Siyavuş Novruzovun təklifinə fərqli yanaşmalar ortaya qoyuldu
Millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov "Modern”.az-a müsahibəsində akademiyanın tematik cəhətdən bir-birinə yaxın olan institutlarının birləşdirilməsi təklifini verib. Deputat bildirib ki, elmi xətt baxımından yaxın olan Tarix, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq, Əlyazmalar institutları birləşərək vahid bir elmi qurumu, eləcə də Ədəbiyyat, Dilçilik, Folklor institutları birləşərək ayrı vahid elmi təşkilatı təşkil etməlidir:
"Baxın, ölkəmizdə Tarix, Şərqşünaslıq, Etnoqrafiya və Arxeologiya, Əlyazmalar İnstitutları fəaliyyət göstərir. Bunların hamısı tarix elminin qollarıdır. Biri qazır çıxarır, biri tarixini araşdırır, o biri başqa bir tərəfdən araşdırır. Axı bunun hamısı eyni şeydir! Yaxşı olardı ki, onlar birləşdirilsin. Söhbət elmi instituta kimin rəhbərlik etməsindən getmir. Təklif verəndə bəzən yanlış anlaşılır. Söhbət sistemin fəaliyyətindən və işlək mexanizmdən gedir. Əsas məqsəd odur ki, həm işçi yaxşı işləyib, yaxşı əməkhaqqı alsın, həm dövlət sifarişləri olsun, həm də elmimiz inkişaf etsin. Bu cür mexanizm işlədikdən sonra heç kim dövlət işinə getməyəcək. Hamı elm arxasınca gedəcək”.
Parlament üzvünün təklifini dəyərləndirən elmlər doktoru, professor Hamlet İsaxanlı "Şərq”ə açıqlamasında qeyd edib ki, S.Novruzovun dedikləri akademiyanı kiçiltməkdən ibarətdir: "Ümumiyyətlə, bütün dünyada, o cümlədən sovet ölkələrinin əksəriyyətində elmlər akademiyası ilə bağlı reformlar həyata keçirildi. Həmin islahatların gətirdiyi yenilik o oldu ki, akademiyalar alimlərin klubu kimi fəaliyyət göstərməyə başladı. Yəni alimlər müxtəlif universitetlərdə çalışırdılar. Akademiyaya isə müəyyən müzakirələr açmaq üçün yığışırdılar. Tədqiqat institutları akademiyaya aid olmur. Bu baxımdan millət vəkilinin fikirlərini doğru sayıram. Amma o məsələnin həlli yolu deyil”.
Bununla yanaşı, professor vurğulayıb ki, əsas proses akademiya ilə universitetlər arasında əlaqə yaratmaq və akademiyanın tədqiqat institutlarını ali məktəblərə bağlamaqdı: "Məsələn, Amerikada milli elmlər akademiyasında heç bir tədqiqat institutu yoxdur”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik, millət vəkili Nizami Cəfərov həmkarının təşəbbüsünü dəstəkləyib. Komitə sədri deyib ki, vaxtilə bir yerdə olan həmin institutları yenidən birləşdirmək olar: "Bir yerdə olanda onları idarə etmək xeyli çətinləşir. Amma onlar akademiyanın tərkibində vahid bir bölməyə tabedirlər. Akademiyada onların problemi və müəyyən məsələləri vahid mərkəzdə müzakirə edilir. İdarə olunur. Onları birləşdirmək çətindir. Artıq müəyyənləşdirilmiş bir struktur var. S.Novruzov bir neçə dəfə belə deyib. Amma istədiyi odur ki, onlar daha məsuliyyətlə çalışsınlar, daha məhsuldar işləsinlər. Elə problemlər ortaya çıxır ki, ona cavab verilmir. Məsələn, tariximiz, dünyaya inteqrasiyamız barədə məsələlərdə, eləcə də ideoloji cəhətdən lazımi qədər məhsuldar ola bilmirik. Ən vacib məsələ odur ki, erməni məsələsində bəzən gecikirik. Buna institutlar cavab verməlidir. Həmkarımın da istədiyi odur ki, institutlarda məsuliyyət gücləndirilsin”.
Akademik hesab edir ki, institutlar birləşdiriləndən sonra da nəticələr normal olmaya bilər: "İnstitutların birləşdirilməsi hələ problemin çözülməsi deyil”.
Ayyət Əhməd