ABŞ gördü ki, Türkiyə PKK-nı məhv etməyə israrlıdır

Ona görə də Afrin əməliyyatında terrorçuları yalnız buraxdı




ABŞ-ın dövlət katibi Reks Tillerson və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Gerbert Makmaster yaxın günlərdə Türkiyəyə rəsmi səfər edəcək. Məlumata görə, iki ölkənin rəsmiləri hazırda səfər üzərində ciddi çalışırlar.

Səfərlərin gedişində müxtəlif məsələlərin, o cümlədən Suriyadakı əməliyyatların müzakirə olunacağı bildirilir. Xatırladaq ki, ötən il ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Suriyadakı kürd dəstələrinə silah verilməsinin tam dayandırılacağını vəd etmişdi. Bir qədər sonra isə Pentaqon kürdlərin silahla təchizatının davam etdiyini bildirmişdi. Bu səbəbdən Vaşinqton və Ankaranın münasibətlərində gərginlik hökm sürürdü. Ehtimala görə, nəzərdə tutulan mühüm səfərlər həm regiondakı prosesləri dəyərləndirmək, həm də ikili münasibətləri mümkün qədər normallaşdırmaqdır.

Məsələ ilə bağlı "Şərq”ə danışan Sivilizasiyalar və Konfliktlər Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli bu cür önəmli görüşlərin böyük əhəmiyyətə malik olduğunu deyib.
 
Ekspertin fikrincə, iki önəmli müttəfiq ölkə arasında gələcək münasibətlərin necə formalaşacağı bu cür görüşlərdən asılıdır: 

"Türkiyə artıq əvvəlki ölkə deyil ki, Amerika istədiyi vaxt Ankaranın "könlünü alsın” və öz məqsədlərinə nail olsun. ABŞ gördü ki, Türkiyə Silahlı Qüvvələri PKK-nı məhv etməyə israrlıdır. Ona görə də Afrin əməliyyatında terrorçuları yalnız buraxdı. Fikrimcə, amerikalılar artıq terrorçulara verdikləri dəstəyi bitirməyi düşünürlər. Tillerson və Makmasterin səfərinin mahiyyəti həm də PKK-nın gələcəyini Türkiyə ilə müzakirə etməkdir. Üstəlik, Vaşinqton rəsmiləri çalışacaqlar ki, Türkiyənin Menbiçə girməsinin qarşısını alsınlar. Təbii, Türkiyənin də öz şərtləri olacaq. Əsas şərt isə terrorçuların silahlandırılmasına son verməkdir”.

İsmayıl