“Adını sən seç...”

Sabir Abdinin şeirlər kitabı çap olunub


Sabir Abdinin "Adını sən seç...” adlı şeirlər kitabı çap olunub. Bu kitab Azərbaycan Yazıçılar Birliyinin "aybKitab” layihəsinin nəşridir. "Adını sən seç” kitabında müəllifin son illərdə yazdığı maraqlı və son dərəcə həyati şeirləri toplanıb. Bu poeziya bir növ müəllifin iç dünyası, yaşam və gündəmlə bağlı narahatlıqlarından doğan düşüncələr qaynağıdır.

Müəllifin özündən əvvəl şeirləri ilə tanış olduğunu vurğulayan ön söz müəllifi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin sözlərinə görə, Sabir Abdinin şeirləri səmimi özünü təhlildən doğur. Onun şair "mən”lərinin bədii obrazı olan lirik qəhrəman özünə qarşı barışmazdır, güzəştsiz və hətta qəddardır: "Mən özümə qarğışam!” tipli şeirlərini ancaq bu misranın tutumu ilə təqdim etmək olar. Müəllifin şeirlərinə tanınmış bəstəkarlar tərəfindən 100-dən artıq mahnı bəstələnib. Əslinə qalsa, şairin ən yaxşı şeirləri bəstələnməmiş mahnı kimi yaranıb dil sadəliyi, metafora bənzərsizliyi, bir də dua üçün, azan üçün, sevgi üçün, sənət üçün çox vacib olan səmimiyyət bu şeirlərin poetik ruhunu təşkil edir. Onu da deyək ki, lirik şairin şeirlərində bəzən fəlsəfəçilik lirizmi üstələyir. "Ölüm və mən” adlı şeirində olduğu kimi:

Mən öləndə,

"öldü” deməyin,

"köçdü” deyin!

Mən öləndə sızlamasın yaxınlarım, əzizlərim.

Axı, bu dünyada əbədi olan, əbədi qalan bir

ovuc torpaq olacağam.

Və o torpağı əllərinə alıb, tütya kimi

Üzünə-gözünə sürtüb məni oxşayacaqsan.

Və sən də yaşayacaqsan.

Köçənlərlə köçməyəcəyəm, qalanlarla

Qalacağam.

... Məzarımın üstündə bir ağac bitəcək.

O ağacın kökləri mənim torpağımdan göyərəcək.

Və o ağac yavaş-yavaş böyüyəcək,

Qol-budaq atacaq,

ətrafa kölgə salacaq.

Və sən də o ağacı görüb sevinəcəksən.

Bəzi şeirlərində isə bədii məntiq pozulur:

Sonuncu yarpaq da düşdü ağacdan,

Düşdü gözlərimdən bir cüt göz yaşı.

Aldım əllərimə mən o yarpağı,

Kəsdi yollarımı yarpaq yağışı.

Qeyd edək ki, müəllifin ilk kitabı hələ 16 yaşında olarkən 1978-ci ildə Yardımlı rayonunda çıxan "Yeni kənd” qəzetində dərc olunub. Sonradan isə "Demə mənə, heç nə demə”, "Qınamasın bu yurd məni”, "Mənə dəniz verin”, "Sənə məktublarım”, "Sizsiz, sizinlə...” kimi şeir kitabları çap olunub.