Sahib Məmmədov hələ ölüm faktını araşdırmayıb

“Həbsxanaya baş çəksəm belə, açıqlama verməyəcəm”


"14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov deyib. O bildirib ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı Penitensiar Xidmətin ictimaiyyətə rəsmi açıqlaması verilib: "Hadisə ilə bağlı, eləcə də məhkum Elşad Babayevin vəfatı ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb və istintaq aparılır”. Məlumat üçün bildirək ki, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elşad Babayev dekabrın 22-də müəssisədə dünyasını dəyişib. Mərhumun qohumları E.Babayevin morqda çəkilmiş fotolarını yayaraq, onun "nadzorların” dəhşətli işgəncələri nəticəsində dünyasını dəyişdiyini iddia ediblər. Olayla bağlı bir müddət əvvəl mətbuata açıqlama verən Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvü Sahib Məmmədov hadisənin düzgün işıqlandırılmadığını və komitə üzvü kimi 14 saylı cəzaçəkmə müəssisəsinə baş çəkdikdən sonra prosesi dəqiq öyrənəcəyini demişdi. Həbsxanada yaşanan ölüm hadisəsi ilə bağlı yeni məlumat əldə edib-etmədiyini öyrənmək üçün Sahib Məmmədovla əlaqə saxladıq. Komitə üzvü "Şərq”ə açıqlamasında cəzaçəkmə müəssisəsinə getmədiyini bildirib. Həmçinin, S.Məmmədov deyib ki, onun sözügedən həbsxanada baş verən olayın şişirdilməsi ilə bağlı söylədikləri düzgün anlaşılmayıb: "Mən bildirdim ki, bəzən informasiyalar şişirdilmiş şəkildə ictimaiyyətə ötürülür. Məsələn, həbsxanaya qoşun yeridilməsinin şişirdilmiş xəbər olduğunu dedim. Məgər ölüm hadisəsini şişirdilmiş hesab etmək olar? Orada konkret bir məhkum dünyasını dəyişib. Əlbəttə, bu, ciddi araşdırılmalı və cinayətkarlar cəzasını tapmalıdır. Hamı eşitdiyini, ağzına gələni danışır. Axı məhkumların ailə üzvləri bu cür xəbərlərdən narahat olurlar. Ona görə də mən bu haqda danışmamaq qərarına gəlmişəm. Düzü, hələlik həmin cəzaçəkmə müəssisəsinə baş çəkməmişəm, amma indidən deyirəm, ora getsəm belə, bu barədə mətbuata açıqlama verməyəcəm. Çünki dediklərim başqa cür başa düşülür”.

İsmayıl