Qonorar çıxış yolu deyil

İşləməyən şairlər, yazıçılar və rəssamların pensiya alması müəmmalı qalır


Hazırda "Yaradıcı şəxslər və yaradıcılıq birlikləri haqqında” qanunun ciddi müzakirə obyekti olduğunu deyən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərovun sözlərinə görə, həmin qanunda Azərbaycanda yaradıcı şəxslərə (şair, yazıçı, rəssam və bəstəkarlar) müəyyən səlahiyyətlərin verilməsi nəzərdə tutulub.

Bədii yaradıcılıqla məşğul olan şəxslərin vergidən azad olunma ehtimalını önə çəkən N.Cəfərovun sözlərinə görə, onların kitabı dövlət hesabına çap oluna, ədəbi orqanların, jurnalların, qonorarları artırıla bilər. Komitə sədri onu da qeyd edib ki, yalnız yaradıcılıqla məşğul olan şairlər, yazıçılar var ki, başqa işdə çalışmadıqları üçün pensiya yaşına çatanda pensiya ala bilmirlər. Amma bir zamanlar fərdi yaradıcılıqla məşğul olanlar, yaradıcılıq təşkilatının üzvləri heç bir yerdə işləmədən pensiya ala bilərdilər. Millət vəkili vurğulayıb ki, hər hansı yazıçı, şair yazdığı şeirə görə aldığı qonorardan Dövlət Sosial Müdafiə Fonduna pul ödəyəcək və həmin vəsaitə uyğun da pensiya alacaq. "Yaradıcı şəxslər və yaradıcılıq birlikləri haqqında” qanunu dəyərləndirən ədəbiyyatçılar isə hesab edir ki, mövcud situasiyada şairlərin, yazıçıların aldıqları 5-10 qonorardan Dövlət Sosial Müdafiə Fonduna pul köçürməsi çətin məsələdi. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, şair Qəşəm Nəcəfzadə də Nizami Cəfərovun təklifini təqdirəlayiq hesab etsə də, indiki qonorar sistemi ilə bu təkliflərin reallaşmasını mümkün hesab etmir:

"Nizami müəllim məsələni çox gözəl qaldırıb ki, bəzi şair və yazıçılar var ki, yalnız yaradıcılıqla məşğul olduqlarından pensiya yaşına çatanda pensiya ala bilmirlər. Amma bir məsələ var ki, qonorardan Dövlət Sosial Müdafiə Fonduna pul ödəmək çıxış yolu deyil. Daha doğrusu, qonorarla yara sağalmır. "Azərbaycan”, "Ulduz” jurnalları "Ədəbiyyat” qəzeti kimi mətbu orqanlar müəyyən qədər qonorar verir. Amma Azərbaycanda elə yaradıcı orqanlar var ki, ümumiyyətlə yazarlara qonorar vermir, ya da onlara ödənilən vəsait çox az olur”. Q.Nəcəfzadə bir şey də deyib ki, bəzi hallarda müvafiq qurumlara ödənilən vəsaitlər müqabilində heç nə görmürlər: "35 ildir ki, Həmkarlar İttifaqının üzvüyəm və bu fəaliyyətim müddətində hər il maaşımdan ora pul köçürmüşəm. Amma bir dəfə də olsun "pityofka” ala bilməmişəm. İndi başa düşürəm ki, boş yerə Hİ pul ödəmişəm. Həmin pulu Dövlət Sosial Müdafiə Fonduna köçürsəydim, heç olmasa, pensiya yaşıma çatanda işimə yarayardı”.

Sovet dövründə olduğu kimi, fərdi yaradıcılıqla məşğul olanlar, yaradıcılıq təşkilatının üzvlərinin heç bir yerdə işləmədən pensiya ala bilmə ehtimalından danışan Q.Nəcəfzadə indiki şərtlər altında bunun mümkün olmadığını deyib: "AYB-də işləyən insanların pensiya alması təmin edilə bilər. Amma bütün Birlik üzvlərinin pensiya alması məntiqli deyil. Azərbaycanda yaradıcı birliklər arasında təkcə elə AYB-nin 1500-dən artıq üzvü var. Onların hər birinə heç bir yerdə işləmədən pensiya yazılması müşkül məsələdir. Sovet dövründə Yazıçılar Birliyinin 200-300 nəfər üzvü var idi. Həmçinin, ədəbiyyatın təbliği fondu fəaliyyət göstərirdi ki, şairlər, yazıçılar ezamiyyətə göndərilir və bu zaman da onlara qonorar yazılırdı. İndi isə belə şeylər olmadığı üçün sıravi üzvlərə qonorar yazılmır.

Şair Murad Köhnəqala isə məsələyə qısa və lakonik münasibət sərgiləyib: "Millət vəkili ədəbi orqanlarda qonorarı artırmaq haqda da təklif səsləndirib. Əgər bu təklif reallaşsa, digərlərinin reallaşması problem olmaz”.

Şəymən