Artıq gecdir, faizlər artıb

Problemli kreditlərlə bağlı tədbir vaxtında görülməli idi
“Vətəndaşın hətta məsuliyyət 3 yerə bölünəcəyi halda məbləği ödəyə bilməməsi baş verə bilər. Bu zaman dövlətin üzərinə daha böyük yük düşəcək”



Əhali və banklar üzərində böyük yükə çevrilmiş problemli kredit məsələsinin həll olunacağı gözlənilir. Millət vəkili Vahid Əhmədov bildirib ki, 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinib.

Deputatın sözlərinə görə, prezident tərəfindən daxil olan təklif Parlamentdə qəbul olunub və sığorta amnistiyasına gedilib. Amnistiyaya əsasən, 386 milyon manat borc faktiki olaraq silinib.

V.Əhmədov dollar kreditləri ilə bağlı məsələyə də toxunub: 

"Son vaxtlar dövlət başçısı humanist addımlar atır. Parlamentin son iclasında da sığorta amnistiyası ilə bağlı qanunu qəbul etdik. 386 milyon manata yaxın ödənilməyən sığorta vəsaiti silindi. Belə bir addımın dollarla verilmiş kreditlərlə əlaqədar atılması da çox vacibdir. Bu dəqiqə məhkəmələrdə 100 minlərlə iş var. Biz həmin vəsaitin tam dövlətin üzərinə qoyulmasını da istəmirik. Bununla əlaqədar Əli Məsimli ilə birgə 14 səhifəlik təkliflər vermişik. Orda Azərbaycan dövləti, Mərkəzi Bank və vətəndaşlar arasında bölüşdürmüşdük ki, hərəsi təxminən 25 faiz ödəməklə birdəfəlik bağlaya bilər”.

Problemli kreditlərin dövlət, bank və vətəndaş arasında bölüşdürülməsi ilə bağlı fikirlərini "Şərq”lə bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bir neçə il bundan öncə eyni təkliflə çıxış etdiyini söylədi. Ekspertin sözlərinə görə, bu prosesə bir neçə il bundan öncə başlanılsaydı, nəticələr daha ürəkaçan ola bilərdi:

"İkinci devalvasiyadan sonra məsuliyyətin 3 tərəf arasında bölünməsi prinsipini təklif eləmişdik. Bank, vətəndaş və dövlət arasında məsuliyyətin 3 yerə bölünməsi yolu ilə problemli kreditlərin xeyli yüngülləşdirilməsi mümkün idi. İndi bu proses daha da ağırlaşıb.

 O zaman problemli kreditlərin həcmi 9 faiz civarındaydı, indi isə 15 faizi keçib, həmin kreditlərə kifayət qədər faiz hesablanıb. Kreditlərin faizləri artdıqca, məsuliyyət bölünərkən vətəndaş, dövlət və bankın xərclədiyi vəsaitin də həcmi artır. Əgər bu problem indi həll olunmayacaqsa, gələcəkdə həm dövlət, həm də banklara baha başa gələcək”.

N.Cəfərlinin sözlərinə görə, əgər dövlət problemli kreditlərin ödənilməsi ilə bağlı məsuliyyəti üzərinə götürəcəksə, maliyyə mənbələri tapılmalıdır: 

"Buna görə də büdcədən banklara müəyyən ödənişlər olmalıdır. Yaxud da bankların vergi yükünün azaldılması yolu ilə, məsələn, banklar nə qədər pul itirəcəklərsə, onu vergilərindən çıxmaq yolu ilə etmək mümkündür. Yeganə problem ondan ibarətdir ki, indi problemli krediti olan vətəndaşların ödəniş imkanları kifayət qədər məhduddur. Kreditlərin həcmi artdığı üçün hətta 3 yerə bölünsə belə vətəndaşın üzərinə kifayət qədər böyük yük düşəcək. 2-3 il bundan qabaq bu prinsip yerinə yetirilsəydi, indi vəziyyət o qədər də çətin olmazdı.

 Dollarla olan kredit borcları 2 dəfəyə kimi artıb. Vətəndaşın imkanının olub-olmaması məsələsi gündəmə gələcək. Nəticə etibarı ilə vətəndaşın hətta məsuliyyət 3 yerə bölünəcəyi halda məbləği ödəyə bilməməsi baş verə bilər. Bu zaman dövlətin üzərinə daha böyük yük düşəcək. Ona görə də ilk olaraq bu mexanizmin maliyyə mənbələri tapılmalıdır. İkinci məsələ odur ki, banklar da üzərinə götürə biləcəyi 30 faizin mənbəsini müəyyənləşdirməlidir. 

Həmçinin vətəndaşların ödəmə qabiliyyətinə baxmaq lazımdır ki, üzərinə götürdüyü 30 faiz öhdəliyi vətəndaş ödəyə biləcək, yoxsa yox. Düşünürəm ki, bu problemlər həll olunsa, gələcəkdə daha kəskin bir vəziyyətin yaranmasının qarşısını almaq mümkün ola bilər”.

Yeganə Bayramova