Aqşin Yenisey: “Bu gün ədəbiyyatımız əxlaqsız qadın obrazları ilə doludur”

“Onda belə çıxır ki, əsərində pozğun qadın obrazını canlandıran müəllifin özü də əxlaqsızdır?!”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevin "satanist yazarlar” ifadəsi ədəbi camiədə birmənalı qarşılanmayıb. Azərbaycan Yazıçılar Birliyini və Milli Kitab Müsabiqəsini tənqid edən R.Əliyev mükafata layiq görülən kitablar arasında satanizm ideyalarını təbliğ edən əsərlərin olduğunu deyib.
Alim konkret ad çəkməsə də, AYB-nin katibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid söhbətin repçi və yazıçı Elxan QaraQandan, daha doğrusu, onun "A” romanından getdiyini bildirib. Amma R.Məcid keçmiş komitə sədrindən fərqli olaraq hesab edir ki, hansısa romanda satanistlərin yer alması müəllifin satanist olması deyil. Onun fikrincə, obrazın diliylə verilən düşüncələri yazara aid etmək olmaz. R.Əliyevin ittihamlarına münasibət bildirən tanınmış gənc şair Aqşin Yenisey deyib ki, hansısa əsərdə satanist ideyaların olması, ümumiyyətlə, din və ateizm məsələlərinin yer alması müəllifin təxəyyülünün məhsuludur. Şairin fikrincə, ədəbiyyata bu cür yanaşmaq düzgün deyil: "Heç kim diktə edə bilməz ki, ədəbiyyat mütləq özündə dini motivləri və ya əksinə, ateist düşüncələri ehtiva etməlidir. Ədəbiyyatda istənilən mövqeyi müdafiə edən obrazalar ola bilər. Bu gün ədəbiyyatımız əxlaqsız qadın obrazları ilə doludur. Onda belə çıxır ki, əsərində pozğun qadın obrazını canlandıran müəllifin özü də əxlaqsızdır?! Ədəbiyyatda nə varsa, onların hamısı həyatdan götürülüb. Əgər həyatdan bu şeyləri söküb ata biliriksə, onda ədəbiyyatdan da ataq. Həyatda xoşagəlməz ünsürlər, qəbulolunmaz hadisələr eyniylə ədəbiyyatda əksini tapmalıdır. Çünki real həyatdan uzaqlaşan ədəbiyyat mövhumata və ehkama çevrilir. XIX əsrdə yazarlarımız romantik duyğulardan bəhs edən klassik şərq ədəbiyyatına qarşı çıxırdılar. Çünki ədiblər bu cür əsərlərin reallıqdan uzaq olduğunu düşünürdülər. Mən Rafiq bəyin münasibətini ədəbiyyatdan uzaq bir yanaşma kimi dəyərləndirirəm. Düşünmürəm ki, o, kifayət qədər ədəbiyyata və onun prinsiplərinə bələd olan bir şəxs kimi danışıb”. A.Yenisey mükafatlandırma ilə bağlı deyilən iradlarla ümumən razılaşdığını deyib: "Milli Mükafat Müsabiqəsində ədəbiyyat meyarları həddindən artıq şəxsi münasibətlər üzərində götürülürdü. Orada mükafatın verilməsi, seçilən əsərlər və müəlliflər əsl ədəbiyyat kriteriyalarına xidmət etmirdi. Mən mükafata əsər təqdim edənlərin hamısını tanıyırdım. Onlarla söhbətdə şahidi oldum ki, yazarlar əvvəlcə yerlərini müəyyənləşdirir, daha sonra əsərlərini göndərirdilər. Yəni əvvəlcə münsiflərə deyirdilər ki, əgər əsərə mükafat verəcəksinizsə, romanlarımızı sizə təqdim edək”.
Yazar Qan Tural da düşünür ki, heç bir yazıçı öz mövqeyini, dünyagörüşünü və əqidəsini ədəbiyyata sirayət etdirməməlidir: "Yazarların öz mövqeyi ola bilər. Onlar satanist, islamçı, ateist, hətta İŞİD-çi də ola bilərlər. Amma əsas məsələ müəllifin öz şəxsi baxışını əsərinə əks etdirməməsidir. Yazar bədii əsər yazanda müstəqil mövqedən çıxış etməlidir. Çünki ədəbiyyat öz fikirlərini yaymaq meydanı deyil. Bunun üçün daha məqbul və daha operativ vasitələr var. İstənilən şəxs media vasitəsi ilə görüşlərini yaya, təbliğ edə bilər.
XX əsrin əvvəllərinə qədər ədəbiyyat "döyüşən səngər” hesab olunurdu. Məsələn, Maksim Qorki kommunist inqilabının ən parlaq simalarından sayılırdı. Azərbaycan ədəbiyyatında məşhur şairlərdən olan Nəsimi isə hurifilik dini cərəyanının əsas təbliğatçısı idi. Amma get-gedə bəşəriyyət gördü ki, ədəbiyyatı təbliğat vasitəsinə çevirmək olmaz. Sovet dövrünün praktikası da sübut etdi ki, təbliğat vasitəsinə çevrilən ədəbiyyat necə təhlükəli və bayağı olur”.
Buna baxmayaraq gənc yazar hesab edir ki, yazıçı ilə onun qəhrəmanının dünyagörüşünü fərqləndirmək lazımdır: "Mən Elxan Qaraqanın bəhs edilən romanını oxumuşam. Orada satanist ideyalarının təbliği yoxdur. Hesab edirəm ki, yazıçının şəxsiyyəti ilə yaratdığı obrazı eyniləşdirmək yanlışdır. Şair Qabil "Nəsimi” haqqında əsər yazıb, Qabil hara, Nəsimi hara? Çoxlu belə paralellər apara bilərik. Əsərlərində yer alan hansısa obraza, obrazın fikirlərinə görə, yazıçını ittiham etmək düzgün deyil. Çünki yazıçı bir neçə obraza girə bilir. Hansı ki, həmin obrazlar arasında ziddiyyət, münaqişə olur. Fikrimcə, obrazın məsuliyyətini yazıçının üzərinə qoymaq olmaz”.
İsmayıl