“Reytinqli” verilişlər cəmiyyəti cahilləşdirir

Nəticədə bir çox istedadlar efirdən, ölkədən uzaq düşür




Müğənni-bəstəkar Murad Arif ötən gün sosial şəbəkələrdə müzakirə olunan reytinqli verilişlər mövzusuna münasibət bildirib. Sənətçi reytinqlərin saxta yolla təyin olunduğunu iddia edib: "Reytinq şirkətləri əsasən, estetik zövq və maarifləndirmə aşılamayan proqramları birinci edib ki, kanallar da məhz o tip verilişlərə üstünlük versin. Nəticədə cəmiyyət günü-gündən cahilləşir. Bir çox istedad efirdən, ölkədən uzaq düşür. Deməli, baxımlı proqram boş veriliş deməkdir. Reytinq hesablayan şirkətlər isə xaricdən maliyyələşir. Sizcə, məqsəd nədir? İnstaqramda 25 min, "Facebook”da 15 min izləyicim var. Kimin evinə o reytinq hesablayıcı cihaz qoyulub? Bir şeyi nəzərə alın ki, reytinq ölçən cihazlar kabel televiziyasına və peyk antenalara aid ola bilməz. Kimin evində antena var? Hamı kanallara kabel televiziyası və ya peyk antenalarla baxmırmı?”. Qeyd edək ki, sosial şəbəkədə reytinq toplayan verilişlərin siyahısı yayımlanıb. Burada isə ən çox baxılan verilişlər məişət problemlərinin müzakirə olunduğu proqramlar seçilib.

Tanınmış rejissor Aqil M.Quliyevin reytinqli verilişlərlə bağlı fikirləri maraqlı oldu: "Biz özümüzdəki reytinq verilişlərdən danışırıq, ya xaricdə olan kanalların reytinqindən söhbət edirik? Bunlar fərqli məsələdir. Bəli, Avropada, digər dünya ölkələrində, söhbət inkişaf etmiş ölkələrdən gedir, televiziyaların reytinq sistemi fərqli şəkildə qurulub. Onlara nəzarət edən qurğular müəyyən razılaşma ilə evlərə quraşdırılır və müəyyən müddət ərzində insanların daha çox hansı verilişləri və ya kanalları izlədiyi müəyyən olunur. Bizdə isə verilişlərin reytinqini müəyyən edəcək rəsmi heç bir məlumat yoxdu. Çünki bəzən reytinqin arxasına gizlənib "mənim verilişim çox reytinqlidir” deyənlər də sadəcə boş söz danışmış olurlar. Əslində hansı əsaslarla bu reytinq hesablanır. Bunun cavabını Azərbaycanda verə biləcək adam, qurum tanımıram. Varsa deyin, biz də maraqlanaq ki, televiziyaların, verilişlərin reytinq cədvəli harada, hansı standartlarla ölçülür. Hansı reytinqdən danışırıq. Tamaşaçının diqqətini çəkmək üçün efirlərdə az qala yas qururlar. İnsan efiri izləyəndə, dəhşətə gəlmiş olur. Bununla tamaşaçını aldadıb, üstəlik də, reytinq adı arxasında pul qazanırlar. Bizdə reytinqli veriliş budur. Aparıcı "şok-şok” deyib, veriliş başlayandan tamaşaçını gözlədir. Sonda da ya deyirlər ki, bu məsələ barədə sabah məlumat veriləcək, ya da sonda məlum olur ki, ortada heç nə yoxdu. Kimsə arvadından ayrılıb, evində kimsə başqasını döyüb. Bunun üstündə reytinq qurmaq sizcə peşəkarlıqdı? Bizdə efirdə ya ağlamaqla reytinq tuturlar, ya da oynamaqla. Bundan da kimlərsə pul qazanır. Tamaşaçının hüquqları pozulur, amma bizim tamaşaçı da bunun fərqində deyil. Bir verilişi izləmək üçün tamaşaçı nə qədər mənasız reklama baxmaq məcburiyyətində qalır, əsəbləri tarıma çəkilir. Bunları aradan qaldırmaq lazımdı. Təbii ki, efirdə reklam yerləşdirmək lazımdır. Amma bir saatlıq verilişin yarım saatı reklama gedir. Yarım saat yerdə qalan vaxtın da bir hissəsi anonsa, digər hissəsi də ağlaşmaya. Bəzi aparıcılar özlərini o qədər ağıllı göstərməyə çalışır ki, sanki həmin insanların taleyi onun əlindədir. Bu peşəkarlıqdı, sizcə? Ağlaşma ilə özlərini reklam edib sonra da reytinqdən danışırlar. Kim ölçür görən bunu? Maraqlanın görün, Bakı şəhərində neçə adamın evinə ölçü cihazı qoyulub ki, reytinq müəyyən edilsin. Televiziyaların da öz iş sistemi var da. Xaricdən maliyyələşən və guya bizdə kanalların, verilişlərin reytinqinə nəzarət edən qurumlarla yəqin ki, sövdələşirlər və hərə öz marağını nəzərə alır. Yenə sonda tamaşaçını aldadırlar. Televiziyada nə vaxt maraqlı, maarifləndirici bir veriliş izləmisiz? Hamı biri-birini təkrarlayır. Bayağı, savadsız aparıcıların mənasız danışığı, bir-iki tanınmış, elə özləri savadda olan müğənnilərin bayağı mahnılarını eşitməkdən başqa nə təqdim edir kanallarımız? Hansı maraqlı tok-şou, insanların böyük marağını çəkə bilən intellektli proqramın adını saya bilərsiz ki, bu verilişlər cəmiyyətin maariflənməsinə və eyni zamanda əylənməsinə hesablanaraq hazırlanıb. Yoxdu bizdə bunlar. Ona görə də nə reytinqdən danışmağa dəyər, nə də onlara nəzarət edən yalançı qurumlara”.

