95 yaşlı AzərTAc...
Dövlət agentliyi 24 saat ərzində 7 dildə informasiyalar yayırAslan Aslanov: “Biz 130-dan çox ölkənin media qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmuşuq”
Mətbuat tariximizdə özünəməxsus yeri olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) yaranmasından düz 95 il ötür. 1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan AzərTAc ilk milli xəbər agentliyi kimi mürəkkəb və şərəfli yol keçib. AXC-nin süqutundan sonra agentlik SİTA-nın filialı kimi fəaliyyət göstərib və 70 il ərzində adı 7 dəfə dəyişdirilib. Nəhayət, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentliyin tarixi adı özünə qaytarılıb. 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.
AzərTAc bu gün ölkə həyatının bütün sahələri - ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və digər sahələr haqqında fasiləsiz olaraq 24 saat ərzində yeddi dildə - Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və çin dillərində operativ informasiyalar yayır. Bu sıraya ayda 30 mindən artıq xəbər, 80 mindən çox foto, 800-dən artıq videoxəbər, 30-dən çox infoqrafika materialı daxildir. Dünyanın bir çox nüfuzlu informasiya agentlikləri mötəbər və etibarlı xəbər qaynağı kimi tanınan AzərTAc-ın informasiyalarından istifadə edir. Regionda 7 dildə informasiya və videoxəbər yayan yeganə agentlik də məhz AzərTAc-dır. Qlobal informasiya məkanında özünəməxsus yer və mövqe tutan bu agentlik 2004-cü ildən dünyanın nüfuzlu informasiya agentliklərini özündə birləşdirən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının üzvüdür. Hazırda OANA-nın saytında yerləşdirilən informasiyaların sayına görə liderdir. 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına daxil olan AzərTAc, eyni zamanda Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının, Türkdilli Xəbər Agentlikləri Birliyinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının təsisçilərindən biridir.
2011-2013-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına sədrlik edən AzərTAc hazırda Türkdilli Xəbər Agentlikləri Birliyində eyni missiyanı həyata keçirir.
AzərTAc 40-a yaxın ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurla əməkdaşlıq edir. Yaxın günlərdə daha bir neçə ölkənin informasiya agentlikləri ilə müqavilələr imzalanıb.
2008-ci ilin sentyabrında AzərTAc OANA-nın İcraiyyə Komitəsinin "Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclasına ev sahibliyi edib. İlk dəfə olaraq, Avropa və Asiyanın 20-dən çox ölkəsinin informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli
təmsilçiləri Azərbaycan paytaxtına toplaşıb. Bilavasitə milli agentliyin təşəbbüsü ilə OANA-nın və EANA-nın rəhbərliyi ilk dəfə bu iclasda bir araya gəlib.
2013-cü ilin sentyabr ayında OANA-nın Moskvada keçirilən XV Baş Assambleyasında AzərTAc-ın Baş direktoru qurumun vitse-prezidenti və üçüncü dəfə Büro üzvü seçilib. Həmçinin OANA-nın növbəti Baş Assambleyasının Bakıda keçirilməsi, 2016-2019-cu illərdə bu quruma milli agentliyin sədrliyi barədə qərar qəbul olunub. 2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin iştirakı ilə keçirilən Xəbər Agentliklərinin IV Konqresində AzərTAc daha bir uğura imza atıb. Konqresin qərarına əsasən Xəbər Agentliklərinin V Dünya Konqresinə 2016-cı ildə Azərbaycan ev sahibliyi edəcək. Bununla da 2016-2019-cu illərdə Xəbər Agentliklərinin Dünya Konqresinə sədrliyi AzərTAc-a keçəcək.
Xarici ölkələrdəki müxbir şəbəkəsi, beynəlxalq əlaqələrinin coğrafiyası ildən-ilə genişlənən AzərTAc-ın bu gün 21 ölkədə - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, İspaniya, İtaliya, Çin, Yaponiya, İsveç, Rumıniya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan və Türkmənistanda, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.
"Facebook”, "Twitter”, "YouTube”, "İnstagram” kimi sosial şəbəkələrdə AzərTAc-ın Azərbaycan, ingilis və fransız dillərində profilləri fəaliyyət göstərir. Agentliyin Azərbaycan dilində "facebook” səhifəsinin daimi istifadəçilərinin sayı 110 min nəfərə yaxınlaşır, əhatə dairəsi isə orta hesabla 20-50 milyon nəfər arasında dəyişir. ABŞ-ın sosial medianın təhlili ilə məşğul olan "SocialBakers” analitik şirkətinin statistikasında AzərTAc-ın Azərbaycan dilində "Facebook” səhifəsi ölkənin ən sürətlə artan profilləri və media səhifələri sırasında ilk beşlikdə, informasiya agentlikləri arasında birinci yerdə dayanır.
