“Akkord”u öhdəliklərinin icrasına məcbur etmək lazımdır" - Qanunla



"Abşeron" Gənclər Şəhərciyinə qazın verilməsi prosesi dayandırılıb. Bu barədə Sherg.az-a bir qrup şəhərcik sakini məlumat verib. 

Şikayətçilərin sözlərinə görə, bu ilin yanvar ayından komplkesə qazın çəkilməsi işi başlanılsa da, dünən işlər dayandılıb:

"İki -üç ay müddətində bir neçə blok qazlaşdırıldı. Sonra şəhərciyi inşa edən "Akkord" tikinti şirkəti
Azəriqaz İstehsalat Birliyi və qazı çəkən podratçı şirkətin haqqını vermədi. Ona görə də həmin şirkət işi yarımçıq qoyub, getdi. Şəhərcikdəki Mənzil- İstismar idarəsi isə dayandırılmanın səbəbindən xəbərsiz olduğunu bildirir. Bu da o deməkdir ki, ən azı 2017-ci ilin qışını da qazsız keçirəcəyik".

Sakinlər bu həftə sonu şəhərcikdə geniş tərkibli etiraz aksiyası keçirəcəklərini və Bakı - Sumqayıt yolunu bağlayacaqlarını deyiblər.

Tikinti şirkətinin vətəndaşları altdatması ilə bağlı Sherg.az-a danışan əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı bildirib ki, bu sırf hüquqi məsələdir, məhkəmə qarşısında həll olunmalıdır:

"Qarşılıqlı öhdəliklərin pozulması faktı var. İstehlakçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirib, ancaq satıcı bunlardan imtina edir, boyun qaçırır. Problemin həllinin ən optimal yolu sakinlərin ümumi olaraq "Akkord” şirkətinə qarşı məhkəmədə iddia qaldırılmasıdır. Bununla bağlı ictimai qaydada, mətbuatda mübarizə aparırlar. Qaz çəkilişi ilə bağlı şirkət və aidiyyatı qurumlar arasında bağlanan müqavilələrə, həyata keçirilməli olan öhdəliklərə əməl olunmalıdır. Ola bilər ki, "Akkord” Şirkətlər Qrupu o öhdəliklərini yerinə yetirmədiyindən aidiyyatı qurumlar, SOCAR, "Azərişıq”, "Azəriqaz” və s. həmin öhdəliklərin icrasından boyun qaçırıb. Əsas olan həmin qurumlar qarşısında məsələ qaldırmaq yox, "Akkord” şirkətini qanun imkan verdiyi formada öhdəliklərinin icrasına məcbur etmək lazımdır. Bunun ən optimal yolu məhkəmədir. Məhkəməyə verib, qətnaməni alıb, məcburi qaydada icraata yönəltmək lazımdır”.

Məsələ ilə bağlı "Akkord" şirkətlər qrupu ilə əlaqə saxlasaq da, suallarımıza cavab verən tapılmadı. bu sualla filan şöbə cavab verməlidir deyərək günahı bir-birinin üzərinə atıb, suallarımız cavablandırmaqdan boyun qaçırdılar.    

Aysel Aslan