ABŞ və Qərb çox çalışır...

Amma Bəşər Əsəd rejimi devrilməyənə qədər Türkiyə İŞİD-ə qarşı vuruşmayacaq



İŞİD-ə qarşı yaradılmış hərbi koalisiya müqavimətini daha da sərtləşdirməyə qərar verib. Genişmiqyaslı əməliyyatların yaxın vaxtlarda başlayacağı gözlənilir. Artıq İraq ordusu və şiə könüllüləri bu məqsədlə hərəkətə keçib və Tikrit şəhərində İŞİD-in müdafiə xəttini sındırıb.

Əməliyyata dəstək məqsədi ilə Türkiyə İraq hökumətinə hərbi ləvazimat daşıyan iki təyyarə göndərib. Koalisiyanın dəstəklədiyi İraq ordusu İŞİD-in nəzarətindəki bölgələrə hərbi qüvvələr cəlb etməkdə davam edir. Bu arada Avstraliya hökuməti də ABŞ-ın hərbi yardım haqda xahişinə müsbət cavab verərək İŞİD-lə mübarizə çərçivəsində İraq ordusunun hərbçilərinə təlim keçmək üçün 300 hərbi təlimçi göndərib. Bəs görəsən, bütün bu çalışmalar İŞİD-in tamamilə məhv

edilməsinə gətirib çıxaracaqmı? Ümumiyyətlə, terrorçu qruplaşmaya dəstək verməkdə ittiham olunan Qərb dövlətləri genişmiqyaslı hərbi əməliyyatlarda yaxından iştirak edəcəklərmi?

Məsələni dəyərləndirən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov hesab edir ki, İŞİD-i zəiflətmək mümkün olsa da, tam məhv etmək imkansızdır: "Əslində İŞİD-i kimin yaratdığı və himayə etdiyi bəlli məsələdir. Hamı bilir ki, terrorçu qruplaşma vaxtı ilə "Əl-Qaidə”nin balaca bir qolu idi. Koalisiyanın yaradılması yaxşı şeydir. Amma sanki terrorçulara qarşı real müharibədən daha çox savaş görüntüsü yaradılır. Ona görə də indiki əməliyyatların İŞİD-i məhv edəcəyini düşünmək yersizdir. Çünki radikal qrup böyük bir əraziyə nəzarət edir. Eyni zamanda "Əl-Qaidə”, "Taliban”, "Hizbullah” və s. terror təşkilatlarının indiyə qədər varlığını qoruması onların birdəfəlik aradan qaldırılmasının qeyri-real olduğunu deməyə əsas verir. Görünür, elə məqsəd də onları müəyyən mənada neytrallaşdırmaqdır. Çünki müəyyən dairələr İŞİD-in həmin bölgədə qalmasında maraqlıdır. Aparıcı dövlətlər terrorçu təşkilatlara qarşı mübarizədə səmimi olduqlarını isbat etməlidir”.

Türkiyənin aktivləşməsinə də toxunan professorun sözlərinə görə, Qərb, xüsusilə ABŞ çox çalışdı ki, Türkiyənin əli ilə Suriya və İraqa quru qoşunlarını yönləndirsin. Amma Türkiyə birmənalı şəkildə bundan imtina etdi: "Rəsmi Ankara haqlı olaraq öz ərazisindən sadəcə dəhliz kimi istifadə edilməsinə razılıq verdi və bəyan etdi ki, Bəşər Əsəd devrilməyənə qədər İŞİD-ə qarşı vuruşmayacaq. Çünki kiminsə təhriki ilə başqasına qarşı mübarizə aparmaq təhlükəli tendensiyadır. Fikrimcə, Türkiyə koalisiyaya qoşulsa da, müttəfiqlərdən artıq heç bir hərəkət etməyəcək”.

İsmayıl