“Ana harayı” abidəsinin Şəhidlər Xiyabanına köçürülməsi gündəmə gəldi
İctimaiyyət nümayəndələrinin, millət vəkillərinin bu məsələ ilə bağlı fərqli fikirləri var
Bakının Xətai rayonunda yerləşən Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı” memorial kompleksinin Şəhidlər Xiyabanına köçürülməsi məsələsi yenidən gündəmə gəlib. Bu təklifi ilk dilə gətirənlərdən biri olaraq Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, təkcə Qarabağ Azadlıq Təşkilatı deyil, Qarabağ Qazilər Təşkilatı və digər qurumlar da belə bir təkliflə çıxış edib:
"Məqsədimiz Xocalı ilə bağlı ikinci bir abidənin Şəhidlər Xiyabanında ucaldılması və xarici qonaqların Azərbaycana səfəri zamanı bu abidənin ziyarət edilməsinin rəsmi protokola salınmasıdır.” Onun fikrincə, Ermənistanda ermənilər xarici rəsmi nümayəndələrin səfəri zamanı qondarma erməni soyqırımı abidəsini ziyarət etməsini rəsmi protokola saldıqları kimi, biz də həqiqətən 20-ci əsrin sonunda insanlığa qarşı törədilən cinayəti və vəhşiliyi dünyaya göstərmək üçün bu abidəni mütləq Şəhidlər Xiyabanında ucaltmalıyıq: "Bununla yanaşı, orada muzey tikilməli və qonaqlar şəhidlərimizin ruhunu yad edərkən, Xocalı soyqırımı qurbanlarını yad etməli və muzeylə tanış olub baş verənləri real gözlə görməli və oradakı faktlarla yaxından tanış olmalıdır. Biz artıq təklifimizi aidiyyəti orqanlara vermişik. Ümid edirik ki, bizim bu təklif nəzərə alınacaq.”
Millət vəkili İqbal Ağazadə isə hesab edir ki, Xocalı soyqırımını əks etdirən bu abidə, əvvəlcə, rəsmi protokola daxil edilməlidir: "Ana harayı” abidəsi protokola salınandan sonra yerin əhəmiyyəti yoxdur. Bu kompleks Şəhidlər Xiyabanına köçürülməlidir. Elə protokola uyğun olaraq, abidə həmin əraziyə köçürülərsə, Azərbaycana gələn xarici qonaqlar orada Xocalı soyqırımı ilə daha yaxından tanış ola bilərlər”. "Ana harayı” abidəsinin Şəhidlər Xiyabanından əlavə, başqa bir mərkəzi yerə də köçürüləcəyi haqda məlumatlar dolaşır. Bildirilir ki, Xiyabanda məzar sıxlığı olduğundan Xocalı abidəsinin orada ucaldılması məqsədəuyğun deyil. Millət vəkili bu məsələyə də aydınlıq gətirib. O deyib ki, başqa yer təklif olunacaqsa, abidənin yerləşdiyi mövcud yerlə oranın nə fərqi olacaq ki? Şəhidlər Xiyabanı ilə Xocalı abidəsi arasındakı məsafə 3-4 kilometrdir”.
