Anar o qadını dəyişdi

Məşhur Peris Hilton da o paylaşmanı görüb kövrəldi
“Nəticənin necə olacağını özüm də bilmirdim. Xüsusi həssaslıqla onu makiyaj etməyə başladım. Amma o müddətdə güzgüyə baxmağına imkan vermədim. Tam bitdikdən sonra gözünü açmağını istədim”


Gözəl olmayan qadın yoxdu, baxımsız qadın var deyirlər. Bəlkə də belədir. Bu, təsəlli kimi də səslənə bilər, həqiqət kimi də görünər. Bir də həyatın acı taleyinin qurbanı olub, gözəlliyini bədbəxt hadisələrdə itirənlər olur. Belə qadınlar adətən psixoloji travmalar da aldığından güzgüyə baxmaqdan çəkinirlər. Onlara bir anlıq qadınlığını yenidən xatırlatmaq, bu həqiqəti qəbul etməklə güzgüyə yaxın gəlməkdən qorxmamaq üçün stimul verən məqamlar yaranır. Tanınmış stilist Anar Ağakişiyevin bu günlərdə paylaşımı bir qadına qadınlığını xatırlatmış oldu. Bədbəxt hadisə üzündən 11 yaşından bütün vücudu, üzü yanaraq tanınmaz olan qadın illərdi güzgüyə baxmaqdan çəkinib.

Cizgilərini belə xatırlamayan gənc xanım Anar Ağakişiyevə üz tutaraq onu bir neçə saatlıq olsa belə, gözəl görünməyi üçün qızıl əllərinə etibar etməyə qərar verib. Anar üzü tamamilə yanan qadının üzündə make-up edərək 11 il güzgüyə baxmayan qadına bəlkə bir də heç vaxt yaşaya bilməyəcəyi xoş anları yaşadıb. 

Anarın istedadlı, qızıl barmaqları üzü yanmış qadının bir anda o qədər dəyişib ki, make-up-dan sonra qadın gözlərini açanda gördüklərinə inana bilməyib. Anarın make-updan sonra qadın özünü güzgüdə görəndə göz yaşlarını saxlaya bilməyərək heyrətini gizlədə bilməyib.
Stilist Anar Ağakişiyevin sosial şəbəkədə paylaşdığı video səs-küyə səbəb olub.

O, 18 illik karyerasında ən çətin makiyajın məhz bu qadının üzərində etdiyini bildirib. "Şərq”ə danışan tanınmış stilist Anar Ağakişiyev bunları deyib: 

"Mən ilk növbədə onu qeyd edim ki, bir qadına bu sevinci yaşada bildiyim üçün çox xoşbəxtəm. Mən bir qadını dəyişmişdim. Bu xanım da o paylaşımı görüb mənə müraciət etdi. Bildirdi ki, 11 yaşında yanıb. Bədbəxt hadisədən sonra onun bədəni, üzü tamamilə yanıb. Dedi utanıram makiyaj edim. Amma cizgilərimi belə unutmuşam. Paylaşım etməkdən çəkinirəm. Bildirdim ki, həyatda sizin kimi bir çox xanımlar var, sizin bu paylaşımınız onlara da stimul verə biləcək. Həyatda bədbəxt hadisələr ola bilər. Amma həyat davam edir. Əsas odur yaşayırsız. Xanımı makiyaj etmək mənim üçün böyük məsuliyyət idi. Çünki cizgiləri, dərisi o qədər ağır dərəcədə yanıq izləri ilə diqqət çəkirdi ki, mən çox narahat qaldım. Amma xanıma o qədər həssaslıqla yanaşdım ki, heç bir halda həyəcanımı hiss etməyini istəmədim. Dərisi tonal kremi götürmürdü. 

Nəticənin necə olacağını özüm də bilmirdim. Xüsusi həssaslıqla onu makiyaj etməyə başladım. Amma o müddətdə güzgüyə baxmağına imkan vermədim. Tam bitdikdən sonra gözünü açmağını istədim. Çox qorxaraq, ehtiyatla gözünü açdı. Gördükləri onu heyrətləndirdi, həyəcandan gözləri doldu, göz yaşını saxlaya bilmədi. Bu, sevinc yaşları idi. İllər sonra o, özünü görə bilirdi. 

Dediyinə görə, cizgilərini xatırlamırdı. Ona görə də onun üzünü makiyaj etməyə başlayanda qaşının, gözünün çizgilərini təxmin etməyə çalışırdım. Nəticə göz önündədir. Çox şadam ki, ona bu sevinci bəxş edə bildim. Bu paylaşımım kifayət qədər marağa səbəb oldu. Dünyanın ən məşhur müğənniləri, make-up ustaları səhifəmdə müsbət rəylərini bildirdilər. Dünyaca məşhur Peris Hilton və digər məşhurlar bu paylaşıma reaksiyasız qalmadılar, kövrəldiklərini, ağlayaraq bu görüntüləri izlədiklərini qeyd etdilər. 3 milyon baxış, 14 mindən çox öz səhifəmdə rəy yazılıb. Bu, mənim üçün sevindirici hissdir. Mən elə bilirdim insanlar biri-birinə qarşı soyuyub, buzlaşıb. Amma bu paylaşımdan sonra bir də anladım ki, insanlıq ölməyib. İnsanları sevmək, onlara sevinc bəxş etmək qədər gözəl duyğu tanımıram. Bu təkcə mənim deyil, Azərbaycan adına əldə olunan uğurdu. Çünki bu paylaşımı bədxah qonşularımız da izləyib, hətta onlar belə təəccüblərini gizlədə bilməyərək rəy bildirirlər. Bu, Azərbaycanın uğuru idi”.

Xatırladırıq ki, Anarın 615 minlik instaqram səhifəsində yayımladığı video 3,4 milyondan çox izlənib. Onun paylaşımına dünyanın bir çox məşhurları şərh yazıb.

Onlar arasında dünyanın ən məşhur simalarından olan Peris Hilton da yer alıb. O, videoya çox kədərləndiyini bildirib: "Bu görüntü məni ağlatdı, hekayə mənə çox təsir etdi. Çox gözəldir”. Peris daha sonra Anarın instaqram səhifəsini izləməyə başlayıb.

Tahirə