“Akademiyada tədris olmaz”

Firudin Cəlilov: “Əgər “Elm haqqında” qanun layihəsində belə bir müddəa öz əksini tapıbsa, bu çox yanlış qərardır”



Uzun müddətdən bəri ölkənin təhsil ictimaiyyəti, siyasi dairələrdə ciddi müzakirələrə səbəb olan, təkrar-təkrar yenidən hazırlanan "Elm haqqında” qanun layihəsi nəhayət ki, ötən həftə Milli Məclisdə ilk oxunuşdan keçib.

Bir elm adamı olaraq "Elm haqqında” qanun layihəsinin yaxın gələcəkdə qəbul olunacağına ümid edən sabiq təhsil naziri, professor Firudin Cəlilov da qanun layihəsinin müzakirəyə çıxarılmasını yüksək qiymətləndirib.

- Bu qanunun qəbulu elmin inkişafına hansısa töhfə verə biləcəkmi?

- Sözün açığı, qanun layihəsi ilə yaxından tanış olmadığım üçün orada əks olunan müddəalarla bağlı konkret bilgim yoxdur. Amma təxmini məlumatım var ki, "Elm haqqında” qanun layihəsinə kifayət qədər gərəkli bəndlər salınıb. Elm sahəsində özünü göstərən bir sıra problemlərin həlli nəzərə alınıb. Xüsusən də, gənc alimlərin sosial təminatı və maaşlarının artırılması ilə bağlı qeyd olunan bəndlər təqdirə layiqdir. Layihədə müsbət qarşılanan bir müddəa da gənclərin fasiləsiz olaraq magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirmələri üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi çox mühüm məsələdir. Faktiki olaraq, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməməsi gənclərin elmə gəlməsinin qarşısını alan əsas məsələlərdən biri idi. Onu da deyim ki, elmin qocalması probleminə səbəb bürokratik əngəllərdir. Çünki gənclər arasında elmə maraq kifayət qədərdir. Sadəcə olaraq, bürokratik əngəllər elm sahəsinə meyilli olan gəncləri irəli getməyə qoymur. Elmi iş yazan gənclər müdafiə üçün nə qədər prosedurlardan keçməlidir. Həddindən artıq mənasız sənədlər, prosedurlar tələb olunur. Gənclərin də gözü qorxur və elm arxasınca getməkdən imtina edir. Hesab edirəm ki, "Elm haqqında” qanun qəbul olunacağı təqdirdə gənclərin yolunu açmalıdır.

- Bir müddət əvvəl qəbul olunan "Təhsil haqqında” qanunla "Elm haqqında” qanun layihəsi arasında nə fərq var?

- Yenə deyirəm, qanun layihəsi ilə tanış olmadığım üçün ətraflı dəyərləndirmə apara bilmirəm. Amma bildiyim bir şey var ki, elm təhsildən kənar deyil. Elm və təhsil bir medalın iki üzüdür. Bu mənada elm və təhsil haqqında qəbul olunan qanunlar bir-birinə yaxın olmalıdır. Əslində, bunları bir-birindən ayırmağın özü düzgün yanaşma deyil. Hər iki sahədə olan problemlərin öz həllini tapmasını təmin edən qanunlar qəbul olunmalıdır.

- Bu günə qədər ali məktəblər tədrislə məşğul olub, AMEA isə elmlə məşğul olub. Amma "Elm haqqında” qanunun qəbulundan sonra onların funksiyalarında müəyyən qədər eyniləşmələr olacaq. Yəni ki, universitetlərdə elmin inkişafı, Akademiyada isə tədrisin inkişafı üçün şərait yaradılır. Sizcə, buna ehtiyac varmı?

- Akademiyada tədris olmaz. Əgər "Elm haqqında” qanun layihəsində belə bir müddəa öz əksini tapıbsa, bu çox yanlış qərardır. Elmlə tədrisi yaxınlaşdırmaq istəyirlərsə, ən optimal variant AMEA akademiklərinin ali məktəblərə cəlb olunmasıdır. Tanınmış mütəxəssislər universitetlərdə dərs demək üçün dəvət oluna bilərlər. Sonuncu kurs tələbələri və magistrlər buraxılış işlərini gedib Akademiyadakı laboratoriyalarda, tanınmış alimlərin yanında yaza bilərlər. Akademiya ilə universitetlər arasında əlaqəni belə qurmaq lazımdır. Yoxsa ki, AMEA-da auditoriyalar açıb, universitetlərdə də elmi aparatlar quraşdırmaq düzgün deyil. Universitetdə hər bir müəllimin həm tədris işi, həm də elmi işi olmalı və ilin axırında bununla bağlı hesabat verməlidir.

- Elmlə məşğul olan insanların "alim” və ya "elmi işçi” kimi təqdim olunması məsələsində də xeyli fikirlər haçalanıb. Sizcə, hansı daha məqsədəuyğundur?

- Məncə, bu cür müzakirələr, mübahisələr mənasızdır. Elm sahəsi ilə məşğul olan, kitabları çıxan, elmi iş müdafiə edən şəxs alimdir. Hər bir məsələyə konkret yanaşmaq lazımdır. Hər kitab çıxaran adam elmi işçi sayılmır axı. Daha doğrusu, alimlik kitabla ölçülmür. Elə adam var ki, 5 dənə şeir,10 dənə nağıl kitabı yazır. Alim olmaq üçün ortalığa elmi problem çıxarmalı və onun həllini təklif etməlisən.

- Alimlər arasında elmi adların yığışdırılmasını təklif edənlər var. Bəs siz?

- Elmi adlar məsələsini biz 1992-ci ildə həll eləmişdik. Elmlər namizədi dərəcəsini ümumiyyətlə çıxartmışdıq. Yəni, magistraturanı bitirən tələbələr birbaşa elmlər namizədi dərəcəsini əvəz edirdi. Elm sahəsində fəaliyyətini davam etdirib, doktorluq müdafiə edən gənclər də müvafiq
sahələr üzrə elmlər doktoru hesab olunurdu. Yenidən elmi adlar məsələsini qabartmaq, müxtəlif versiyalar irəli sürməyə ehtiyac yoxdur.

Şəymən