Ailəni yıxan xəstəlik: “Topaz” məqsədsiz və təhlükəli nəsil yetişdirir

Günümüzdə futbol mərc oyunlarına maraq göstərənlərin sayı durmadan artır. Təbii ki, mərc oyunları arasında "Topaz”ın xüsusi yeri var. "Topaz” istifadəçilərinin böyük hissəsinin gənclərdən və yeniyetmələrdən təşkil olunması isə cəmiyyəti narahat edən əsas məsələdir. Çünki bu gənclər günlərinin əksər saatlarını kitab oxumağa, idmana, biliklərinin artırılmasına deyil, "Topaz” kantorlarında xərcləyirlər. Hətta son zamanlar azyaşlıların və xanımların da bu cür mərc oyununa meyillənməsi diqqətdən qaçmır. Lakin dəhşətlisi odur ki, qumar oyunları idmana olan həvəs kimi təqdim edilir, təbliğ olunur.
Ötən gün "Topaz”da çalışan Orxan Muxtarov adlı yeniyetmənin polis tərəfindən saxlanması qumar mərkəzləri ilə bağlı daha bir təhlükəli məqamı göz önünə gətirdi. Qumar məntəqəsində işləyən Muxtarov gün ərzində yığılan 1560 manat pulu götürərək başqa bir məntəqədə mərc oyunlarına qoyub. Amma gəncin bəxti gətirməyib və mərci uduzub. İzi itirmək üçün də özünə xəsarət yetirərək ona hücum edildiyini və üzərindəki pulun qarət olunduğunu deyib. Lakin istintaq-əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları yeniyetmənin fırıldağını ortaya çıxarıblar. Hadisə bir daha göstərir ki, əksər "Topaz” məntəqələrində azyaşlı uşaqlar çalışdırılır. Hər gün belə oyunların keçirildiyi məkanlara baş çəkməklə orada məktəbyaşlı uşaqları görmək mümkündür. Təbii ki, yaşı az olanların pula və qumara meyl etməsi daha asan olur.
Qumardan qazanılan pulun dövlət büdcəsinə daxil olması əxlaq normalarına uyğun deyil
Böyük pul dövriyyəsi olan mərc oyunlarının təşkilatçıları 2011-ci il yanvarın ayına qədər qeyri-rəsmi fəaliyyət göstərirdi. Ancaq həmin tarixdən etibarən mərc oyunları rəsmiləşdirildi və bunların təşkilatçısı kimi "Topaz” şirkəti fəaliyyətə başladı. İnsanların bəlasına çevrilən "Topaz” məsələsi Milli Məclisdə də dəfələrlə müzakirə mövzusu olub. Parlamentdə "Topaz”ın cəmiyyətdə böyük bəlaya çevrilməsi, bir çox ailələrin, gənclərin bu bataqlıqdan qurtula bilməməsi gündəmə gətirilib. Deputatlar mövzu ilə bağlı çıxışlar etsələr də, mərc oyunlarının ləğvini istəsələr də, heç bir nəticə olmayıb. Əksər ekspertlər hesab edirlər ki, mərc oyunları qumardır, bunun leqal və ya qeyri-leqal formada olması onun mahiyyətini dəyişmir. Onların fikrincə, bu oyunu oynayanlar asanlıqla cinayətə gedirlər. Hətta öz evlərindən, qonşularından oğurluq edirlər ki, bu da uşaqların və tələbələrin əxlaqını pozur. Ekspertlərə görə, qumardan qazanılan pulların dövlət büdcəsinə daxil olması belə, əxlaq normalarına uyğun deyil, kütləvi sürətdə əxlaqsızlığı, mənəvi pozğunluğu həyata keçirən bu qurum ləğv edilməlidir. Ona görə də, qumarın leqallaşdırılmasına yol vermək olmaz. Çünki bu, bizim mənəviyyatımıza, dəyərlərimizə və inancımıza ziddir.
"Topaz”ın tam şəkildə ləğvi məsələnin çözüm yolu deyil”
Dəfələrlə mərc oyunlarını tənqid edən millət vəkili Fazil Mustafa deyib ki, problemi qadağa yolu ilə aradan qaldırmaq mümkünsüz görünür. Deputatın sözlərinə görə, cəmiyyəti qumardan çəkindirmək üçün alternativ yollar tapılmalıdır: "Bununla bağlı tez-tez məsələ qaldırılsa da, əslində başqa çıxış yolları yoxdur. Çünki qumar onsuz da hansısa bir formada oynanılır. Mərc oyununa pul qoymaq istəyənlər bunu müxtəlif formalarda həyata keçirəcəklər. Amma müəyyən obyektlərin nəzarət altında olması arzuolunmaz hadisələri nisbətən azaldır. Həmçinin, "Topaz”dan dövlətin büdcəsinə vəsait daxil olması xeyli pulun kənara axmamasına və qeyri-qanuni hərəkətlərin önlənməsinə səbəb olur. Ona görə "Topaz”ın tam şəkildə ləğvini məsələnin həlli kimi görmürəm. Nəzərə almaq lazımdır ki, təkcə Azərbaycanda yox, bütün dünyada futbol kotalizatoru geniş yayılıb. Hesab edirəm ki, daha çox nəzarət mexanizmini gücləndirməklə insanların qumardan əziyyət çəkməsini önləməliyik”.
