" “ADEX -2018” sərgisində yerli və xarici şirkətlərlə müqavilələr bağlanıb" - Silah ixracatımız genişlənir





"ADEX -2018” beynəlxalq sərgisi artıq 3-cü dəfədir Azərbaycanda keçirilir. Bu sərgi hərbi parad və genişmiqyaslı təlimlər kimi dövlətimizin gücünü nümayiş etdirir”.

Bunu "Sherg.az”a açıqlamasında hazırda sərgidə iştirak edən hərbi ekspert, "AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov deyib.

Ekspertin sözlərinə görə, əvvəlkilərlə müqayisədə budəfəki sərgiyə qatılan ölkələrin və şirkətlərin sayı daha çoxdur:

"Şübhəsiz, növbəti sərgilərdə bu say daha da artacaq. Müdafiə Sənayesi Nazirliyi sərgidə çox sayda yerli silahları, aviasiya bombalarını, raketlərini, pilotsuz uçuş aparatlarını nümayiş etdirir. Bu silahların hamısı Azərbaycan müdafiə sənayesinin bir neçə il ərzində qət etdiyi yolu göstərir. 

Sərgidə nümayiş olunan milli silahlar, yerli istehsal məhsulları Azərbaycanın hərbi qüdrətini ortaya qoyur. Sərgi həm də Azərbayycanın silah ixracatını genişləndirməsi baxımından önəmlidir. Çünki bu tip sərgilər keçirildikcə Azərbaycana gələn xarici ölkələrin hərbi qurumları bizim məhsullarla tanış olur və almaq istədiklərini bəyan edirlər”.

R.Süleymanov bildirib ki, sərgi çərçivəsində həm yerli, həm də xarici şirkətlərlə yeni müqavilələr bağlanılıb:

"Məlumdur ki, Azərbaycanda Müdafiə Sənayesinə tabe olmadan özəl fəaliyyət göstərən xeyli şirkət var və sayları get-gedə artmaqdadır. Sərgidə Azərbaycanın özəl şirkətlərinin istehsalı olan texnikalar da nümayiş olunur. Yerli şirkətlər əsasən gödəkçələr, kaskalar, akumulyatorlar, dronlar və digər məhsullar istehsal edirlər”.

Qeyd edək ki, Bakıda 3-cü "ADEX-2018” beynəlxalq müdafiə sərgisi başlayıb. Bakı Ekspo Mərkəzində keçirilən sərgidə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edib. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr "ADEX 2018” sərgisinə qatılıblar. Sərgidə digər sektorlarla yanaşı, hərbi-aviasiya sənayesi də geniş təqdim olunacaq. Sərgi sentyabrın 27-də başa çatacaq.

İsmayıl