“Ağırlıq Milli Məclisin üzərinə düşür”

Əli Məsimli: “Ona görə də bir çox piketlər məhz parlamentin qarşısında keçirilir”



Ötən gün Milli Məclisin iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2014-cü il üzrə hesabat verib.
Ombudsman bildirib ki, fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 114 min 690, 2014-cü ildə isə 13 min 150 müraciət daxil olub. Həmin müraciətlərin 74,2 faizi şikayətlərdən, 25,8 faizi isə ərizələrdən ibarət olub. E.Süleymanova deyib ki, 2014-cü ildə aparatda və regional mərkəzlərdə ümumilikdə 2468 şəxs qəbul edilib. 388 şəxs isə əvvəllər təqdim etdikləri müraciətlərlə bağlı aparatda qəbul olunub, onlara müvafiq məsləhət və izahat verilib.

O bildirib ki, cəzaçəkmə müəssisələrində, həbsxanalarda, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, hərbi hissələrdə, uşaq, ahıl və əlil evlərində, internatlarda baxışlar zamanı 3547 şəxs qəbul edilib. Onun sözlərinə görə, şikayətlərin müvəkkilin səlahiyyətlərinə aid olmaması halları nəzərə alınaraq onların 51 faizinə baxılmaqdan imtina edilib: "Yerdə qalan şikayətlərin 49 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların 56,8 faizi təmin olunub. Bundan başqa, Ermənistan tərəfindən atəşkəsin müntəzəm pozulması nəticəsində yaralanaraq əsir düşən və ya girov götürülən vətəndaşlarımızın, o cümlədən, əsgərlərin azad olunması və onların qaytarılması ilə bağlı dəfələrlə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edilib. Müvəkkilin vəsatəti ilə fəaliyyəti dövründə 455 məhkum əfv edilib və ya barələrində amnistiya aktı tərtib edilərək azadlığa buraxılıblar”.

"Bu şəxslər törətdiyi konkret cinayətə görə həbs edilib”

Bundan sonra müvəkkilin hesabat sənədini millət vəkilləri müzakirə edərək, fikirlərini, təkliflərini səsləndiriblər.
"Ombudsmanın hesabatı mükəmməl hazırlanıb. İllik məruzədən görünür ki, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq yüksək səviyyədə qurulub”.

Bu sözləri sənədə münasibət bildirən deputat Musa Qasımlı deyib. Millət vəkili qeyd edib ki, Ombudsman Aparatı vətəndaşların etimadını qazanıb. M.Qasımlı bir məsələnin hesabatda öz əksini tapmamasına da diqqət çəkib: "Dünyadakı bəzi təşkilatlar, QHT-lər Azərbaycanda guya insan hüquq və azadlıqlarının pozulmasına dair hesabat hazırlayırlar. Yaxşı olardı ki, bu məsələlər də ombudsmanın hesabatında öz əksini tapaydı”.

Deputat Musa Quliyev isə ombudsmanın hesabatına irad bildirib. O, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində dinamik işlərin getdiyini, dövlət və hökumətin bu istiqamətdə lazımi tədbirlər gördüyünü qeyd edib: "Hesab edirəm ki, insan hüquq və azadlıqlarının qorunması ikitərəfli işdir. Bu məsələdə həm hüquq-mühafizə orqanları, həm də vətəndaşlar özləri xüsusi rol oynamalıdır. Təcrübə göstərir ki, öz hüquqlarını bilən şəxsin hüquqlarını pozmaq mümkün olmur. Ancaq hesabatda həbs edilən hüquq müdafiəçilərinin, siyasi fəaliyyəti olan insanların və mətbuatda işləmiş, sonradan həbs edilən şəxslərin adları xüsusilə qeyd edilib. Təbii ki, bu şəxslər törətdiyi konkret cinayətə görə həbs edilib. Hesab edirəm ki, ya onların adları xüsusilə qeyd edilməməlidir, ya da bütün müraciət edən vətəndaşların adları hesabatda sadalanmalıdır”.

