Aprel savaşı vəziyyəti çox dəyişib

Ermənistanda qorxu var, ona görə cəfəng fikirlərlə cəmiyyətin başını qatırlar
Düşmən ölkəni yaxşı tanıyırıq. Əgər onlar dediklərini edə bilsəydilər, dərhal edərdilər, qətiyyən gözləməzdilər...





Ermənistanın siyasi-hərbi rəhbərliyi ötən ilin aprelində "4 günlük müharibə” zamanı məruz qaldığı uğursuzluğu hələ də unuda, həzm edə bilmir. İşğalçı tərəf atəşkəs dövründə ilk dəfə anladı ki, onun Qarabağ müharibəsindəki hərbi "qələbəsi” əslində qələbə deyil və istənilən an Azərbaycan ordusu hərbi revanş götürə bilər. İrəvan rəsmilərini ən çox narahat edən də bu qənaətin erməni ictimai şüurunda oturuşmasıdır.

Odur ki, bu ovqatı dəyişmək, erməni xalqını 2016-cı ilin aprelinədək olan duruma qaytarmaq üçün dəridən-qabıqdan çıxır, müxtəlif yalanlar uydururlar. Aprel hadisələrinin əhəmiyyətini kiçiltməyə, erməni ordusunun gücünü isə şişirtməyə çalışırlar. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyan iddia edib ki, guya ötən ilin aprelində Dağlıq Qarabağda azad edilən mövqeləri istənilən an geri qaytara bilərlər. Amma belə xırda məsələ üçün əsgərlərin həyatını riskə atmaq istəmirlər:

 "Əmin olun ki, erməni silahlı qüvvələri qoyulmuş vəzifələrin öhdəsindən gələ bilər”.
Düşmənin yalan təbliğatına münasibət bildirən politoloq Tofiq Abbasov deyib ki, aprel savaşından sonra vəziyyət inanılmaz dərəcədə Azərbaycanın xeyrinə dəyişib.

 Ekspert vurğulayıb ki, ermənilər buna inanmaq istəməsə də, reallıq düşməni inanmağa məcbur edir: "Ermənistan qorxduğu üçün vaxtaşırı Rusiyaya və digər himayədarlarına "təpinirlər” ki, onlar Azərbaycana təzyiq göstərsinlər, bizə silah satmasınlar və s. Düşmən ölkə Azərbaycanın səbr kasasının daşmasından çox narahatdır. Ona görə uydurma tezislərlə, cəfəng fikirlərlə erməni cəmiyyətini aldatmaq istəyirlər. Digər tərəfdən isə Azərbaycana psixoloji təsir etməyə, xof yaratmağa cəhd edirlər. Ancaq biz buna əhəmiyyət vermirik, çünki düşmən ölkəni yaxşı tanıyırıq. 

Əgər onlar dediklərini edə bilsəydilər, dərhal edərdilər, qətiyyən gözləməzdilər. Artıq heç bir dövlət Ermənistanı tam dəstəkləmir, çünki ermənilər onlara problemdən başqa heç nə vermirlər. Həm Azərbaycan, həm də Ermənistan prezidentlərinin beynəlxalq tribunalardakı çıxışlarına, səsləndirdikləri ifadələrə nəzər salaq. Prezident İlham Əliyevin çıxışları nə qədər məntiqli, tutarlı və təsirlidirsə, erməni rəhbərinin sözləri də o qədər məntiqsiz, uydurma və gülüncdür. Erməni rəsmiləri utanmadan deyirlər ki, "əgər Azərbaycan tutduğu əraziləri geri qaytararsa, onlar danışıqları bərpa edəcəklər”. Çox absurd ifadədir və Azərbaycanda hamı belə sözləri ciddiyə almır. Hərbi cəhətdən Ermənistan tərəfi Azərbaycanın qarşısında çox çılpaq görünür”.

İsmayıl