95 yaşlı agentliyin fəaliyyəti ölkə başçısı tərəfindən də yüksək qiymətləndirilib. Yubiley ərəfəsində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla agentliyin adı dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırılıb. Həmçinin, dövlət başçısının digər sərəncamları ilə agentliyin iki əməkdaşına "Əməkdar jurnalist”, üç əməkdaşına "Əməkdar mədəniyyət işçisi”, bir əməkdaşına isə "Əməkdar mühəndis” adı verilib. Yeddi əməkdaşı isə "Tərəqqi” medalı ilə təltif edilib. AzərTAc-ın perspektivləri cəlbedicidir. Hazırda agentlik üçün orijinal layihə əsasında müasir tələblərə uyğun bina inşa edilir. Agentlik yaxın vaxtlarda öz fəaliyyətini ən son texnoloji avadanlıqla təchiz olunması nəzərdə tutulan yeni binada davam etdirərək yeni hədəflərə doğru daha qətiyyətlə irəliləyəcək.
AzərTAc-ın baş direktoru Aslan Aslanov deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan agentliyi quranlar bilirdilər ki, bu agentlik Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan bir quruma çevriləcək: "AzərTAc çox çətin və şərəfli yol keçib. Bütün maneələrə baxmayaraq, hətta keçmiş sovet məkanında da AzərTAc öz xəbərləri ilə tanınır. Agentlik Azərbaycan haqqında xəbərləri ölkənin sərhədlərindən kənara çıxara bilirdi. Bütövlükdə Azərbaycan dilində informasiyanın formalaşmasında və ölkəmizin informasiya siyasətinin müəyyənləşdirilməsində agentlik əvəzsiz rol oynayıb. Ən əsası isə 95 illik bir dövrdə Azərbaycanın tarixi salnaməsini yaradıb”. Baş direktor AzərTAc-ın möhkəm əsaslar üzərində qurulmasında və dünya informasiya məkanında layiqli yer tutmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini də xatırladıb: "İstər sovet dövründə, istərsə də müstəqillik illərində ümummilli lider AzərTAc-a xüsusi diqqət və qayğı göstərib. Agentliyin maddi-texniki bazası yeni, müasir avadanlıqlarla möhkəmləndirilib, kadr potensialı gücləndirilib. Bu gün Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxmaq əzmindədir. Dünyada söz və nüfuz sahibidir. Bütün bunlar AzərTAc-ın da dünya informasiya məkanında nüfuzunun artmasına mühüm təsir göstərir”. A.Aslanov agentliyin beynəlxalq əlaqələrindən də danışıb və diqqətə çatdırıb ki, hazırda dünyanın bir çox nüfuzlu informasiya agentlikləri ilə AzərTAc arasında ikitərəfli əlaqələr mövcuddur: "Biz 130-dan çox ölkənin media qurumları ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmuşuq. Dünya informasiya siyasətini müəyyənləşdirən ən nüfuzlu alyans - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında AzərTAc artıq 10 ilə yaxındır ki, rəhbər heyətdədir. 2013-cü ildən isə agentliyin baş direktoru bu böyük alyansın vitse-prezidentidir. Azərbaycan Dövlət İnformasiya Agentliyi eyni zamanda, Dünya Xəbər Agentlikləri Konqresində də fəal təmsil olunur. Dünyanın digər nüfuzlu media qurumu olan Avropa Xəbər Agentlikləri Alyansına keçmiş sovet respublikaları arasında yalnız üç agentlik - TASS, Ukrinform və AzərTAc üzv ola bilib”.
AzərTAc-ın 95 illik yubileyində iştirak edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, 2016-cı ildə Azərbaycanın Dünya Xəbər Agentliklərinin V Konqresinə ev sahibliyi olduqca önəmlidir və dövlətimiz buna xüsusi hazırlaşır. Ölkəmizdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin geniş vüsət aldığını vurğulayan Prezident Administrasiyasının rəsmisi deyib ki, Azərbaycan dövləti bu gün ictimai, siyasi, mədəni, idman və digər mühüm tədbirlərin keçirildiyi beynəlxalq mərkəzə çevrilib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz, xalqımız öz inkişafının sürətini gündən-günə artırır, müasirləşir, dünyanın qabaqcıl ölkələri və xalqları arasında layiqli yerini tutur”.
AzərTAc-ın 95 illik yubileyini təbrik edən Əli Həsənov bildirib ki, agentliyin kollektivi Azərbaycanın 95 illik tarixinin yazılı salnaməsini yaradıb: "Azərbaycan jurnalistikasının ən fədakar nümayəndələri AzərTAc-da və digər xəbər agentliklərində çalışırlar. AzərTAc-ın baş direktoru başda olmaqla bu kollektiv iyirmi ildən artıqdır müasir müstəqil Azərbaycanın yazılı salnaməsini yaradır. Ölkəmizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə uğurlu inkişafını təbliğ edirlər”. Çıxışının sonunda AzərTAc-ın bütün kollektivinə uğurlar arzulayan Əli Həsənov əminliklə bildirib ki, agentlik bundan sonra da Azərbaycan həqiqətlərinin dünyada daha geniş coğrafiyada yayılması istiqamətində səylə çalışacaq.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb