadının da uşağına kömək edə bilməyəcəyiksə, niyə həkim oluruq? Hər halda, həkimin bu sözləri məni rahatlatdı. Ona inandım. İnanmaq istədim. O ana-balanın yerinə sevindim. Fağır, sadə bir əyalət uşağıdı deyə, adi bir sınıqdan qolu ömürlük əyri qalmalıdı? Bu cinayətdi”.
Həmsöhbətimizin qənaətincə, səhv diaqnoz qoyan həkim dərhal işdən azad edilməlidir: "Hər belə həkim işdən qovulsa, insanlarda da inam yaranar. Həkimlər də daha məsuliyyətli olar. Bacarmayan bu sahədə işləməz. İnsan sağlamlığı ilə oynamaq, eksperiment aparmaq cinayətdi”.
Əvvəllər həkim işləmiş, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, ölkəmizdə ciddi təhsil yoxdursa, görkəmli həkimlər də olmayacaq: 
"Azərbaycanda yalnız tibb sahəsi deyil, digər sahələrdə də yüksək ixtisaslı kadrlar hazırlanmır”.
Təşkilat rəhbəri diqqətə çatdırıb ki, ölkəmizdə bu sahə zəif olduğuna görə vətəndaşlar kütləvi şəkildə xarici ölkələrə müraciət edirlər: "Halbuki vaxtilə dünyanın müxtəlif ölkələri Azərbaycan alimlərini dəvət edirdilər. Onların təcrübəsini öyrənirdilər”.

Həmsöhbətimizin fikrincə, ölkəmizdə elmə ayrılan vəsaitin azlığı səhiyyənin inkişafına imkan vermir: "Azərbaycanda elə bir məmur yoxdur ki, özü və yaxını xəstələnəndə, azərbaycanlı həkimə müraciət etsin. Bu fakt göstərir ki, bizdə tibb sahəsində vəziyyət bərbaddır”.

Partiya rəhbərinin qənaətincə, səhiyyəmizin acınacaqlı hala düşməsinin səbəblərindən biri də həkim məsuliyyətinin müəyyən edilməməsidir: "Xaricdə tibbi müayinə zamanı vətəndaşa dəyən ziyana görə həkim çox böyük məbləğdə cərimələr ödəyir. Cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycanda xəstəni öldürmək, pul alıb, müalicə etməməyə görə normativ aktlar yoxdur. Tibbin inkişafı, həkim məsuliyyətinin artırılmasını tələb edir. Belə olan halda tərəqqiyə nail olmaq olar. Təəssüf ki, bu da yoxdur. Ümumiyyətlə, ölkə səhiyyəsindəki problemlərin hüquqi, iqtisadi, sosial, mənəvi və siyasi aspektləri mövcuddur”.

Sonuncu dəfə nə vaxt müayinə olunduğunu xatırlamayan həmsöhbətimiz qeyd edib ki, bir qayda olaraq tanıdığı həkimlərə müraciət edir: "Həkimlikdən ayrılsam da, kifayət qədər tibbi məlumatım var. Bəzən isə həkimə də getmirəm. Özüm-özümü müalicə edirəm”.

Jurnalist Elşad Məmmədli də Azərbaycan səhiyyəsinə birmənalı olaraq güvənmir: "Bir neçə şəxsi tanışlığım olan və savadına bələd olduğum həkimlər var. Onlara güvənirəm. Sonuncu dəfə Azərbaycanda iki ay öncə müayinə olunmuşam. İki klinikada müayinədən keçdim, hərəsində ayrı-ayrı diaqnozlar qoyuldu. Ona görə də heç müalicə almadım. Yaxın bir həkimin verdiyi məsləhətlərlə müalicə almağa çalışıram. Səhiyyəmizdə keyfiyyət çox aşağıdır. Qiymətlər isə çox bahadır”.

Əvvəllər tibb sahəsi üzrə çalışan, "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri, politoloq Ərəstun Oruclu da ölkə səhiyyəsinə bel bağlamadığını söyləyib: "Bu sahədə çalışmışam deyə, yaxşı həkimlər tanıyıram. Yaxşı həkimlər var. Amma ümumi vəziyyət dözülməzdi. Tibbi xidmətin səviyyəsi və həkimlərin gəliri çox aşağıdır. Ona görə də bu sahədə rüşət və korrupsiya baş alıb, gedir”.

Ekspert səhiyyəmizin gücsüzlüyünü təchizat və təhsillə izah edib: "Ölkədə təhsil və təchizat çox zəifdir”.

