Ailə başçısını itirən tək övlad ön cəbhəyə aparılmasın

Zahid Oruc parlamentdə məsələni qaldıracaq, Aydın Mirzəzadə isə buna ehtiyac görmür



Milli ordumuz ötən şənbə daha bir zabitini torpağa tapşırıb. Bu dəfə cəmi 23 yaşı olan zabitimiz, leytenant Allahverdi Baxışlı Erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində döyüş postunda həlak olub. Qeyd edək ki, şəhidimizin atası Əbülfəz Baxışlı da 20 il əvvəl birinci Qarabağ müharibəsində şəhid olub. Allahverdi evin tək oğlu olub. Deməli, onun ölümü ilə anası və bacısından ibarət olan ailə başsız qalıb. Odur ki, qəhrəman leytenantın vaxtsız, lakin şərəfli ölümü yenidən tək oğlan uşaqlarının orduya getməməsi, yaxud da ailənin tək oğlanlarının ön cəbhəyə aparılmamasını özündə əks etdirən "Hərbi xidmət keçmə haqqında” qanuna dəyişikliklərin qəbulunu yenidən gündəmə gətirib. Tək oğullar əsgərliyə getməsə belə, dövlətin lazımi qədər ordusu, qüvvəsi var deyənlərlə yanaşı, bunun ayrı-seçkilik olduğunu düşünənlər, yaxud da hər kəsin hərbi xidmətdən keçməsinin zəruri olduğunu düşünənlər də az deyil. Arqumentlər isə fərqlidir. Birincilər bir nəslin tükənməsini, digərləri isə müharibə şəraitində olduğumuzu əsas gətirir.

Müsahiblərimizin fikirləri hər nə qədər haçalansa da, onlar tək oğlan uşaqlarının ön cəbhədə xidmət keçməməsində həmrəy oldular.

Şəhid leytenantımızın timsalında ailənin tək oğlanlarının ön cəbhəyə aparılması məsələsinə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc deyib: " Milli ordumuzun daha bir zabitinin şəhid olması xəbəri hamımızı ağrıdan xəbərə çevrildi. Çünki 23 yaşlı şəhid leytenant Allahverdi Baxışlı haqda xəbər yayılarkən bəlli oldu ki,
onun atası da şəhid olubmuş. Bununla da bir nəslin davamı zərbə altına alındı. Onun şəhid övladı, eyni zamanda ailənin tək övladı olması ilə bir ailənin həyatı bitdi”.

Ailə başçısını itirən, tək övladlı ailələr üçün dəyişikliklər mütləq edilməlidir

Qanunvericilikdə mütləq dəyişikliklər edilməsinin tərəfdarı olan millət vəkilinin sözlərinə görə, zamanında tək övladlı ailələr üçün məsələ qalxanda deyildi ki, bu, on minlərlə insanın hərbi xidmətdən qalmasına səbəb ola bilər. "Mən də razıyam ki, bütövlükdə onları xidmətdən azad etmək yanlışdır. Burada söhbət ailənin tək övladlarına möhlət hüquqlarının verilməsi, yaxud xidmətə çağırılmamağından getmir. Ailə başçısını itirən, tək övladlı ailələr üçün dəyişikliklər mütləq edilməlidir. Hesab edirəm ki, bu məqam dislokasiyalar üzrə bölgüdə öz əksini tapmalıdır. İstənilən şəkildə valideynini itirən ailənin tək övladının ön cəbhədə xidmət məsələsinə mütləq baxmalıyıq. Zənn edirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıların göndərişini həyata keçirərkən belə şəxsləri istisna hal kimi digər siyahılara daxil etməlidir. Onlar cəbhəyanı ərazilərdən 40-50 kilometr uzaqlıqda xidmət etməlidir ki, ailənin çırağı da sönməsin. Parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvü olaraq, bu məsələni parlamentin növbəti sessiyasında qaldıracam”.

