Yeni avtobusların qiymətinin 150 min avro olması şübhəlidir

Sosial şəbəkələrdəki diskussiyalarda maraqlı faktlar aşkarlanır



Avtobuslarda gediş haqlarının qaldırılacağı ehtimalları əhalinin aztəminatlı təbəqəsini əməlli-başlı narahat edib. Hətta elə sərnişinlər var, yeni avtobuslara minməkdən imtina edirlər. Elə bilirlər, təzə avtobusda yolpulu 40 qəpikdir. Əhalinin narahatlığı da, ehtiyatlı davranmağı da səbəbsiz deyil.

Bir neçə gün əvvəl Nəqliyyat Nazirliyinin tabeliyində olan idarə rəsmisi Əmrah Cəfərov yeni avtobusların 150 min avroya alındığını və ictimai nəqliyyatdakı hazırkı gediş haqlarının aktuallığını itirdiyini demişdi və əlavə etmişdi ki, gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət ediləcək. Doğrudur, Tarif Şurası gediş haqlarının qaldırılmasının gündəmdə olmadığını bildirdi. Amma ox yayından çıxdığından, sərnişinlər belə güman edir ki, yeni avtobusların dəyəri əvvəl-axır əhalinin başında çatlayacaq.

Bu arada sosial şəbəkələrdə yeni avtobuslarla bağlı maraqlı iqtisadi diskussiyalar açılıb. Diskussiyalara tanınmış iqtisadçı İlham Şaban da qoşulub. Onun və digərlərinin fikirlərini təqdim edirik:

"Nəqliyyat Nazirliyi Türkiyədə istehsal edilmiş "İSUZU” markalı 50 ədəd avtobusun alınması üçün VTB-dən 7 milyon dollar kredit alıb. Belə başa düşmək olar ki, orta hesabla 1 avtobusun qiyməti 140 min dollardır. Ancaq məsələ onun qiymətində deyil. Neft Fondumuz 2013-cü ilin mayında VTB-nin 2,95 faiz səhmini almaq üçün 500 milyon sərmayə yatırdı və... ARDNF-nin cari ilin yanvar-sentyabr hesabatından oxuyuruq: "2014-cü ilin 9 ayı ərzində valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 962,7 milyon manat təşkil etmişdir”... Bunun açması bilirsiniz nədir?”

Başqa bir istifadəçi yazır:

- Mən Türkiyə saytlarına baxdım, 2014-cü ilin aprel ayında istehsal edilmiş və sürüldükdən sonra noyabrda hansısa şirkət tərəfindən satışa çıxarılmış "İsuzu Nova” şəhər içi avtobus 354 min TL-yə təklif edilirdi. Yəni o zamanın kursu ilə hardasa 110 min dollara.

Bu fikirlərə iqtisadçı İlham Şabanın şərhi isə belədir:

- Yox, elə şeyə inanmaq olmaz - metro vaqonları və ya dəmir yoluna yuksək sürətli vaqonlarla bağlı da lap Musa Pənahov səviyyəsində o qədər açıqlama verilmişdi ki, sonda düz çıxmadı...

Şəhər içi avtobus 150 min avroya olar, ancaq bu, Fransa istehsalı və ya Almaniya istehsalı olan avtobuslar markasında. Daha belə ekonom klassda yox... 150 min avroluq avtobusun fotosu mənim divarımda var - sadəcə axtarıb tapmaq gərəkdir.

Xəbərlərə şərhdə NN-in 7 milyon USD kredit alması xəbəri də təəccüblə qarşılanır:

Nazirlik niyə kredit alır ki? Hanı şirkətlər?

Həqiqətən də, maraqlı sualdır.

Məsələyə münasibətində nəqliyyat üzrə ekspert Ərşad Hüseynov gediş haqlarının qaldırılmasının yalnız Nəqliyyat Nazirliyinin arzusu olduğunu dedi:

- Birincisi, mən o avtobusların qiymətinin 150 min avro olmasına şübhə edirəm. İkincisi, lap tutaq ki, yeni avtobusların qiyməti 150 min avrodur. Yaxşı, hansısa şirkət kommersiya fəaliyyəti ilə məşğul olmaq istəyir, gedir, müqavilə bağlayır, bahalı avtobusları gətirir ölkəyə, Nəqliyyat Nazirliyi də avtobusun bahalığını "əsas” gətirib gediş haqlarının qaldırılmasını təklif edir. Bu çox məntiqsizdir. Hətta mən deyərdim ki, hökumətə təzyiq vasitəsidir. Hətta şantaj kimi də görünür. Bu mənada ki, deyirlər, gediş haqlarını qaldırmasanız, gedib "xlam” gətirəcəyik. İqtisadiyyatdan azacıq başı çıxan birisi hesablayıcı maşını qarşısına qoyub ödənilən məbləğlə, kreditin məbləğini, faizini tutuşdurub, görər ki, xərclənən vəsait gediş haqlarının qaldırılmasına heç bir iqtisadi əsas vermir. Gediş haqlarının qaldırılması Nəqliyyat Nazirliyinin subyektiv istəyi, arzusudursa, buyursunlar, bunu açıq bildirsinlər, əsassız, məntiqsiz təkliflərlə hökuməti çətinə salmasınlar, əhalini də qıcıqlandırmasınlar.

Lap tutaq ki, Nəqliyyat Nazirliyi üçün götürdüyü həmin krediti ödəmək çətindirsə, hökumət onları vergidən azad edə bilər. Bundan başqa, məqsədli dövlət kreditləri var ki, aşağı faizlə verilir. Buna uyğun olaraq da çox qəşəng avtobuslar almaq olar. Daha, özlərindən gündə bir söz çıxarıb, "ağlaşma” qurmağa ehtiyac qalmaz.

Məlahət Rzayeva