Aktyorun səhhəti getdikcə ağırlaşır

Rəhim Rəhimov: “Həkimlər deyirlər ki, dializə girmədən təcili böyrək köçürülmə əməliyyatı aparılmalıdır”



Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhətində yaranan ciddi problemlər mətbuatın da diqqət mərkəzindədi. Aktyor böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

O qeyd edib ki, böyrəklərində yaranan problemlə bağlı bir müddət əvvəl xəstəxanada müalicə olunub. Həkimlər aktyora böyrək çatışmazlığı diaqnozu qoyublar.

R.Rəhimov bildirib ki, xəstəxanada müalicə almasına baxmayaraq, vəziyyəti tez-tez ağırlaşır. Həkimlərin sözlərinə görə, əməliyyat olmalı və Rəhim Rəhimova yeni böyrək köçürülməlidir. Rəhim Rəhimov "Şərq”ə açıqlamasında "Sonuncu həkim müayinəsi zamanı məlum oldu ki, böyrəklərimin fəaliyyəti 29 faizə düşüb. Bir ay əvvəl bu göstərici 35 faiz idi. Günü-gündən böyrəklərimin fəaliyyəti zəifləyir. Həkimlər deyirlər ki, dializə girmədən təcili böyrək köçürülmə əməliyyatı aparılmalıdır. Bu əməliyyat isə xeyli pul tələb edir. Məcbur qalıb Heydər Əliyev Fonduna kömək üçün müraciət etdim. Sağ olsun, Mehriban xanım. Mənim məktubuma müsbət cavab verib. Səhiyyə Nazirliyinə göstəriş verilib ki, mənim əməliyyatım dövlət hesabına aparılsın. Səhiyyə Nazirliyindən məni Cavadzadə adına böyrək xəstəxanasına göndərdilər. Cavadzadə adına xəstəxanada mənə bildirildi ki, növbədə 91-ci adamam. Ordan mənə məlumat verdilər ki, təxminən ay ərzində 4 nəfəri dövlət hesabına əməliyyat edirlər. Bu hesabla, yəni növbəni gözləyəsi olsam, təxminən 2 il sonra mənə sıra çatacaq. Mən bilmirəm iki ilə sağ qala bilərəm, ya yox. Səhiyyə Nazirliyindən mənimlə telefon əlaqəsi saxladılar. Mən onlara vəziyyətimi başa saldım. Bildirdim ki, mənim müalicəmi indiyə qədər Neftçilər Xəstəxanasında aparıblar. Bəlkə mənim sənədlərimi Neftçilər Xəstəxanasına göndərəsiz. Onda əməliyyat daha tez olar. Dedilər bir də müraciət edin, müraciətinizə yenidən baxılacaq. Mən bir daha Mehriban xanıma müraciət etməyə məcburam, bəlkə Neftçilər Xəstəxanasına sənədlərim getsə, əməliyyat daha tez olar. Mən birinci xanıma təşəkkür edirəm ki, mənim müraciətimi cavabsız qoymadı. İnşallah yəqin ki, nazirlik mənim vəziyyətimi nəzərə alıb əməliyyatın tezləşməsinə imkan yaradacaq”.

Rəhim Rəhimov işlədiyi Kukla Teatrının rəhbərliyindən çox razılıqla danışdı: "Sağ olsun teatrın direktoru Rəşad müəllim, mənə dəstək olur. Mənimlə çox maraqlanır. Yeni mövsümdə işləyib-işləməyəcəyinə maraqlandı. Hətta mənə dublyor da təyin edib ki, əgər səhhətimdə narahatlıq yaransa, məni əvəz edən olsun. İnşallah, əgər yaxın müddətdə əməliyyatım reallaşsa, çox yaxşı olardı. Nə qədər tez əməliyyat olsam, o qədər yaşamaq imkanım çoxalar”.

Tahirə