Erməni baş nazirin BMT Baş Assambleyasındakı çıxışına diqqət çəkən analitik qeyd edib ki, Paşinyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyini dilə gətirib:
Analitikdən Paşinyanın BMT-dəki sərsəm bəyanatlarına TUTARLI CAVAB
"Siyasət ciddi məşğuliyyət və məsuliyyət tələb edir. Hər hansı bir ölkənin başçısı öz təmkinli davranışı, rasionallığı, siyasi uzaqgörənliyi və diplomatik qabiliyyəti ilə uğur qazana bilər. Lakin bəzi liderlər var ki, bəhs etdiyimiz amillərdən çox uzaqdır. Nümunə olaraq Nikol Paşinyanı göstərə bilərik. N.Paşinyan bütün kimliyi və siyasi davranışları ilə küçədə hay-küy salıb, Ermənistana baş nazir olan adamdır".
Bunu "Sherg.az"a açıqlamasında analitik Ehtiram Aşırlı bildirib.
O bəyan edib ki, Paşinyan meydanda necə və nədən danışırdısa, xarici səfərlərində də ondan bəhs edir:
"Bu bağlılıqda N.Paşinyanın son zamanlar ölkəmiz haqqında sayıqlamaları daha gülünc görünür. Onlara fikir verməmək olardı. Ancaq kütlə psixologiyası elədir ki, ona bəzi məqamları anlatmasan, sayaqlamağa davam edir. Ermənistanın baş naziri N.Paşinyan növbəti dəfə siyasi səviyyəsinin olmadığını nümayiş etdirdi. O, hakimiyyətə yiyələnmək üçün küçələrdə hansı ritorikadan istifadə edirdisə, baş nazir kimi də eyni ritorikadan faydalanmağa çalışır".
Erməni baş nazirin BMT Baş Assambleyasındakı çıxışına diqqət çəkən analitik qeyd edib ki, Paşinyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyini dilə gətirib:"Paşinyan deyir: "Azərbaycan bəyan edir ki, Qarabağ onun tərkib hissəsi olmalı və Dağlıq Qarabağla danışıqlar aparmayacaq. Problem odur ki, Azərbaycan onlarla danışmağa cəhd etmədən Qarabağa necə iddia edə bilər? Bu mümkündürmü? Bu yalnız Azərbaycan hakimiyyətini xalq yox, yalnız Qarabağın ərazisi maraqlandırdığı halda mümkündür. Beləliklə, aydın olur ki, Azərbaycan hakimiyyətinin niyyəti Qarabağın Naxçıvanda olduğu kimi, ermənilərdən təmizlənməsindən ibarətdir. Dağlıq Qarabağın Azərbaycanın tərkibinə daxil olması onun tam məhvi anlamına gəlməsini deməyə əsas verir".
Birincisi, Dağlıq Qarabağ ermənilərdən ibarət deyil. Orada azərbaycanlılar da yaşayırdı, lakin deportasiya edildilər. İkincisi, terrorçularla Azərbaycanın rəsmi hakimiyyəti hansı danışığı aparmalıdır? Üçüncüsü, danışıqlar formatı beynəlxalq hüquq əsasında ATƏT çərçivəsində müəyyənləşdirilib. Belə çıxır ki, N.Paşinyan bütövlükdə beynəlxalq hüququ, diplomatiyanın qanunlarını, BMT-nin Nizamnaməsini heçə saymağa çalışır. Dördüncüsü, bu cür yarıtmaz məntiqlə N.Paşinyan hansı üzlə "soyqırım məntiqi”ndən bəhs edir?! Azərbaycanlıların öz yurdlarından qovulması, Ermənistandan tamamilə deportasiya edilməsi "demokratik"dir?! Bu qədər alçaq böhtanı dünyanın heç bir siyasətçisindən eşitməzsiniz.
Nə qədər utanmaz olasan ki, Azərbaycanda on minlərlə erməninin yaşamasına baxmayaraq, bu cür yalanlar danışasan. Və bunu Ermənistanda bir nəfər də olsun azərbaycanlının yaşaya bilməməsi faktı ola-ola deyəsən. Belə adamla nəyi və necə müzakirə etmək olar? Bu sualın cavabı üzərində həmsədr dövlətlər düşünməlidir.
Qaldı ki, Naxçıvan barədə erməni rəsmi dairələrinin sayıqlamaları, əslində, onların Azərbaycandan çox qorxduqlarını, eyni zamanda, çıxış yolu tapa bilmədiklərini göstərir. Ermənistan təcriddən yaxa qurtarmaq üçün heç bir səmərəli üsul müəyyənləşdirə bilmir. Bunun üçün də N.Paşinyan durmadan sərsəm bəyanatlar səsləndirir. Bütün bunların fonunda N.Paşinyanın heç bir müsbət nəticəsi olmayan, hay-küylə dolu bəyanatları olduqca zavallı və gülünc görünür. Nəticədə, işğalçının münaqişədə məğlub olması zamanının yaxınlaşdığı haqqında konkret təsəvvür formalaşır. Bu vəziyyətdən çıxmaq üçün forpost ölkənin məntiqsiz olsa belə, müəyyən addımlar ata biləcəyi gözləniləndir. Artıq tam təcrid vəziyyətində olan Ermənistanın mövcud reallığı dəyişdirə bilmək gücündə olmadığı hamıya məlumdur. Azərbaycan rəhbərliyinin müdrik, düşünülmüş və müstəqil siyasi addımları nəticəsində Ermənistan elə bir durumdadır ki, çıxış yolu görünmür. Ermənistan, nəinki hücum əməliyyatı aparmaq, heç mövcudluğunu belə qorumaq iqtidarında deyil. Prezident İlham Əliyevin uğurlu təcrid siyasəti faktiki olaraq Ermənistanın siyasi, iqtisadi, sosial və hərbi iflasını şərtləndirməkdədir.
Bütün bunlar onu göstərir ki, Ermənilərin vətən anlayışı ilə bağlı fobiyası var. "Böyük Ermənistan'' xülyası da erməni saxtakarlıqlarına rəvac verən faktorlardan biridir. Balkanlardan Xəzərədək böyük bir coğrafiyaya iddia edən ermənilərin iki mühüm səciyyəvi xüsusiyyəti özünü göstərir. Birincisi, vətən anlayışının məhdudsuz coğrafi sərhədləri bu dini-simbioz birliyin hər hansı bir torpağa vətən olaraq bağlı olmadığını göstərir. İkincisi isə "böyük tarixi dövlət'' özü-özlüyündə böyük yalanların da uydurulmasına rəvac verir".
Ayyət Əhməd