Tanınmış teleaparıcı, tənqidçi, sənətşünaslıq elmləri namizədi Elçin Əlibəyli də telekanalların yaralı yeri olan reytinq məsələsinə münasibət bildirdi: "Hələ reytinq heç nəyi həll etmir, o, əsas göstərici deyil” ifadəsi TV işçilərinin dilində əzbərdən deyilən təskinlikdir. Əslində, reytinq əsasdır və hər şeyi də o həll edir. Verilişin taleyini, orada çalışanların gəlirini də bəzən əlahəzrət reytinq müəyyənləşdirir. Teleməkana isə bir reytinq kabusu hakim kəsildiyindən bir sıra dəqiqləşmələrə ciddi ehtiyac var. Beləliklə...

Reytinq fokus teleqrupların evlərində qurulan cihaz (tutaq ki, piplmetr) və ya sorğu-anket üsulu ilə hesablanan verilişin baxımlılıq göstəricisidir. Əvvəlcədən deyək ki, reytinq teleyayımçılardan daha çox reklamverici şirkətlər üçün nəzərdə tutulub. Böyük şirkətlərin reklam yerləşdirilməsi işi ilə ya xarici ölkələrdə olan baş ofis, ya da agentliklər məşğul olur. Bir çox və ya əksər hallarda onlara nə verilişin adı, nə də məzmunu heç nə demir və heç o qrafaya baxmadan rəqəm, yəni baxımlılıq faizinə əsasən reklam yerləşdirilir. Beləliklə, media planı bunun əsasında qurulur.

Ölkəmizdə də reytinq ölçən şirkətlər var. Onların iş prinsipindən, fəaliyyətindən danışmamış bir mühüm fərqi qeyd edək ki, istər Rusiyada, istərsə də Türkiyədə reytinq göstəriciləri təsnifləndirilir. Yəni informativ, analitik, əyləncəli, yumoristik, musiqili proqramlar, kinofilmlər, seriallar qruplaşdırılır və hər birinin ayrıca ölçülməsi aparılır. Bizdə isə bu təsnifləndirmə olmadığından, çox ciddi problemlər meydana çıxır və yayımçıların işinə mane olur. Çünki əyləncəli və ya yumoristik proqramla analitik proqramı müqayisə etmək, onların baxımlılığını eyni nizamla ölçmək heç bir məntiqə sığmır və bunu yanlış addım kimi dəyərləndirmək lazımdır. Ölkəmizdə top 20 və ya 50-də əsas yerləri əyləncə tutur və belə mənzərə yaranır ki, digər janrlı verilişlərə az baxılır (sensasion və qalmaqallı proqramlar istisna olmaqla). Əslindəsə, yuxarıda dediyimiz təsnifat aparılarsa, mənzərə aydınlaşar, bir çox suallar cavabını tapar.

Bəli, reytinq baxımlılığın ideal ölçü vahidi deyil. Amma hələ bundan yaxşısı ixtira olunmayıb deyə, Çörçillin məşhur deyimini yozub reytinq anlayışını belə ifadə etmək olar. Reytinq mükafat deyil, TV işçilərinə oxunmuş hökmdür...”

Tahirə