“Hara gedək” Bakıya gələn turistlərə də yardımçı olacaq

Cəfər Nəcəfovun proqramını almaq üçün Türkiyədən təklif gəlib




Azərbaycanlı proqramist Cəfər Nəcəfov tərəfindən hazırlanmış "Hara gedək?” adlı naviqasiya proqramı yerli istifadəçi sayına "App Store”də dünyanın məşhur "Facebook”, "Whatsapp”, habelə "İnstagram” kimi proqramlarını geridə qoyub.

Proqram yenicə yaranmasına baxmayaraq, artıq bir həftədən çoxdur, "Hara gedək?” proqramı top reytinqdə birinci yerdə qərarlaşıb. Proqramın müəllifi, kompüter üzrə mütəxəssis C.Nəcəfov bizimlə söhbətində bildirdi ki, proqramın adı təsadüfən belə adlandırılmayıb: "Fikirləşdim ki, təkcə biz yox, hamı öz-özünə bu sualı verir - hara gedək? Qərara aldım ki, belə bir proqram yaratmaqla insanlara xidmət edim. Heç mən görmədim ki, respublikamıza yaxın ölkələrdə - Türkiyədə, Rusiyada belə proqramlar olsun. Bu proqramdan istifadə edənlər onların yerləşdikləri məkanlara yaxın obyektlərin yeri haqqında ətraflı məlumat ala bilir. Obyektin üzərinə "klik” etməklə marşrut barədə xəbər əldə etmək olur. İstəsə, zəng etməklə sifariş də verə bilər”.

C.Nəcəfov Türkiyədən bu proqramın alınması ilə bağlı təklif gəldiyini və danışıqlar getdiyini bildirib: "Məsələn, "Hara gedək?” adını "Nereye gedek? əvəzləyərək qardaş ölkədə istifadə etməklə bağlı müraciət ediblər”.

Kompüter proqramının müəllifi "Hara gedək?” proqramının "Baku-2015” Avropa Olimpiya oyunları ilə bağlı ingilis dilində versiyasının da hazır olduğunu söyləyib: "Bu, oyunlar zamanı ölkəyə gələn turistlərin istifadə edə bilməsi üçün "Baku City” adı artıq "android” versiyası hazırdır. İnşallah, yaxın zamanlarda "iPhone” markalı telefonlar üçün də proqram hazırlanacaq”.

Proqramın hazırlanmasına xərclənən vəsaitə gəlincə, C.Nəcəfov "Android” və "iPhone”-a yükləmək üçün 25 və 100 dollar ödəniş olduğunu açıqlayıb: "Ümumilikdə proqram özüm tərəfinindən hazırlandığı üçün böyük xərcim çıxmayıb”.

Məlumat üçün bildirək ki, proqramdan istifadə etmək istəyənlər "android” platformasında çalışan telefonlar üçün "Google play”, "iPhone” telefonlarının "Apps store” bölməsindən yükləyə bilərlər.

Vüqar Şahinoğlu