"Amerika regional proseslərin dəyişəcəyini, fərqli məntiqlə hərəkət edəcəyini təxmin edir”.
Bunu "Sherg.az”a ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şofer Azərbaycana səfərinin detalları barədə danışarkən millət vəkili Zahid Oruc deyib.
O bildirib ki, Qərb Rusiyanın prezident seçkilərindən sonra Qafqazlarda apara biləcəyi əməliyyatları, geopolitik müstəvidəki yenilikləri qarşılamaq üçün tədbir görür:

"Hər hansı kompromislər baş verəcəyi təqdirdə, bu, Moskvanın istəyi ilə reallaşarsa, Avropa Birliyinə daxil olan dövlətlər və digər Qərb ölkələri bölgədəki ənənəvi rolunun azala biləcəyini düşünür. Bu təqdirdə, onlar yoxlamaq istəyir ki, Dağlıq Qarabağ məsələsində güzəştli mövqe seçilərsə, qaçqınlar və məcburi köçkünlər tərəfindən necə qarşılanacaq.
Müəyyən foks qrupları götürür, onların baxışını almağa çalışırlar. Ona görə, bu səfərin sıradan olmadığını düşünürəm. Görünür ABŞ-da regional proseslərin dəyişəcəyi ilə bağlı informasiyalar mövcuddur.
Bütün hallarda, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olarsa, bölgəyə qayıdacaq qüvvələr məcburi köçkünlərdir. ABŞ-ın başlıca məqsədi də məhz onların nə düşündüyünü bilməkdir”.
Qeyd edək ki, ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və E. Şofer Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, Zəngilan rayonundan məcburi köçkünlərin mənzil şəraitləri ilə tanış olublar. ABŞ diplomatları məcburi köçkünlərlə söhbət edib, onların fikir və istəklərini dinləyiblər.
Aysel Aslan