"Aİ ilə yeni sazişləri müzakirə etməyə hazırıq, o şərtlə ki..."







"Sazişlərin mahiyyətinin siyasiləşdirilməsi, proseslər ətrafında bir neçə gedişli oyunları, digər ölkələrin maraqlarına toxunan məqamları istisna etmək lazımdır”.

Bunu "Sherg.az”a Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında müzakirə olunacaq yeni saziş haqqında danışarkən politoloq Tofiq Abbasov deyib. 

O vurğulayıb ki, Azərbaycan özünün daxili işlərinə qarışma cəhdlərini önləmək üçün əvvəlki sazişlərin müzakirəsində müəyyən məqamları nəzərə almışdı:

"Azərbaycanla münasibətlərdə digər ölkələrin maraqlarına aid olan, onların təhlükəsizliyini şübhə altına qoyan və s. məqamlar da ikitərəfli formata sığmır. Aİ hansısa standartları bizə sırımadan, sırf iqtisadi sahədə əməkdaşlıqları gündəmə gətirirsə, yeni sazişləri müzakirə etməyə hazırıq. Aİ adekvat şəkildə anlayır ki, hansısa sənədi Azərbaycana zorla sırımaq olmaz. Bu baxımdan, sıfır nöqtəsindən başlayıb, ortaq sənədi işləyib, hazırlasalar, dövlətimiz imzalama prosesində iştirak edə bilər”.

Qeyd edək ki, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın sözlərinə görə, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur. O deyib ki, yeni saziş hazırlanır və bu saziş gələcək əməkdaşlığın əsasını təşkil edəcək.

Aysel Aslan