Təklifi müsbət dəyərləndirən sabiq millət vəkili Həvva Məmmədova da onun "Ana harayı” memorial kompleksinin Şəhidlər Xiyabanına köçürülməsi fikri ilə həmrəydir: "Ana harayı” Xocalıda qanı tökülən hər bir şəhidin xatirəsi ilə bağlı qoyulmuş abidədir. Biz həmin abidəni xaricdən gələn qonaqlara göstərməklə Xocalı həqiqətlərini onlara aşılamalıyıq. Mübariz müəllim haqlı deyib ki, xarici qonaqlar yalnız Şəhidlər Xiyabanında olan şəhidlərin xatirəsini yad edir. Axı onlar bilməlidir ki, 20 Yanvar, Qarabağ şəhidləri ilə yanaşı, bizim Xocalı qurbanlarımız da var. Hesab edirəm ki, "Ana harayı” abidəsinin Şəhidlər Xiyabanına köçürülməsi çox gözəl fikir və vaxtında edilmiş təklifdir. Biz ölkəmizdə səfərdə olan insanlara Xocalı abidəsini göstərməklə onlara faciəmizi tanıtmalıyıq. Xocalı faciəsi diqqətdən kənar ərazidə olduğu üçün çox insanların yadından çıxıb. Təəssüf ki, Xocalı soyqırımını bir çoxlarımız yalnız ildönümündə xatırlayır, ildə bir dəfə həmin abidəni ziyarət edirik. Eləcə də ölkəmizdə olan müxtəlif ölkələrin səfirlikləri. Ümid edirəm ki, bu təklif əksəriyyət tərəfindən dəstəklənəcək və Xocalı abidəsinin Şəhidlər Xiyabanına köçürülməsinə şərait yaradılacaq”.
Sabiq millət vəkili Azərbaycanda ayrıca Xocalı soyqırımı muzeyinin yaradılması məsələsinin də gündəmə daşınmasının tərəfdarı olduğunu deyib: "İllər ötdükcə, sağ qalan xocalıların sayı azalır, əksəriyyəti dünyasını dəyişib. Milli Qəhrəman İnqilab İsmayılovun anası Ceyran ana sözün həqiqi mənasında sinədəftərdir. Ürəyi sözlə, bayatı ilə doludur. Onun yazdığı şeirlər, bayatıların hər biri bir hadisədir. Xocalı muzeyinin yaradılması artıq bir zərurətə çevrilib. Həm də bu muzey şəhərin ən mərkəzi yerində, hətta Şəhidlər Xiyabanı yaxınlığında yaradılmalıdır ki, ölkəmizə gələn qonaqların oranı ziyarət etməsi asan olsun. Həmin muzeydə Xocalı qurbanlarının yaralarını, dəhşətlərini özündə əks etdirən bütün fotoşəkillər, video-roliklər olmalıdır. Həmin muzeyin giriş hissəsində hər gələnin ürək sözlərini yaza bilməsi üçün xatirə dəftəri qoyulsun. Bu yolla biz Xocalının dünya arenasında daha çox insan tərəfindən tanınmasına nail ola bilərik. Bəzən ölkəmizə gələn qonaqlar Xocalı dəhşətlərindən xəbərsiz olduğunu deyir. Bu cür insanları həmin muzeyə aparmaq və onların fikirlərini qeydə almaq çox mühüm bir proses olardı. Hətta qonaqların Xocalı ilə bağlı fikirlərini yazdığı həmin xatirə dəftərini biz sonradan kitab şəklində nəşr etdirib, xarici dillərə də çevirə, parlamentlərə paylaya bilərik”.
Millət vəkili Aqil Abbas isə "Ana harayı”nın Şəhidlər Xiyabanına köçürülməsi təklifinin o qədər də təqdirəlayiq olmadığını deyib. "Ana harayı” memorial kompleksinin hazırkı yerinin daha münasib olduğunu vurğulayan millət vəkili qeyd edib ki, abidəni Şəhidlər Xiyabanına köçürməyə ehtiyac yoxdur: "Əgər xarici qonaqlara Xocalı ilə bağlı nəsə göstərmək istəyirlərsə, onları abidənin qarşısına gətirsinlər. Ya da Şəhidlər Xiyabanında da Xocalı faciəsi ilə bağlı daha bir abidə qoysunlar. "Ana harayı”nı köçürməyə nə lüzum var? Bir də ki, xaricdən gələn qonaqların heç nə vecinə deyil. Guya onları Azərbaycanın neçə şəhidi var, başına hansı müsibətlər gətirilib, çox maraqlandırır? Heç olmasa, indiki yerində "Ana harayı”nı gəlib-keçən görür, yolu düşən ziyarət edir”.
Şəymən