"Onlara səslənib deyirəm ki, hər kəs öz funksiyasını vaxtında yerinə yetirsinlər”

Müzakirələrə qoşulan deputat Əli Məsimli bildirib ki, hesabatı yüksək qiymətləndirir: "Bu məruzəni məqbul hesab edirəm. Təkliflər hissəsi xüsusi vurğulanmalıdır. Vətən uğrunda canından keçən insanların ailələrinə sığorta pulunun verilməsi ilə bağlı təkliflər səsləndirilib. Əlaqədar təşkilatlar bu işi vaxtında görmədiklərindən bütün iş yenə də Milli Məclisin üzərinə düşüb. Ona görə də bir çox piketlər məhz parlamentin qarşısında keçirilir. Digər təklif isə bankların ödənişlərin vaxtından əvvəl yerinə yetirilməsi ilə bağlıdır. Onu qeyd edim ki, hazırda vaxtından əvvəl ödənişlər yox, dollarla borcu geri ödəmək problem yaradan məsələlərdəndir. Yenə də əlaqədar qurumlar bunu uzadıb işi sonda MM-in üzərinə atacaq. Ona görə də indidən onlara səslənib deyirəm ki, hər kəs öz funksiyasını vaxtında yerinə yetirsinlər. Necə ki, parlament bunu edir. Çünki Mülki Məcəllədə hesablamaların manatla olmasını özündə əks etdirən müddəa yer alır”. Millət vəkili qeyd edib ki, hesabatda ipoteka kreditləri ilə bağlı səsləndirilən təkliflər günün əsas mövzusudur: "Mən də təklif edərdim ki, ipoteka kreditlərinin miqdarı 50 mindən 70 manata çatdırılsın ki, gənc ailələr, heç olmasa, 2 otaqlı ev ala bilsinlər”.

"Vətəndaşlarımızın xaricdə dini təhsil almalarına qadağa qoyulmalıdır”

"Azərbaycanlı gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulmalıdır”. Bu təkliflə isə millət vəkili Zahid Oruc çıxış edib. O bildirib ki, xaricdə təhsil alan bəzi azərbaycanlılar bəzi siyasi dairələrin təsirinə düşürlər.

Zahid Oruc bildirib ki, bununla bağlı "Dini etiqad azadlığı haqqında” qanuna da müvafiq dəyişikliklər edilməlidir: "İslam Universitetinin müəllimləri dini təhsil vermək baxımından beynəlxalq standartlara cavab verməyə bilərlər. Bu baxımdan da daha yüksək səviyyədə dini təhsil vermək üçün kənar yerdən müəllimlər həmin universitetə cəlb edilə bilər. Lakin Azərbaycan gənclərinin xaricdə dini təhsil dalınca getmələrinə icazə vermək olmaz. Yaxınlarda Milli Təhlükəsizlik Nazirliyi anti-terror əməliyyatı keçirdi. Həbs olunan gənclərdən ikisi xaricdə ali dini təhsil alıb. Onlar ölkədə çevrilişə cəhd edərək şəriət dövləti yaratmağa cəhd ediblər.
Bunun qarşısı alınıb. Təklifimin kökündə də bu məqamlar dayanır”. Z.Oruc ombudsmanın hesabatını isə müsbət qiymətləndirib.

"Sapı özümüzdən olan baltalardırlar”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bəzi beynəlxalq təşkilatların insan hüquq və azadlıqlarına dair hesabatına toxunub. Millət vəkili bildirib ki, bir qrup beynəlxalq təşkilat Azərbaycan dövləti haqqında şər kampaniyası aparmaqda davam edir: "İndi Bakıda keçiriləcək I Avropa Oyunları haqda şayiələr yayılır. "Eurovision” ərəfəsində də belə kampaniya gedirdi. Onlar erməni mənşəli, qrant verib sonra şapka aldığı şəxsləri dəstəkləyənlərdir. Buradan bir qrup şəxs də onlara material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı, erməni mənbəsindən qrant alaraq saxladığı QHT-lərdir. Sapı özümüzdən olan baltalardırlar. Hesab edirəm ki, millət vəkilləri, ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoysun. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir”. S.Novruzov vurğulayıb ki, İsveçrə səfirliyində bir adamı 6 aydır ki, gizlədirlər. O, bununla səfirlikdə gizlənən jurnalist və hüquq müdafiəçisi Emin Hüseynova diqqət çəkib: "Bu adam milyonlarla qrant alıb, 240 min manatı vergidən yayındırıb. Mən təklif edirəm ki, ombudsman İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gündə bir məcburi köçkünə və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin”.

Müzakirələrdən sonra ombudsmanın ötən illə bağlı verdiyi hesabat səsə qoyularaq qəbul edilib.

Anar Bayramoğlu