Ərdoğanın 10 min lirə cərimələnməsi doğru qərar deyil
Əgər yerli əhalinin rəyi öyrənilsəydi, Qarsın yarıdan çoxu azərbaycanlı olan əhalisi qətiyyən abidənin qoyulmasına icazə verməzdi. Həmin abidənin qoyulmasında siyasi çalarlar var idi
"Ucubə heykəli” davasında qərar açıqlanıb. Məhkəmə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın heykəlin müəllifi Mehmet Aksoya 10 min lirə (təxminən 4000 manat) təzminat ödəməsinə qərar verib. Xatırladaq ki, Türkiyə-Ermənistan sərhədindəki "Qardaşlıq abidəsi” adlanan və türk-erməni dostluğunu ehtiva edən abidənin tikintisinə 2006-cı ildə başlanılıb.
Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmayıb. Bir neçə il öncə baş nazir olan Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililərin sökülməli olduğunu deyib. O, məlum abidənin əcaib "ucubə” olduğunu bəyan edərək sökülməsini bildirib. Ərdoğanın çıxışından sonra heykəl ümumiyyətlə dağıdılıb. Hadisədən sonra sənət əsərinə, şərəf və ləyaqətinin təhqir edildiyini iddia edən heykəltəraş M.Aksoy Ərdoğanı məhkəməyə verib.
Məhkəmənin hökmünü dəyərləndirən politoloq Qabil Hüseynli qərarın şübhəli olduğunu deyib. Ekspertin fikrincə, məhkəmə qərəzli hərəkət edərək, hüququn üstünlüyünə deyil, emosiyaya uyğun qərar çıxarıb: "Abidə sənət əsəri olmasına baxmayaraq, izinsiz qoyulub. Özü də Ermənistan-Türkiyə münasibətlərinin gərgin olduğu bir dövrdə Qars bələdiyyəsinin kürd başqanı Naif Əlibəyoğlunun razılığı ilə qoyulub. Amma Türkiyə qanunlarına görə, bu tipli abidələr rəsmi Ankaradan verilən xüsusi sərəncam əsasında qoyulur. Təbii olaraq, belə bir abidədən xəbərsiz olan Prezident Qarsa gələrkən abidəni görür və onun bölgənin memarlıq üslubuna uyğun gəlmədiyini vurğulayaraq "əcaib tikili” adlandırır. Güman etmirəm ki, Ərdoğan bu sözləri ilə sənətə və ya sənətkara hörmətsizlik edib. Burada müəllifin şəxsiyyətini təhqir elementi yoxdur”. Politoloqun fikrincə, "erməni açılımı”nın elan edilməsi o demək deyil ki, kürd əsilli bələdiyyə başqanı yerli əhalinin rəyini öyrənmədən özbaşına addım atsın: "Əgər yerli əhalinin rəyi öyrənilsəydi, Qarsın yarıdan çoxu azərbaycanlı olan əhalisi qətiyyən abidənin qoyulmasına icazə verməzdi. Həmin abidənin qoyulmasında siyasi çalarlar var idi. Şəxsən görüşdüyüm qarslılar da abidənin provokasiya niyyəti ilə qoyulduğunu deyirdilər. Narazı olan yerli əhali rəsmi Ankaraya məsələ ilə bağlı dəfələrlə şikayət edib. Yəni problem təkcə Ərdoğanla bağlı deyil. Özü də
Ərdoğan abidə ilə bağlı fikirlərini söyləyərkən və onun götürülməsini tələb edərkən yerinə daha əzəmətli və mənalı bir heykəlin qoyulması tapşırığını verib. Prezident abidəyə qanunlar çərçivəsində və kifayət qədər etik formada etiraz edib. Burada heç kimin şərəf və ləyaqəti alçaldılmayıb. Əgər müəllif həqiqətən heykəlin təəssübünü çəkirsə, onda Ermənistandan xahiş etsin və abidəni Gümrüdə qoydursun”.
İsmayıl