Bu görüntü necə yayılıb?

Həbsxanada “qanuni oğru”nun “sındırılması” əməliyyatı saxtadır


Cəzaçəkmə müəssisəsində bir məhbusa işgəncə verilməsi kadrları sosial şəbəkələrdə yayılıb. Kadrlara yazılan şərhlərdən məlum olur ki, döyülən məhbus noyabr ayında Moskvada həbs olunmuş "Zayka” ləqəbli "qanuni oğru” Zaur Əliyevdir. Moskva polisi onu azərbaycanlı biznesmenlərin oğurlanması və qətlində şübhəli bilərək həbs edib.

Deyilənə görə, bu şəxs azadlıqda olarkən "Lotu Quli” ləqəbi ilə məşhur olan Nadir Səlifovun ünvanına təhqiramiz ifadələr işlədib. N.Səlifovun tərəfdarları isə həbsdə olmasından istifadə edərək ona işgəncə verib və rəhbərlərindən üzr istəməyə məcbur ediblər. Maraqlı olan budur ki, bütün bu "sındırma” prosesi mobil telefon vasitəsilə görüntüyə alınıb. Deyilənə görə, görüntülər eyni yolla - yəni mobil telefon vasitəsilə Bakıda həbsdə olan "Lotu Quli”yə "yayımlanıb”.

Bu, son zamanlar "oğru aləmi”ndə baş verən saysız hadisələrdən biridir.

Hadisəni şərh edən Penitensiar Xidmətin sabiq rəisi, Məhbuslara Yardım Fondunun sədri Məmməd Zeynalov "Şərq”ə açıqlamasında cəzaçəkmə müəssisələrində bu kimi halların baş verməsinin gözlənilən olduğunu dedi:

- Burada qəribə heç nə yoxdur. Görünməmiş, qeyri-mümkün hadisə də deyil. Cəzaçəkmə müəssisələrinə mobil telefon da keçirirlər, başqa nə desəniz də. Həbsxanaları axtarsan, lap "atom bombası” da tapılar. Xüsusən də, "oğru aləmi”nin üzvü kimi tanınan adamların olduğu cəzaçəkmə müəssisələrində nə istəsən tapmaq olar. Mobil telefon nədir ki?! Narkotik vasitələr də içəri keçirilir. Doğrudur, qanunsuz vasitələrin cəzaçəkmə müəssisəsinə keçirilməsinə qarşı həmişə mübarizə aparılır, bu, bizdə də belədir, digər ölkələrdə də. Amma bu da reallıqdır ki, qanuna, qadağalara baxmayaraq yenə də məhbuslara qadağan olunmuş vasitələr ötürülür, onlardan içəridə istifadə edirlər. Həbsxanalarda məhbusların əlində kifayət qədər mobil telefon var. Bu da bir həqiqətdir ki, bəzi məhbusların hərəkətlərinə göz yumulur. Bu da səbəbsiz deyil. Çünki həmin məhbuslar bəzən informasiya mənbəyi rolu oynayır. Nəyinsə xətrinə onlara dəymirlər, güzəşt edirlər. "Oğru aləmi”nə gəlincə, onlar arasında həmişə nüfuz savaşı gedir. Əgər Zaur Əliyev haqqında KİV-lərdə yayılan məlumatlar doğrudursa və o, həqiqətən də "Lotu Quli”nin təsir dairəsində olan yerlərdən haqq tələb edirmişsə, əlbəttə ki, bunu ona bağışlamazlar.

Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov isə "Şərq”ə açıqlamasında bildirdi ki, bu məsələ qeyri-ciddi xarakter daşıyır:

- Mən bu məsələyə ciddi yanaşmıram. Cəzaçəkmə müəssisələrində internetə çıxış yoxdur. Mobil telefonun keçirilməsi də qanunla qadağandır və bu əmələ görə 6 ay həbs nəzərdə tutulur. Məhbuslar arasında dava ola bilər. Bu, hər yerdə baş verir. Bu zaman da daxili nizam-intizam qaydalarının pozulması, məhbuslara xəsarət yetirilməsinə görə, cəzaçəkmə müəssisəsinin daxili qaydalarına uyğun olaraq ölçü götürülür. Ümumiyyətlə, cəzaçəkmə müəssisələrində nəzarət ciddi olmalıdır, sakitliyin qorunmasına həbsxana personalı məsuliyyət daşıyır.

Onu da xatırladaq ki, sözügedən olayın Moskvanın "Matrosskaya tişina” cəzaçəkmə müəssisəsində baş verdiyi bildirilir.

Məlahət Rzayeva