Evin tək oğlunun ümumiyyətlə orduya çağrılmamasına gəldikdə isə millət vəkili ideya baxımından bu vəziyyətin anlaşılan olduğunu deyib: "Çünki bu cür ailələr dünyaya yenidən övlad gətirmək imkanından məhrum olduqları təqdirdə bu məsələ ciddi bir milli problemə çevrilir. Ancaq bu təklifi reallaşdıran zaman biz bir şeyi göz önünə gətirməliyik ki, bu gün tək oğlan uşağına sahib ailələrin sayı nə qədərdir? Bəlli olacaq ki, son illər ailə planlaşdırması məsələsi ölkəmizdə belə bir mənzərəni meydana çıxarıb ki, bir oğula sahib olan ailələrin sayı on minlərlədir. Hətta bir qız uşağı olan və olmayanlardan ibarət ailələrin sayını toparlasaq, ümumi çağırışçıların içərisində onların xüsusi yeri olduğunu görəcəyik. Məsələnin digər tərəfindən baxanda isə sanki hüquq sistemi vətəndaşlar arasında qeyri-bərabərlik yaratmış olar. Yəni belə çıxır ki, 2 və 3 övlad sahibi olan, daha çox sosial ağırlıq götürən, müəyyən problemləri öz gücü ilə həll edən, sabah da ölkə üçün əsgər hazırlayacaq vətəndaşlarımız sanki ölkənin qayğısını daha çox daşımış olarlar. Əslində isə qanun vətəndaşlar arasında bərabərliyi təşviq etməlidir. Onu da deyim ki, tək uşağın əsgər çağırılmaması eyni zamanda çox oğlan uşağına sahib olma prosesinin sanki qarşısını alır. Adamlar düşünə bilərlər ki, bir oğlana sahib olmaq onlar üçün bu cür güzəşt vəd edirsə, mən niyə ailə üzvlərimin sayını artırmalıyam? Yəni, tək övladın hərbi xidmətdən azad olunması, bir çox ailələrə stimul verə bilər ki, gələcəkdə tək övlada üstünlük versinlər”.

Bütün oğlanlar hərbi hazırlığa malik olmalıdırlar

Digər millət vəkili Aydın Mirzəzadə isə müharibə şəraitində olan Azərbaycanda evin tək oğlanları üçün hansısa güzəştlər edilməsini doğru hesab etmir:

"Bu bizə yaxşı heç nə verməyəcək. Müharibə bitdikdən, torpaqlar qaytarıldıqdan, Qarabağ münaqişəsi həll olunduqdan sonra orduya çağırılmada hansısa güzəştlər tətbiq edilə bilər. Yalnız ailənin tək övladı olarsa, bu zaman hansısa güzəştdən danışıla bilər. Yəni, əgər ailənin 1 qızı, 1 oğlu varsa, onda həmin şəxs əsgər getməlidir. Bu güzəşt də ancaq müharibə bitdikdən sonra edilə bilər. İndi münaqişə vəziyyətində olan ölkə üçün hərbi təlimlər mütləqdir. Bütün oğlanlar hərbi hazırlığa malik olmalıdırlar. Müharibə şəraitində olan ölkə istər-istəməz çox sayda əsgər saxlamalıdır”.

Hərbi ekspert, psixoloq Azad İsazadə də demoqrafik cəhətdən bu qanunun qəbul olmasına imkan olduğunu deyib. Lakin ekspert burada müəyyən psixoloji problemlərin yaranacağından ehtiyat edir. "Sabah müharibə baş verərsə və həmin tək oğullara ehtiyac yaranarsa, o, hərbi hazırlığa istənilən səviyyədə olmayacaq. Ona görə də bu baxımdan tək oğullar da əsgərlik hazırlığı keçsə yaxşı olar. Odur ki, mən də tək uşaqların ümumiyyətlə orduya getməməsinin yox, sadəcə onların ön cəbhəyə göndərilməməsinin tərəfdarıyam. Onlar arxa cəbhədə hərbi təlimlərdə iştirak edə bilərlər. Alternativ hərbi kurslar təşkil oluna bilər”.

Dövlətə yalnız ön cəbhədə fədakarlıq lazım deyil

Allahverdi Baxışlının şəhid olmasından bərk sarsıldığını vurğulayan Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu da düşünür ki, qanunvericilikdə bu barədə bir maddə olmalıdır: "Əgər yoxdursa, bu artıq böyük boşluqdur. Bir övladı olan, atasını itirən çağırışçılar ön cəbhəyə aparılmamalıdır. Atası şəhid olmuşdusa, ön cəbhəyə göndərilməməli idi. Dövlətə yalnız ön cəbhədə fədakarlıq lazım deyil”.

Jurnalistin sözlərinə görə, Allahverdi Baxışlı arxa cəbhədə saxlansa idi, onun itkisi bir nəslin tükənməsinə səbəb olmazdı: "Onun ölməsi ilə bir ailə, bir nəsil üzərində faciə quruldu. Bu, yolverilməzdir. Onsuz da Xocalı soyqırımında, Meşəlidə, Cəmillidə kifayət qədər bütöv nəsillər itirmişik. Hesab edirəm ki, indiki dövrdə evin tək oğlunu ön cəbhəyə yollamaq yolverilməzdir, bu çox ciddi qüsurdur, ciddi səhvdir. Problem aradan qaldırılmalıdır. Bu istiqamətdə müzakirələr aparılmalıdır. Bu zaman mənim də əlimdən nə gəlirsə, etməyə hazıram”.

Şəymən