7 rayonun qaytarılması yeni məsələ deyil...

“Dağlıq Qarabağın statusu barədə də məsələ aydın olmayana qədər Ermənistanla hansısa əməkdaşlıq mümkünsüzdür”



Rusiya İctimai palatasının nümayəndəsi, Dövlət Dumasının keçmiş üzvü, politoloq Sergey Markov Ermənistanın blokadadan çıxması və Azərbaycanın 7 rayonunun qaytarılmasından danışıb. Onun fikrincə, böyük güzəştlər üçün rahat siyasi vəziyyət tədricən yaradılır: "Ermənistan Avrasiya layihələrinə qoşulur.

Bunun üçün ona blokadadan çıxmaq lazımdır. Bu, faktiki olaraq problemlidir. İnanıram ki, güzəştlər olacaq və bu güzəştlərin mahiyyəti təqribən bu cürdür: Ermənistan 7 rayonu qaytarır, əvəzində Azərbaycan və Türkiyə blokadanı geri çəkir. Bu güzəştlər hər iki tərəf üçün sərfəlidir. Lakin "DQR”-in statusu həll edilmədiyi üçün bu, müvəqqəti qərardır. Bununla belə, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə müsbət danışıq və razılıqlara əsas yaradır”.

Rusiyalı ekspertin bəyanatını şərh edən politoloq Elçin Mirzəbəyli "Şərq”ə bildirib ki, bu, yeni ideya deyil. Onun sözlərinə görə, bu məsələdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın statusundan söhbət getmir: "Yəqin S.Markov da bunu bilərəkdən vurğulamır. Amma Azərbaycanın mövqeyi bəllidir. Dağlıq Qarabağın statusu barədə də məsələ aydın olmayana qədər Ermənistanla hansısa əməkdaşlıq mümkünsüzdür”.

Rəsmi İrəvanın Aİİ-yə qatılmasına gəlincə, E.Mirzəbəyli deyib ki, bu nə Ermənistana, nə də ittifaqın digər üzvlərinə iqtisadi baxımdan xeyir gətirməyəcək: "Düşmən ölkənin birliyin digər üzvləri ilə heç bir sərhədi yoxdur. Üstəgəl, separatçı rejim onlara dividend gətirəcək gücdə deyil. Yeganə çıxış yolu region ölkələri ilə əməkdaşlıq etməkdir. Bu əməkdaşlığa gedən yol isə Ermənistanın işğalçılıq planlarından əl çəkməsindən keçir”.

Politoloq onu da diqqətə çatdırıb ki, rusiyalı ekspertlərin avantürist açıqlamalarına diqqət yetirmək lazım deyil: "Onların əsas məqsədi Azərbaycanda ictimai rəyi öyrənməkdən ibarətdir. Amma gözəl bilirlər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan rəsmi İrəvanla münasibətdən söhbət gedə bilməz”.

Ayyət Əhməd