Ankara Suriya ilə savaşa girməz

Türkiyə sərhəddində xəndəklərin qazılması İŞİD təhlükəsi ilə bağlıdır



Türkiyə-Suriya sərhəddində xəndək qazılır. Türk əsgərlərinin təhlükəsizlik məqsədilə qazdığı xəndəklərin genişliyi 3 metr, dərinliyi isə 2 metrdir. Həmçinin, əraziyə tank və top mərmiləri də yerləşdirilir.

Bəzi ekspertlərə görə, bu yaxınlarda Süleyman şah türbəsini köçürmək məqsədi ilə Suriya ərazisinə girən türk ordusu qarşı tərəfdən gələ biləcək təhlükəni aradan qaldırmaq üçün sərhəddə hazırlıq görür. Çünki Əsəd rejimi ölkə ərazisinə hərbi müdaxilə edən Türkiyəyə cavab veriləcəyini bildirib. Məsələni şərh edən Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri isə Türkiyə-Suriya qarşıdurmasını real görmür. Onun sözlərinə görə, rəsmi Ankara heç vaxt Suriya bataqlığına girməz: "Türkiyə yaxşı bilir ki, Suriya ilə savaşa başladığı təqdirdə qarşısında İranı və Rusiyanı görəcək. Əsəd rejiminin ayaqda durma səbəbi məhz Rusiya və İran dövlətidir. Türkiyə təkbaşına savaş edə bilmədiyi üçün müttəfiqlərindən, NATO-dan hərbi yardım istəyir. Amma bu yöndə siyasi qərar olmadığına görə sadəcə Əsədə qarşı vuruşan müxaliflərə dəstək verməklə kifayətlənir”.

Politoloqun fikrincə, sərhəddə tank və topların yerləşdirilməsi, xəndəklərin qazılması Suriya hökumətinə yox, İŞİD-ə qarşıdır: "Türkiyənin hərbi hazırlığı terrorçu islam dövləti ilə bağlıdır. Çünki rəsmi Ankara anlayır ki, İŞİD-lə sadəcə havadan mübarizə aparmaq absurddur. Ona görə də quru əməliyyatlarının keçirilməsi vacibdir”.

İsmayıl