İŞİD Türkiyənin sərhədinə dirənib
Rəsmi Ankaranın Amerikanın "İraq Şam İslam Dövləti”nə (İŞİD) qarşı yaratdığı koalisiyaya qatılmaqda tərəddüd etməsi onu daxili və xarici təzyiqlərlə üz-üzə qoyub. Xüsusən də ABŞ rəsmilərinin bu yöndə açıqlamaları səngimirdi. Ağ Ev hədə dolu bəyanatları ilə Türkiyəni birliyə qatılmağa sövq edirdi. Və nəhayət, istəyinə çatdı.
Belə ki, qonşu ölkə rəsmi Vaşinqton və tərəfdaşlarına terror qruplaşmasına qarşı hərbi əməliyyatlar zamanı öz ərazisində olan hərbi bazalardan istifadə etməyə razılıq verib. Məlumata görə, rəsmi Ankara eyni zamanda ölkə ərazisində həmin qruplaşmaya qarşı mübarizə aparan Suriya müxalifəti yaraqlıları üçün təlim bazasının yaradılmasına da razılıq verib. Bu arada AKP hökumətinə qarşı daxili basqılar da güclənməkdədir. Ölkənin Van bölgəsində PKK yaraqlıları hərbçilərə silahlı hücum ediblər. Bölgənin Saray rayonu ərazisində sərhəd bölgədə xidmət aparan hərbçilər PKK yaraqlıları tərəfindən pusquya salınıb. İriçaplı silahlardan açılan atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 1 leytenantı şəhid olub, 1 əsgər isə yaralanıb. Hadisə Türkiyə-İran sərhədi yaxınlığındakı Yamanyurt kəndi ərazisində baş verib. Ərazidə irimiqyaslı əməliyyat başlanılıb. Bir sözlə, Türkiyə daxili və xarici təzyiqlərin girdabına düşüb.
Türkiyənin durumunu şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq”ə açıqlamasında söyləyib ki, İŞİD Türkiyənin sərhədinə dirənib. Onun sözlərinə görə, rəsmi Ankara problemlər yaşayır: "Amma müharibəyə başlaya bilmir. Suriya ərazisindəki savaşa girişsə, İŞİD Türkiyəyə qarşı döyüşəcək. Digər tərəfdən, Ankaranın PKK problemi var. Həm də İŞİD PKK ilə savaşır. Türkiyə ilə "İslam dövləti” savaşarsa, PKK-nın mövqeləri möhkəmlənəcək”. Ekspertin qənaətincə, Türkiyə İŞİD-lə təkbaşına savaşmaq istəmir. Beynəlxalq birliyin də iştirakını gözləyir: "Təəssüf ki, Amerika və Avropa ölkələri Türkiyəni terror qruplaşmaları ilə təkbətək qoymaq niyyəti güdür. Anlamırlar ki, rəsmi Ankaranın zəifləməsi onların da maraqlarına ziddir”.
Türkiyənin böyük dövlət olduğunu söyləyən politoloq qeyd edib ki, qonşu ölkə belə sınaqlardan dəfələrlə üzüağ çıxıb: "AKP hökuməti radikal kürdləri yerində oturdacaq. Və Suriya məsələsində ən optimal variant tapıb, İŞİD-i neytrallaşdırılması istiqamətində beynəlxalq birliklə əməkdaşlığını yüksək səviyyəyə qaldıracaq”.
PKK-nın fəallaşmasına gəlincə, E.Şahinoğlu bəyan edib ki, onlar üçün təxribat lazımdır: "Birinci təxribat o zaman başladı ki, dəstənin siyasi qanadının rəhbəri çox yanlış olaraq, Azərbaycanın adını çəkib, insanları küçəyə çıxartdı. Anlamadı ki, bu, partlayışa gətirib çıxara bilər. Sonra özü də çəkindi. İndi vəziyyət səngiməyə doğru gedir”.
Siyasi təhlilçinin fikrincə, PKK Türkiyə üçün güc deyil: "Onlar güc idilərsə, İŞİD-lə döyüşərdilər. Suriyadakı hadisələr göstərdi ki, PKK-nın ancaq sözdə gücü var. Yalnız terror törədə bilir. İnsanları vahiməyə salır. Real savaşa gəldikdə, susurlar. Baxın, PKK rəsmi Ankaradan yardım istəyir. Buna baxmayaraq Türkiyə dövləti nə PKK-ya yardım edəcək, nə də İŞİD-lə təkbaşına savaşa girəcək. Bir optimal yol tapıb, sınaqdan uğurla çıxacaq”.
Ayyət Əhməd