"Qadağalar da mərc oyunlarını azaltmayacaq”
F.Mustafa çıxış yolunu davamlı təbliğat aparmaqda və maarifçilik işinin gücləndirilməsində görür: "Qadağalarla məsələ çözülmür. Dəfələrlə söyləməyimizə baxmayaraq, özümüz də bilirik ki, çıxış yolu bu deyil. İnsanları pis vərdişdən uzaqlaşdırmaq üçün başqa üsullara əl atmaq lazımdır. Əvvəlcə təbliğatın alternativlərini tapmalıyıq. Məsələn, yeni idman obyektləri açaraq gənclərimizi ora istiqamətləndirməliyik. Əgər yeniyetmələr enerjilərini idmana sərf etsələr, zamanla qumarxanalara, pul oyunlarına yox, fiziki oyunlara meyl edəcəklər. Biz çalışırıq ki, hər şeyi qadağalar üzərində quraq. Amma alternativlər olmayanda, proses çətin olur. İnsanları pis vərdişlərdən uzaqlaşdırdıqdan sonra onları yaxşı vərdişlərə yönləndirmək lazımdır. Fikrimcə, yalnız bu halda müsbət nəticə əldə etmək olar”.
"Parlament hansı qərarı çıxarsa, nazirlik onunla hesablaşacaq”
Millət vəkili Zahid Oruc bildirib ki, hansısa məsələyə ictimai "tələbat” varsa, hüquqi vasitələrlə onun üzərinə getmək, həmin mexanizmin gizli formaya keçməsinə və qanunsuz fəalliyyət göstərməsinə səbəb olur: "Topaz” leqallaşandan sonra problemlər özünü başqa səviyyədə göstərməyə başladı. Biz də parlamentdə məsələni müzakirəyə çıxardıq. O zaman Gənclər və İdman Nazirliyindən açıqlama verildi ki, Milli Məclis hansı qərar çıxarsa, nazirlik onu qəbul edəcək”. Deputat deyib ki, məsələ hökumət və parlament səviyyəsində müzakirə edilməli və müvafiq tənzimləmə institutu yaradılmalıdır: "Məsələni parlamentin müvafiq komitəsi və nazirlik səviyyəsində müzakirə etməliyik. Əgər həqiqətən də bunu qadağan etmək mümkün deyilsə, onda başqa formada tənzimləmək olar. Çünki mərc oyunlarına qurşananlar malik olduğu var-dövləti, əmlakı itirirlər”.
"Topaz”dan istifadə edənlərin əksəriyyətinin psixoloji problemləri var
Psixoloq Elnur Ağayevin fikrincə, "Topaz”dan istifadə edənlərin əksəriyyətinin psixoloji problemləri var. Ekspertin sözlərinə görə, bu xəstələr patoloji yalan danışaraq evdən pul oğurlayırlar. Bu isə onların şəxsiyyət kimi formalaşmasına ciddi zərbədir: "Hazırda "Topaz” çox geniş təbliğ olunur. Bu reklamlara yeniyetmələr, uşaqlar baxır. Onlar oyun oynayaraq daha rahat yolla pul qazanacaqlarını düşünürlər. Amma bu, sadəcə görüntüdür. Sonradan uduzurlar, gözləntiləri özünü doğrultmur. "Topaz”da uduzduğuna görə, depressiyaya düşən, intihar edən, ailə üzvlərinə basqı edən, oğurluğa əl atanlar az deyil. Çünki istədikləri məbləği əldə edənə qədər mübarizə aparır, hətta evlərinin əşyalarını da satırlar. Bu cür oyunların reklamı yeniyetmələrə xüsusilə pis təsir edir, ailə ilə problem yaşayırlar”. E.Ağayev bildirib ki, bu cür oyunların reklam kimi təqdim edilməsi onun dəstəkləndiyini göstərir. Ona görə də cəmiyyətə daha çox təsir edir: "Yeniyetmələr düşünür ki, televiziyada reklam edilirsə, demək normaldır. Ona oyun kimi baxırlar, əslində isə bu oyun kimi təqdim edilən qumardır. Onlarda məsuliyyət azalır və asan yolla pul qazanmağa meyilli olurlar. Xüsusən də, ətrafındakılar "Topaz” oynayırsa, bu zaman yeniyetmələr asanlıqla bu yola əl atırlar. Qumarla məqsədsiz nəsil yetişir ki, bu da onları uçuruma aparır”.
İsmayıl