Aprel savaşının davamı gözlənilir




Dağlıq Qarabağ probleminin həll olunmamış qalması sövq-təbii Azərbaycanı - ərazisinin 20 faizi işğala məruz qalan ölkəni öz hərbi qüdrətini artırmaq zorunda qoyur. Prezident İlham Əliyevin bu xüsusda Nazirlər Kabinetinin son toplantısında söylədikləri təcavüzkar Ermənistana və onun havadarlarına xəbərdarlıq sayıla bilər. Bu, həm də onun anonsudur ki, müharibə hələ bitməyib, Bakı işğal rejimi ilə sonsuzadək barışmaq niyyətində deyil və işğalçı tərəf ərazilərin geri qaytarılması haqda ciddi düşünməlidir.

Prezidentin bu mövzuda fikirləri xarici medianın da diqqətini çəkib. Rusiyada nəşr olunan nüfuzlu "Nezavisimaya Qazeta” Azərbaycanın öz hərbi potensialını artırmaq məqsədi ilə gördüyü əlavə tədbirlərdən və hərbi xərcləri artıracağından yazıb. Nəşrin yazdığına görə, bu vəsaitlərin sanballı hissəsi yeni silahlar və hərbi texnikanın alınmasına sərf olunacaq. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin toplantısındakı çıxışına istinad edən qəzet sonda rəsmi Bakının ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsi və öz hərbi potensialını artırmağa bunca böyük vəsaitlər ayırmasını həll olunmamış Dağlıq Qarabağ konflikti ilə əlaqələndirib: "Ekspertlərə görə, bu problem öz həllini tapmayınca, Azərbaycan öz silahlı qüvvələrini gücləndirmək zorunda qalacaq və əgər sülh danışıqları gözlənilən nəticələri verməzsə, Bakı işğal altındakı əraziləri hərbi yolla azad etmək hüququnu özündə saxlayır”. Qeyd edək ki, danışıqlar səmərə verməzsə, yeni müharibənin mümkünlüyü məsələsi analitik mərkəzlərdə də ciddi təhlil mövzusudur. Londondakı "Janes İntelligence” analitik mərkəzinin müdafiə və təhlükəsizlik məsələləri üzrə aparıcı eksperti Lilit Gevorqyan bu xüsusda hərbi əməliyyatların bərpasını yüksək ehtimallı hesab edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ nizamlanmasında erməni tərəfi yeni baxışa, azad seçkilər nəticəsində formalaşan və Rusiyaya müqavimət göstərə biləcək hakimiyyətə ehtiyac duyur (müsavat.com).

"Nezavisimaya Qazeta”da Dağlıq Qarabağda müharibənin qaçılmaz olacağını özündə əks etdirən təhlili yazı ilə bağlı "Şərq”ə açıqlama verən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov Qarabağ cəbhəsində aprel döyüşlərinin davamının istisna olunmadığını deyib:

"Ruslar özləri də çox gözəl bilirlər ki, Azərbaycan bu vəziyyətlə barışmayacaq və artıq xalqın səbr kasası daşmaq üzrədir. Dövlətimiz Dağlıq Qarabağ münaqişəsi istiqamətində uzun illər dözüm və səbr nümayiş etdirdi və gözlədi ki, ATƏT-in Minsk Qrupu Ermənistanı başa salacaq ki, beynəlxalq hüquq normalarına əməl etsin və Azərbaycanın işğal altında qalan torpaqlarını azad etsin. Amma ötən 25 il ərzində bu baş vermədi. 2016-cı ilin aprel ayında baş verən hadisələr zamanı da Rusiyanın aktiv fəaliyyəti nəticəsində Azərbaycan düşməni tam şəkildə cəzalandıra bilmədi. Halbuki biz sadəcə erməni təxribatının qarşısını almışdıq və sərhəddə olan hərbiçilərimizin müdafiəsi üçün bir neçə əlavə döyüşçü atışmalara cəlb olunmuşdu. Yəni Azərbaycan bütün döyüş arsenalını əməliyyatlara cəlb eləməmişdi”.

Ekspertin sözlərinə görə, ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin sonuncu yığıncağında xüsusi olaraq vurğuladı ki, Azərbaycanın gözləntiləri sonsuza qədər davam etməyəcək və Azərbaycan mütləq mənada öz ərazi bütövlüyünü təmin etmək üçün lazım olan addımları atacaq:

"Rusiya da bilir ki, Azərbaycan bu qədər silahı tamaşa göstərmək və yaxud muzeydə saxlamaq üçün almır. Təbii ki, ərazi bütövlüyümüz bərpa olunandan sonra bir sıra ölkələr kimi Azərbaycan da artıq qalan hərbi texnikanı ehtiyacı olan ölkələrə təklif edəcək. İndiki halda isə Azərbaycan işğal altında qalan torpaqlarını azad etmək üçün heç bir məsrəfdən boyun qaçırmır və istənilən şərtlər daxilində Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcək. Ölkəmizin bu tələbi dəfələrlə ölkə başçısı, xarici işlər və müdafiə nazirləri səviyyəsində dünya ictimaiyyətinin diqqətinə çatdırılıb”.

Ü.Cəfərovun sözlərinə görə, "Nezavisimaya Qazeta”da verilən təhlil o mənada həqiqətə uyğundur ki, Prezident İlham Əliyevin son bəyanatları Ermənistandakı mifi dağıtmağa hesablanmışdı.

Ötən ilin 21 sentyabrında İrəvanda keçirilən hərbi paraddan sonra ermənilər xeyli qudurmuşdu. Az qala gecə-gündüz "İsgəndər” raketləri ilə əlaqəli hədyanlar səsləndirirdilər. Ölkə başçısı isə son çıxışında öz müdafiəsini təmin etmək üçün Azərbaycanın bütün imkanlara sahib olduğunu bəyan etdi. Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər gücü var. Ordumuzun arsenalında olan xeyli sayda silah-sursat hələ heç yerdə nümayiş olunmayıb.

Nazirlər Kabinetinin yığıncağından cəmi iki gün sonra Ali Baş Komandanın Naxçıvana səfər etdiyini vurğulayan ekspert səfər çərçivəsində ölkə başçısının Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissəsinə baş çəkməsinin də təsadüfi olmadığını deyib: "Orada Türkiyənin "Roketsan” şirkətindən alınan ən son "Qasırğa” tipli raket sistemi modelini bütün dünyaya nümayiş etdirdi. 

Hansı ki, bu raket sözün həqiqi mənasında Ermənistanın yuxusuna haram qatıb. Azərbaycanın dünyada analoqu olmayan 4-cü nəsil silaha sahib olması onları ciddi qorxuya salıb ki, nə onlara "İsgəndər”, nə də əllərindəki digər hərbi texnikaları kömək edəcək. Bizim aldığımız, ancaq nümayiş etdirmədiyimiz o qədər silahlarımız var ki, istifadə edəcəyimiz təqdirdə düşmənin külü belə ələ gəlməz! Yaxşı olar ki, ermənilər "Nezavisimaya Qazeta”da gedən təhlildən ciddi bir nəticə çıxartsınlar. 2017-ci il artıq Ermənistana verilən limitin son həddidir. Ya onlar öz xoşları ilə Qarabağı boşaldacaqlar, ya da Azərbaycan güc tətbiq edərək ərazi bütövlüyünü bərpa edəcək. Qısası, Azərbaycanın "qum saatı” artıq işə düşüb, düşmən otursun yerində və yaxşı-yaxşı düşünsün”.

Şəymən