Şair-publisist Aqşin Yenisey düşünür ki, biz hələ tibbi inkişafın orta əsrlər dövrünü yaşayırıq: "Baxın, bu gün Azərbaycan insanı səhiyyəmizdən yeni peyda olan xəstəliklərlə deyil, sadəcə, qarınağrısı, başağrısı, travmatoloji, nevroloji, psixoloji kimi primitiv xəstəliklərlə mübarizədə kömək gözləyir. Buna rəğmən yenə də ümidsizliyə düçar olur. Şəxsən mən özüm altı aydır ki, kəskin qaraciyər çatışmazlığından müalicə olunuram. Dövlət xəstəxanalarında gözümlə gördüyüm mənzərəyə əsasən deyə bilərəm ki, öz tibb təhsilimizin yetişdirdiyi həkimlərin ümidinə qalsaydım, indi builki qışın birinci qarını yüzdəyüz qəbirdə qarşılayacaqdım”.

Şairin sözlərinə görə, xəstəliklərin ən həssası olan psixoloji travmaları müalicə edən yerli mütəxəssislər oxuduqları fakültələrə cüzi balla qəbul olunurlar: "Yəni ən savadsız abituriyentlər gələcəyin psixoloqları kimi universitetlərə gəl-ged edən növcavanlardı. Ona görə avtobuslarımız, vağzallarımız, hətta ailələrimiz, yəni millətin iç-içə olduğu yerlər əməlli-başlı dəlixananı xatırladır. Böyüdüyüm rayonu misal gətirirəm. Dövlət bu rayonun mərkəzi xəstəxanasına ən müasir tibb avadanlığı alıb yerləşdirib. Ancaq həkimlərin o aparatlardan başı çıxmadığı üçün hətta yüngül xəstələri belə ya paytaxta göndərirlər, ya da dədə-baba yoluyla, eşşək südüylə, keçi qığıyla-zadla müalicə edirlər. Beş-altı istisna yaxşı həkimlərimiz var. İstisnalar da hər yerdə olduğu kimi, səhiyyədə də ümumi xarakteri müəyyən etmir”.

Azərbaycan səhiyyəsinə inanmadığını deyən "Axar”.az saytının redaktoru Anar Niftəliyev deyib ki, vətədaşlar xalqı da həkimlərimizə inanmır. Belə olmasaydı, bir ildə 800 min insan İrana, bir o qədər də Rusiya, Gürcüstan, Türkiyə və Avropaya müalicə və müayinəyə getməzdi.
Jurnalistin qənaətincə, Azərbaycanda həkimlər xəstəyə pasiyent deyil, "kliyent” kimi baxır: "Bu təfəkkürlə "kliyenti” soymağa girişirlər. Xəstəyə heç bir zəruri ehtiyac olmadığı halda torba-torba dərmanlar yazılır ki, firmalardan faiz alsınlar. Heç bir ehtiyac olmadan əməliyyata qaldırıb sağlam insanları kəsib-tökürlər ki, əməliyyat üçün yaxşıca pul alsınlar. Baxın, Azərbaycanda yeni, modern xəstəxanalar tikilir. Ən müasir avadanlıqlar alınır. Xəstəxanaların böyük əksəriyyətində o avadanlıqları işlədə bilən mütəxəssis yoxdur və yaxud o avadanlıqları qəsdən işlətmirlər. Dövlətin milyonlarla pula aldığı avadanlıqlar xəstəxanalarda toz altda qalıb. Bu savadsız, canımızın qəsdinə duran həkimlər isə yenə də öz bildiklərində, qətllərinə davam etməkdədirlər. Hər gün həkim səhlənkarlığından nə qədər ana, uşaq ölümü var, bilirsinizmi? Yazdıqlarımız və bildiklərimiz həkimlərin öldürdüklərinin heç bir faizi də deyil. Çünki biz müsəlmanıq və ölənlərimizi "Allah öldürdü” deyib səssizcə götürüb aparırıq. Həkimlər isə millətin bu psixologiyasından həyasızcasına istifadə edir, qətl və qarətlərini davam etdirirlər”.

Gənc yazar Kəramət Böyükçöl də səhiyyəmizə etibar etmir: "Heç müayinəyə də getmirəm. Bilirəm ki, heç bir xeyri olmayacaq. Həkimə getməyə qorxuram. Yalandan deyəcəklər ki, 2-3 gün ömrün qalıb. Ürəyim partlayar. Atam, anam tez-tez həkimə gedirlər. Görürəm, heç bir xeyri yoxdur. Ona görə də həkimə-zada getmirəm. Hələ ki, belə yaşayıram. Sonrası Allah kərimdir”.

Ayyət Əhməd