ABŞ-la Rusiya arasında kompromis mümkün deyil

Əgər Tramp Rusiya ilə yaxınlaşma siyasəti yeritsə, yaxın günlərdə ona qarşı da sui- qəsd ola bilər



ABŞ-ın raket əleyhinə müdafiə sistemi Rusiyaya qarşı gizli bir nüvə raket hücumu keçirməyə imkan yaradıb. Bu açıqlama ilə Rusiya Baş Qərargahının general-leytenantı Viktor Poznixir çıxış edib. General deyib ki, Rusiyaya yaxın məsafədə dənizlərdə və okeanlarda ABŞ-ın raket əleyhinə müdafiə gəmilərinin olması Moskvaya qarşı gizli nüvə hücumu təşkil etmək üçün güclü zəmin yaradır: "Fikrimcə, reallıqlar gözardı edilir, həqiqət gizlədilir.

ABŞ raket əleyhinə müdafiə sisteminin Rusiya və Çini hədəf almadığını iddia edir. Ancaq Amerikanın atdığı addımlar dediklərini təkzib edir”. Rusiyanın narahatlığı ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, ABŞ-ın Avropada və Rusiyaya sərhəd bölgələrdə raket qurğuları yerləşdirməsi Kremlin maraqlarına birbaşa zərbə vurur. Ekspertin fikrincə, Amerika Şərqə doğru silahlanmanı məhz Rusiyaya qarşı həyata keçirir: "Güman etmirəm ki, ABŞ və Rusiya arasındakı gərginlik tezliklə hərbi müstəviyə keçəcək. Tərəflərin maraqları daha çox Yaxın Şərq regionunda toqquşur. Rusiya və Amerika öz ərazilərindən kənar dövlətlər uğrunda əlaqələri korlayır, biri-birinin maraqlarına zidd addımlar atırlar. Əgər iki ölkə birbaşa öz əraziləri daxilində yerləşən hərbi bazalara raket zərbələri endirsələr, bu, artıq nüvə müharibəsinin başlanması demək olar. Nə Vaşinqton, nə də Moskva hələlik buna getməz. Son illər ərzində xeyli zəifləmiş Rusiya faktorundan istifadə edən ABŞ birqütblü dünya yaratmaq istəyirdi. Lakin Rusiya əvvəlki gücünü bərpa etmək üzrədir. Hazırda dünyanın bölüşdürülməsi uğrunda yeni savaş başlayıb. Bu baxımdan ABŞ və Rusiya öz maraq dairələrini genişləndirməyə çalışırlar. Ola bilər ki, üçüncü dövlətlərdə iki ölkənin maraqları toqquşsun, hətta lokal müharibə də yaşansın. Amma tərəflərin biri-birinə birbaşa zərbələr endirməsi ağlabatan deyil”.

Siyasi şərhçi xatırladıb ki, seçkiqabağı təbliğatda ABŞ Prezidenti Donald Tramp Rusiya ilə yaxınlaşacağını iddia edirdi. Lakin Tramp fərqindədir ki, Putinlə yaxınlaşması onun sonunu gətirə bilər: "Vaxtı ilə eks-prezident Con Kennedi bu addımı atmaq istəyirdi. Ona görə də sui-qəsd nəticəsində aradan götürüldü. Əgər Tramp Rusiya ilə yaxınlaşma siyasəti yeritsə, yaxın günlərdə ona qarşı da sui-qəsd ola bilər. Çünki Tramp müəyyən dairələrin nəzərətində olan bir fiqurdur. Trampın və ya Putinin şəxsiyyəti hansısa problemi həll etmir. ABŞ diplomatiyası kiçik Corc Buş dövrünə qayıdır. Bu baxımdan istər Yaxın Şərqdə, istər MDB məkanında Amerika ilə Rusiyanın maraqları toqquşacaq. Sadəcə olaraq MDB-də Rusiyanın, Yaxın Şərqdə isə ABŞ-ın möhkəmlənməsi uğrunda mübarizə gedə bilər. Reallıq odur ki, dünyaya nəzarət uğrunda iki super güc bir-biri ilə savaşır. Əlbəttə, müəyyən bölgələri centlmen razılığı ilə biri-birinə güzəştə gedə bilərlər. Lakin qlobal proseslərdə Rusiya və Amerikanın kompramis əldə edəcəyi mümkün görünmür”.

İsmayıl