Allah eləsin, əlil qalmasın... Binadan yıxılan yaralı fəhləni qaçırıblar

Mirvari Qəhrəmanlı deyir ki, böyük ehtimalla o fəhlənin müəssisə ilə əmək müqaviləsi olmayıb





İstehsalatda bədbəxt hadisələr, təəssüf ki, tez-tez baş verir. Hündürmərtəbəli binaların tikintisində çalışan, yaxud da təmir işləri aparan fəhlələrin xəsarət almaları daha çox təhlükəsizlik qaydalarına riayət edilməməsi ilə bağlı olur. İstehsalatda baş vermiş bədbəxt hadisələrin açıqlanan statistikası da bu sahədə vəziyyətin ürəkaçan olmadığını göstərir.

Nərimanov rayonu ərazisindəki "LUXEN Plaza” biznes mərkəzində bir fəhlənin ağır xəsarət alması hadisəsi qeydə alınıb. Verilən məlumatlarda bildirilir ki, xəsarət alan fəhlə binanın yuxarı mərtəbəsində şüşələri silərkən təhlükəsizlik kəməri qırılıb. Yuxarı mərtəbədən yıxılan fəhlənin nəticədə hər iki ayağı sınıb. Hadisə yerinə təcili yardım çağırılıb. Lakin təcili tibbi yardım briqadası gələnədək fəhlə "BMW” markalı şəxsi avtomobillə hadisə yerindən uzaqlaşdırılıb. Bilinmir ki, fəhlə tibb mərkəzinə, yoxsa hansısa başqa istiqamətə aparılıb.

İstehsalat xəsarəti alan fəhlə çalışdığı müəssisədən hansı təzminat ala bilər? Məsələ ilə bağlı "Şərq”ə danışan Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, böyük ehtimalla o fəhlənin müəssisə ilə əmək müqaviləsi olmayıb:

- Təcili Tibbi Yardımın gəlişini gözləmədən fəhlənin hadisə yerindən uzaqlaşdırılması şübhə yaradır. Böyük ehtimalla fəhlə ilə çalışdığı müəssisə arasında əmək müqaviləsi bağlanmayıb. Xəsarət almış şəxsi hansısa özəl klinikaya aparacaq, müalicəsini təmin edəcək, sonra da evə aparacaqlar. Onunla "razılığa” gəlinəcək ki, evdə yıxıldığını desin. 

Söz verəcəklər ki, müalicə xərcləri ödənəcək, ailəyə maddi köməklik də ediləcək. İlk vaxtlar bunları edəcəklər. Zaman keçdikcə isə verilən sözlər də, vədlər də unudulacaq. Və bu bədbəxt fəhlə köməksiz qalacaq. Allah eləsin, əlil olmasın. Sağalsın. Amma əlil olarsa, onu daha heç yerdə işə götürməyəcəklər. İşləyə də bilməyəcək. Ehtiyac içində qalacaq.


Qanunla isə fəhlə ilə çalışdığı müəssisə, şirkət arasında əmək müqaviləsi bağlanmalıdır. Və istehsalatda bədbəxt hadisə baş veribsə, fəhlə, işçi, əməkdaş, hər kimdirsə, iş zamanı xəsarət alıbsa, ona istehsalat zədəsi aktı verilməlidir. Bu aktla da vətəndaş Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinə müraciət etməli və əlillik dərəcəsi almalıdır ki, təqaüd də ala bilsin. Amma əksər hallarda işçilərlə əmək müqaviləsi bağlanmadığından istehsalat zədəsi aktı da verilmir. 

Bir çoxlarının istehsalat zədəsi aktı barədə ümumiyyətlə məlumatları yoxdur. Çünki müəssisələrdə həmkarlar ittifaqları fəaliyyət göstərmir. İşçilər hüquqlarını bilmir. İşçi hüquqlarından xəbərdar olsa, bilər ki, hətta əmək müqaviləsi yoxdursa da, istehsalat zədəsi aktı tərtib edilməli və zərərçəkmişə təqdim olunmalıdır. Çünki məhz bu sənəd işçinin gələcəyinin təminatıdır. Ona əsasən işçi əlillik pensiyası ala bilər. Sənəd olmayanda zədənin, xəsarətin istehsalatda alındığını sübut etmək mümkün olmur. Bir dəfə bizim komitəyə iş şəraitində gözləri yanmış bir nəfər müraciət etmişdi, sənədi yox idi. Dedi ki, iş yoldaşlarım hadisəyə şahiddirlər, şahidlik edəcəklər. Amma məhkəmədə iş yoldaşlarından heç biri gəlib şahidlik etmədi. Belə hallarda vətəndaş istehsalat əlili kimi deyil, məişət əlili kimi qeydiyyata alınır.

 Yəni, özün yıxılmısan, filan yerin sınıb. Bu zaman pensiyanın məbləği də çox az olur. Amma istehsalat əlilinə ödənilən pensiya yüksəkdir. Əmək haqqı, iş stajı və s. nəzərə alınaraq.

"LUXEN Plaza”da baş vermiş həmin bədbəxt hadisədə isə əmək qanunvericiliyinin tələblərinin pozulması ehtimalı böyükdür. Əgər hadisə yerinə Təcili Tibbi Yardım gəlmiş olsaydı, rəsmi akt tərtib ediləcəkdi. Bununla, müəssisə, şirkət sahibini də məhkəməyə verib, təzminat tələb etmək olardı. Belə hallarda işəgötürən, sahibkar cinayət məsuliyyətinə cəlb edilir, cərimə edilir, zərərçəkmişə təzminat ödənməsi tələbi qoyulur. İstehsalatda xəsarət almalarına baxmayaraq səslərini çıxarmayanlar sonradan ağır vəziyyətə düşür, maddi sıxıntı içində qalırlar. Müəssisə, şirkət, sahibkar onlara sahib çıxmır.

Ona görə də biz həmişə fəhlələrə də, işçilərə də dönə-dönə məsləhət veririk ki, əmək müqaviləsi bağlamasını tələb etsinlər. Əmək müqaviləsi tibbi sığortadır, sosial sığorta kartına malik olmaqdır. Bunlar da gələcəkdə təqaüd almaq üçün vacib sənədlərdir.

Məlahət Rzayeva